Azərbaycan ordusu kritik nöqtələrdə: İlk tərpənişdə məhv ediləcək

Azərbaycan ordusu kritik nöqtələrdə: İlk tərpənişdə məhv ediləcək “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Sülhdən yayınan Ermənistan sürətlə silahlanır. Prezident İlham Əliyev bununla bağlı Ermənistan və onu silahlandıran bəzi Qərb dövlətlərinə xəbərdarlıq da etdi. Sizcə, durum niyə gərginləşir? Halbuki yaxın vaxtlara qədər müqavilənin tezliklə imzalana biləcəyinə dair inam vardı.

- Ola bilsin, Nikol Paşinyandan belə bir yanlış təsəvvür formalaşıb ki, vaxtı uzatsa, ABŞ və Fransanın dəstəyi artacaq və kifayət qədər silahlanarsa, Azərbaycanla danışıqlarda üstünlük qazana biləcək. Çünki indi məğlub ölkənin rəhbəri kimi Azərbaycanın şərtlərini qəbul eləməlidir. Amma düşünür ki, vaxtı uzatsa, Azərbaycanın şərtlərini qəbul etməyə də bilər. Bu, əsasən də Konstitusiya dəyişikliyi ilə bağlıdır, bunu da uzatmağa çalışır.

Yanlış məntiqdir, Ermənistana nə qədər silah-sursat verilsə də, Azərbaycanla ayaqlaşa bilməyəcək. Bakıda keçirilən hərbi sərgi də göstərdi ki, Azərbaycanın kifayət qədər silahları var, yeni təyyarələr də alırıq (artıq Pakistandan göndərilib - red.). Yəni imkanlarımız Ermənistandan daha genişdir.

Ermənistanın pozucu səyləri bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Prezident İlham Əliyevin parlamentdəki çıxışı da buna əyani sübutdur ki, Ermənistanın silahlanmasına seyirçi qalmayacağıq.

- İrəvanın vaxtı uzatmaq cəhdlərində revanş istəkləri də varmı, yəni Qərbdən alınan silahlar ermənilərdə belə bir avantürist məqsəd formalaşdıra bilərmi?

- Buna inanmıram. Çünki elə bir zərbə alıblar ki, növbəti müharibə haqda düşünə bilməzlər. Düzdür, arada oradakı radikallar qışqırıb-bağırırlar, hansısa keşiş (Baqrat Qalstanyan) deyir ki, “intiqam almalıyıq, Qarabağa qayıtmalıyıq” və sair. Amma reallığı da yaxşı anlayırlar. Nə qədər silahlansalar da, ordularının sıralarını nə qədər genişləndirsələr də, Azərbaycanla ayaqlaşmaq mümkün deyil. Üstəgəl, Azərbaycan 10, Ermənistan 2 milyondur, bütün rəqəmlər baxımından bizdən geri qalırlar.

Rəsmi rəqəmlərə görə, İkinci Qarabağ Müharibəsində 5 minlik canlı qüvvə itiriblər. Növbəti müharibədə daha çox itirəcəklər. Çünki Azərbaycan ordusu şərti sərhəddəki bütün strateji yüksəkliklərə də nəzarət edir. Revanş cəhdləri olsa, bu yüksəkliklərdən bütün hərbi hədəflərə zərbələr endiriləcək. Yəni Paşinyan və komandası bütün bunları nəzərə alıb, belə bir avantüraya getməz.

Bəlkə nə vaxtsa Ermənistanda hakimiyyət dəyişsə, Köçəryan və Sərkisyana bənzər kimlərsə gəlsə, o zaman hansısa revanşdan danışa bilərlər. Amma o zaman da müharibə ehtimalı az olacaq. Bununla belə, lokal toqquşmalar mümkündür. Ermənistanın silahlanması, elə Paşinyanın özünün etiraf etdiyi kimi, ordudakı “5-ci kolon”un varlığı müəyyən təxribatlara yola aça bilər. Belə bir durumda lokal toqquşma ehtimalı istisna deyil.

- ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülh prosesinə dəstəyini ifadə elədi, Ermənistan Baş naziri Nikol Paşinyanla da görüşdü. Həmçinin o, BMT tribunasında bəyan etdi ki, Türkiyə Azərbaycanın bütün təhlükəsizlik narahatlıqlarını nəzərə almağa davam edəcək. Ərdoğanın bu mesajını necə şərh etmək olar?

- Həm Türkiyə prezidentinin BMT tribunasında, həm də Paşinyanla görüşündə dediklərini belə oxumaq olar ki, Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Böyük ehtimalla Ərdoğan Paşinyanı başa salıb ki, sülh sazişi imzalanmasa, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq, sərhəd açılmayacaq və diplomatik münasibətlər qurulmayacaq.

Bütün məsələlərin həlli Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, demək, Ermənistan Konstitusiyasında dəyişiklikdən keçir. Bu olmadan bölgədə sülh və əməkdaşlıq mümkün olmayacaq. Hesab edirəm ki, Ərdoğan Paşinyana bunları başa salıb.

- Nikol Paşinyan sanki Azərbaycanla müqayisədə Türkiyə ilə əlaqələrin normallaşmasına daha çox həvəs göstərir. Bu, nədən irəli gəlir?

- Düşünür ki, Türkiyə ilə məsələləri həll etmək daha rahatdır. Çünki Türkiyə ilə sülh müqaviləsi imzalamağa ehtiyac yoxdur, sərhəddə yenidənqurma işi aparılıb və yollara asfalt çəkiblər. Bir saatın içində sərhəd açıla və ticarət başlaya bilər. Amma Paşinyan anlamır ki, Türkiyə hökumətinin bunlar üçün mövqe və qərarları bəllidir - İrəvan ilk növbədə Azərbaycanla məsələləri həll etməlidir.

Ərdoğan və Türkiyə Paşinyana bu mesajı verib. Artıq Paşinyan anlamalıdır ki, Azərbaycanla məsələləri həll etmədən Türkiyə ilə normallaşma mümkün olmayacaq. Yəni o düşünürsə ki, Türkiyə ilə əlaqələri normallaşdırmaq daha asandır, yanılır.

Otuz illik işğal dövründə Türkiyənin mövqeyi bəlli idi. Birincisi, işğala son qoyulmalı idi. İşğala son qoyulduqdan sonra da Türkiyənin mövqeyində heç nə dəyişmədi. Türkiyə yenə də Azərbaycanı ön planda tutur, sülh müqaviləsi imzalanmadan Ermənistanla əlaqələri normallaşdırmaq istəmirlər.

Türkiyənin Ermənistana başqa bir tələbi də var: Zəngəzur dəhlizi. Bu dəhliz də Türkiyə üçün vacibdir. Türkiyə rəsmilər tez-tez bunu da erməni həmkarlarının diqqətinə çatdırırlar.

- ABŞ prezidentliyinə namizəd Kamal Harris ölkəsində yaşayan ermənilərə müraciət etdi. ABŞ liderliyinə iddialı olan bir şıxs niyə nəhəng Amerika toplumunda bir ovuc ermənini ayrı tutur? Məsələn, niyə onun rəqibi Donald Tramp ermənilərə belə bir müraciətə ehtiyac duymadı və ya duymur?

- Tramp bundan öncəki seçkilərdə də ermənilərin dəstəyinə ehtiyac duymamışdı. Yəni Trampın o zaman da erməni lobbisinə heç bir bağlılığı yox idi, bu gün də yoxdur.

Bu, Demokratlar Partiyasının adətidir, həmişə ermənilərin səslərinə ümid edirlər. Amerikada yaşayan ermənilər də adətən bütün seçkilərdə Demokratlar və onların namizədlərinə üstünlük verirlər.

Hazırda Kamala Harris Trampla başabaş gedir, istəyir ki, ABŞ-da yaşayan bütün ermənilərin səsini qazansın. Bu mənada da Trampdan fərqli olduğunu göstərməyə çalışır. Yəni göstərir ki, “Tramp ermənilərə müraciət eləmir, amma mən edirəm, mən seçilsəm, sizin maraqlarınızı nəzərə alacam”.

Bayden də elə deyirdi. Konqresmen olanda belə fikirlər səsləndirirdi, düzdür, prezident seçildikdən sonra “erməni soyqırımı” ifadəsini işlətdi, amma reallıq bundan ibarətdir ki, Türkiyə ilə əlaqələri qoparmaq Amerikanın özünün zərərinədir. İndi Harris də ermənilərə hansısa vəd verəcək, Bayden kimi seçilsə, “erməni soyqırımı” ifadəsini işlədəcək, amma daha irəli getməyəcək.

Halbuki erməni lobbisinin dəstək verdiyi namizədlərdən başqa tələbləri də olur. Bura Azərbaycan və Türkiyəyə qarşı sanksiyalar və digər tələblər daxildir, Vaşinqton heç vaxt bu addımları atmayacaq.

- “Amerikada yaşayan ermənilərin səsi” məsələsi hər seçkidə müzakirə olunur. Bu ermənilərin səsi nə qədər həlledicidir ki, hər dəfə onlara dəstəyə “ehtiyac” yaranır?

- Əlbəttə, namizədlər bərabər rəqabət şəraitində mübarizə apardıqda, bu səslərin əhəmiyyəti olur. Belə durumda 2-3 min səsin də önəmi var. Amerikanın seçki tarixində belə hallar olub, 2-3 min səs prezidentin kimliyini müəyyənləşdirib. Məsələn, Corc Buşla Albert Qor arasındakı mübarizə başabaş getmişdi. Çox cüzi səs çoxluğu Buşun xeyrinə olmuşdu. İndiyədək də müzakirə olunur ki, bəlkə də Qor qələbə qazanmışdı, bir neçə yüz səsi hesablanmamışdı. Belə bir şəraitdə ermənilərin səslərinə də əhəmiyyət verilir, çünki onların səsləri də az deyil. Elə Kaliforniya ştatında onminlərlə erməni yaşayır.

Hansısa namizədin digərindən üstünlüyü olardısa, bu səslərə ehtiyac yaranmazdı. Amma indi Harris və Trampın reytinqləri bərabərdir, buna görə də ermənilərə müraciət elədi.

Konqres seçkilərində də bu, vacib hesab edilir. Məsələn, Kaliforniyada hansısa namizəd Konqresə seçilmək istəyir, o başa düşür ki, ermənilərin səslərini qazanmaqla qələbəsini daha rahat təmin edə bilər. Üstəgəl, ermənilər ABŞ-da siyasi baxımdan da aktivdirlər. Bəzi etnik qruplar Amerikada yerləşdikdən sonra siyasətə o qədər də maraq göstərmirlər, təşkilatlanmırlar. Amma yüz il əvvəl Fransa və ABŞ-da məskunlaşan ermənilər təşkilatlanıblar, siyasi cəhətdən aktivdirlər və proseslərə təsir etməyə çalışırlar.

- Harris müraciətində “Qarabağ ermənilərinin hüquqları”ndan da söz açır. Məsələ bundan öncə ABŞ Senatında da müzakirə olunub, Kanada və Hollandiya bu yöndə bəyanat verib. Son dövrlərdə niyə Qərbin bəzi dövlətlərində bu bitmiş məsələnin üstünə yenidən getməyə başlayıblar?

- Bəli, bəzi mərkəzlər bu məsələni müzakirəyə çıxarmağa çalışırlar, halbuki bu bitib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağda erməni də yoxdur, könüllü gediblər. Maraqlıdır ki, heç Ermənistan hökuməti və cəmiyyəti bu məsələni qaldırmır, onlar üçün də bitib. Amma hansısa mərkəzlər sanki onları qızışdırırlar, bu da ölkələrindəki ermənilərin səslərini qazanmaq istəkləri ilə bağlıdır. Bunu Ermənistanı düşündüklərinə görə eləmirlər.

Burada Qarabağ separatçılarının da rolları var, son vaxtlarda fəallıqlarını artırıblar. Ötən il Azərbaycan ordusu Qarabağa daxil olanda tez qondarma strukturlarını buraxdıqlarını elan elədilər, amma İrəvana köçdükdən sonra dedilər ki, “buraxmırıq, yenidən fəaliyyətə başlayırıq”.

Son bir neçə ayda yenidən fəallaşıblar. Bu fəallaşma da onunla bağlıdır ki, pula ehtiyacları var. Çünki Ermənistan hökuməti bu separatçı tör-töküntülərə pul ayırmır. İndi öz “varlıq”larını göstərməyə çalışırlar ki, Qərb fondları və xaricdəki erməni lobbisindən pul qopara bilsinlər. Buna görə ABŞ Konqresinə də müraciət ediblər, guya hüquqları pozulub. Halbuki ötən ol ermənilər Qarabağdan gedəndə biz dedik ki, Azərbaycan vətəndaşlığını qəbul edib yaşayın. İstəmədilər.

Qarabağdan gedəndə birinin də burnu qanamadı. Amma bilməliyik ki, bizə qarşı bu cür fəaliyyətlər olacaq, hazır olmalıyıq. Əlbəttə, bizim də Qərbdə dost və tərəfdaşlarımız var. Belə fəaliyyət və çağırışlardan narahat olmağa dəyməz. Əsas odur ki, biz məsələni həll eləmişik. Başqaları nəsə eləməyə çalışırlarsa, eləsinlər, it hürər, karvan keçər.

Kamala Harrisin nəsə deməyiylə deyil, məsələ bitib. Erməniləri Azərbaycan vətəndaşlığı qəbul edilmədən, zorla Qarabağa köçürmək halları yoxdur, belə bir qanunsuzluğa imkan verməyəcəyik. Bölgədə Azərbaycan reallığı var. Azərbaycan inkişaf edib, güclü dövlətdir. Azərbaycanın mesajı budur ki, kim Cənubi Qafqazda maraqlarını qorumaq və təmin etmək istəyirsə, onunla əməkdaşlıq etməlidir. Bunun Fransa kimi nümunəsi var. Fransa Azərbaycanla münasibətləri korladı, yalnız Azərbaycan üzərindən bölgədə möhkəmlənmək istədi, heç nə alınmadı. Halbuki Fransanın Azərbaycanla normal münasibətləri vardı. Körpüləri yandırdılar, bundan itirən Fransa oldu. Məsələn, görüşlər Fransada keçirilmir, artıq Parisin vasitəçiliyi mümkün deyil. Çünki bunu Azərbaycan istəmir. İndiyədək Almaniyada bir neçə görüş olub, çünki Berlin tərəfsizliyini qoruyur. Amma Fransa itirdi.

Tehsil-press.az

Oxşar xəbərlər