Naxçıvan Dövlət Universiteti Türkiyənin Kahramanmaraş Sütçü İmam və Pamukkale Universitetləri ilə əməkdaşlığa başlayıb

Naxçıvan Dövlət Universiteti Türkiyənin Kahramanmaraş Sütçü İmam və Pamukkale Universitetləri ilə  əməkdaşlığa başlayıb Naxçıvan Dövlət Universitetində keçirilən VII Beynəlxalq Kənd Təsərrüfatı Konqresi çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Kahramanmaraş Sütçü İmam və Pamukkale Universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanlıb.

Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Kahramanmaraş Sütçü İmam Universiteti və Pamukkale Universitetinin rəhbər heyətini-professorlar Alptekin Yasim, Turan Karadəniz eləcə də Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kayanı salamlayıb, onları ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Rektor universitetin maddi-texniki bazası, mövcud fakültələri, kollecləri və Beynəlxalq məktəbi barədə məlumat verib. Qeyd edilib ki, ali təhsil ocağında beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili, qlobal elm və təhsil məkanına inteqrasiya sahəsində aparılan məqsədyönlü işlər öz müsbət bəhrələrini verməkdədir. Bildirilib ki, universitet xarici tələbələrin sayına görə Azərbaycan ali təhsil müəssisələri sırasında öncüllüyünü qoruyur. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə Respublikasının özünəməxsus yeri olduğunu diqqətə çatdırıb.

Qonaqlar universitetləri haqqında məlumat verib, səmimi qarşılama və yüksək qonaqpərvərlik üçün təşəkkür edərək, bundan sonra əməkdaşlığın qarşılıqlı elmi müstəvidə davam edəcəyinə əminlik ifadə ediblər.

Görüşdə birgə araşdırmalar, tədqiqat məsələləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Erasmus+ proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi üçün qarşılıqlı əməkdaşlıq məsələlərini özündə əks etdirən birgə əməkdaşlıq müqavilələri imzalanıb.
Qeyd edək ki, müqavilələrdə Pamukkale Universiteti ilə 30, Kahramanmaraş Sütçü İmam Universiteti ilə 24 sahə üzrə akademik heyət və tələbə mobilliyinin həyata keçirilməsi öz əksini tapıb. Məlumat üçün bildirək ki, müqavilələr ilkin olaraq üç il müddətinə qüvvədə qalacaq.

Tehsil-press.az

Oxşar xəbərlər