Ermənilər təhlükəni başa düşüblər- zaman artıq Azərbaycan üçün işləyir

Ermənilər təhlükəni başa düşüblər- zaman artıq Azərbaycan üçün işləyir Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycana aid dörd kənddən çəkilməyə hazır olduğuna bir daha işarə edib.

Aprelin 10-da parlamentdə çıxış edən Paşinyan deyib:

"Ermənistan Azərbaycanla sərhəd delimitasiya və demarkasiyasının Ermənistan Respublikasının Tavuş mərzi ilə Azərbaycan Respublikasının Qazax rayonu arasında dörd kəndin olduğu yerdən başlanmasının əleyhinə deyil”.

Baş nazir həmçinin “real Ermənistanı” “tarixi Ermənistanla” müqayisə edərək bildirib ki, beynəlxalq sərhədləri arasında tanınan “real Ermənistan” “tarixi Ermənistana” uyğun gəlmir və hətta onunla ziddiyyət təşkil edir:

“Real və tarixi Ermənistanlar arasında demarkasiya prosesi (Azərbaycanla sərhədin demarkasiyasından) daha ağrılıdır, çünki bu proses hər birimizin içindən keçir və gözlənilməz layları və nüansları üzə çıxarır”.

Paşinyan bu sözlərini konkret bəyanatla ifadə edib:

"Tarixi Ermənistan" real Ermənistanın ərazi bütövlüyünü tanımır”.

Ekspert Natiq Cəfərli məsələyə bu cür şərh verib:

"Paşinyan erməni xalqının mental, xəyal dünyasının “təmir” edilməsi üçün son şansdır. O, çox vacib bəyanatlar verib, 4 kəndi qaytaracaqlarından, Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağın vacibliyindən danışıb.

Amma ən maraqlı bəyanatı başqadır, sitat: “Mən şəxsən belə bir qənaətə gəldim ki, tarixi Ermənistan və real Ermənistan nəinki bir-birinə sığmır, əksinə, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir, hətta bir-birinə ciddi təhlükələr yaradır”.

Tərcüməsi: Onillərlə xəyal, xəstə təfəkkürün məhsulu olan, xalqın, toplumun bir neçə nəsil beynini zəhərləyən “Böyük Ermənistan” nağılı, indiki Ermənistan Respublikası üçün ciddi təhlükəyə çevrilib. Onillərdir özlərini buna inandırmışdılar, Kremlin köməyi ilə birinci Qarabağ savaşında müvəqqəti qalibiyyət qazanmaları isə beyinlərini tam dumanlandırmışdı.

Son 30 ildə onlar düşünürdülər ki, Ermənistanın sərhədləri Ağcabədidən, Beyləqandan, Tərtərdən, Horadizdən başlayır, inanmışdılar ki, o sərhədlərdən İrəvana, Qafana və digər Ermənistan şəhərlərinə 150-250 km məsafə var. Ancaq 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən sonra bir gün ayıldılar ki, Qafanın 2 km-də Azərbaycan əsgəri müqəddəs bayrağımızı ucaldıb, Ordumuzun dayandığı sərhədlərimizdən düz yolla İrəvana 1,5 saatlıq yol var. Bu, erməni xalqında şok effekti yaratdı, amma onları tam ayıltmadı, bəzi ağıllı adamları publik deməyə başladılar ki, ayılın, Qarabağ da bizim olmayacaq, Türkiyəyə və Gürcüstana ərazi iddialarından isə əl çəkin, unudun, biz kiçik, demokrafik faciə yaşayan, coğrafi dalanda yerləşən xalqıq. Amma yenə dinləyən, başa düşən az idi – sonra Azərbaycan dövləti 2023-ün sentyabrında Moskvanın bütün maneələrinə baxmayaraq Xankəndi və ətrafında separatizmin kökünü qazıdı, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Məhz bundan sonra Ermənistanda ciddi ayılma prosesi başladı, özləri üçün müqəddəs və güclü saydıqları 200 illik təhlükəsizlik konsepsiyaları darmadağın oldu, onları yeni təhlükəsizlik modelləri axtarmağa məcbur buraxdı. Amma yeni təhlükəsizlik modelinin də əsas “çətiri” Türkiyə ola bilər – indi bunu “həzm” edə bilmirlər, bu fikirlə yaşamaq onlara ağır gəlir".

Ekspertin sözlərinə görə bu gün Türkiyəsiz və Azərbaycanla sülh müqaviləsi imzalamadan Ermənistanın yeni təhlükəsizlik konsepsiyası mümkün deyil:

"Əslində, ABŞ və AB də dolayısı ilə bunu deyir. Paşinyan bunu anlayır, öz xalqına anlatmağa çalışır – amma proses ağır gedir, çünki onillərə, bir neçə nəslə yayılmış “mərəz”, mental xəyallar tez “sağalmır”, buna zaman və geosiyasi reallıqların çılpaqlığı lazımdır.

Bizim zamanımız var – Azərbaycan öz problemlərini tam və qəti şəkildə, ən fantastik müsbət ssenari ilə həll etdi, ordumuz və müttəfiqlərimiz güclüdür, NATO ölkəsi olan qardaş Türkiyə ilə birgə təhlükəsizlik “çətirimiz” var. Deməli, zaman bizə işləyir, ona görə də Rusiya-Ermənistan sözlü, imitasiya xarakterli, və ya lap real olan-olacaq davasını ancaq kənardan izləməli, bu məsələyə heç cür daxil olmamalıyıq".

Tehsil-press.az

Oxşar xəbərlər