Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələrini möhkəmləndirib

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələrini möhkəmləndirib Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti ilə Ankara, Qazi və Ankara Yıldırım Beyazıt Universitetləri arasında görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili, ikili diplom layihələrinin həyata keçirilməsi, Tibbi Tədqiqat Klinikasının yaradılması məqsədilə Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti ilə Türkiyənin 3 nüfuzlu ali təhsil müəsissəsi arasında görüş keçirilib.

Ankara Universitetində olan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və nümayəndə heyəti Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüşüb. Görüşdə hər iki rektor Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi ali təhsil müəssisələri arasındakı sıx əlaqələrin əhəmiyyətindən bəhs ediblər. Universitetlər arasındakı hazırki əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bütün sahələrdə əməkdaşlığa hazır olduğunu dilə gətirən qardaş ölkə rektoru Necdet Ünüvar görüş zamanı işbirliyinin hazırki vəziyyəti və gələcək əməkdaşlıq imkanlarından söz açıb. Bildirilib ki, NDU-da keçirilmiş konfrans və forumlarda rektor və nümayəndə heyətinin iştirakı səmərəli qurulan münasibətlərin göstəricisidir.
Elbrus İsayev diqqətə çatdırıb ki, Ankara Universiteti ilə yaradılan qarşılıqlı əməkdaşlıq dövründə ümumilikdə 310 nəfərə yaxın tələbə-müəllim heyəti qardaş ölkənin ali təhsil müəssisəsində təcrübə prosesinə cəlb ediliblər. Rektor görüşdə tibb təhsili ilə bağlı bakalavr, rezidentura pillələrində təcrübə, Ankara Universitetində qurulmuş Big Data mərkəzində praktiki təcrübə keçmək imkanı, bakalavr və Magistratura səviyyəsi üzrə birgə təlimlərin keçirilməsinin önəmini vurğulayıb. Eyni zamanda tədris və tədqiqatın təşkil edilməsi, NDU Konservatoriyasının təcrübəsinin Ankara Universiteti ilə paylaşılması məsələlərinə diqqət yetirilib. Qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti ilə Ankara Universiteti arasında imzalanan əməkdaşlıq memorandumu əsasında tərəflər qarşılıqlı olaraq akademik və elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanıb, elmi məqsədlər daxilində professor-müəllim mübadiləsi həyata keçirilib, dərs, müşavirə, tədqiqat və oxşar fəaliyyətlərdə, tədris və tədqiqat məqsədilə hər növdən kitab, elmi nəşrlər və oxşar materiallar qarşılıqlı mübadilə olunub.

Səfər çərçivəsində Qazi Universitetinin rektoru Musa Yıldızla ali təhsil ocağının rəhbər heyəti 2021-ci ildə əsası qoyulan universitetlər arasındakı sıx və səmimi əlaqələrin artan templə inkişafından, ötən dövr ərzində onlarla tələbə və rezidentin Qazi Universitetində stajda və rotasiyada olmağının önəminə diqqət çəkiblər.
Görüş zamanı rektorlar arasında qarşılıqlı hədiyyə təqdim edilib.

Səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin Türkiyədə olan Tibb fakültəsi tələbələri ilə görüş baş tutub. Elbrus İsayev Naxçıvan Dövlət Universiteti üçün yeni yaradılacaq Tibb kampusunun layihələndirilməsi və qurulmasında Ankara Universiteti və Qazi xəstəxanalarının təcrübələrindən istifadə, yeniliklərlə yerində tanış olmaq məqsədilə təşkil olunan səfərin önəminə diqqət çəkib. Qeyd olunub ki, Ankara Onkoloji Laboratoriyası, İbn Sina Xəstəxanası, Qazi Xəstəxanasının Poliklinik Qəbul, Cərrahiyyə, Təcili Tibbi Yardım, Reanimasiya şöbələrində tələbələrin təcrübə keçməsi və baş həkim və müavinlərlə Tibb kampusunun layihələndirilməsi, inzibati-struktur məsələləri və kadr təminatı ilə bağlı fikir mübadiləsi aparılmasının önəmindən danışıb. Vurğulanıb ki, Ankara Universitetində daxili xəstəliklər, ümumi cərrahiyə, ginekoloji xəstəliklər və mamalıq, acil, psixiatriya olmaqla ümumilikdə 25 tələbə iştirak edir. Qazi Universitetində isə ümumilikdə 8 rezident olmaqla 34 tələbənin iştirakı ilə təcrübələr yüksək səviyyədə keçirilir. Elbrus İsayev təcrübənin gedişatı ilə maraqlanaraq onlara məsləhətlər verib və təcrübənin əhəmiyyətindən bəhs edib eyni zamanda universitet rektorlarına tibb tələbələrinin artıq ənənə halını alan təcrübənin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Təcrübəçi tələbələr də öz növbəsində hər iki ali təhsil müəssisəsinin rəhbərliyinə minnətdarlıq ediblər.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edib.

Ankara şəhərinə səfər çərçivəsində Ankara Yıldırım Beyazıt Universiteti ilə görüş keçirilib. Rektor Ali Cengiz Köseoğlu heyəti səmimi qarşılayaraq ortaq prioritet sahələrin mövcudluğu və potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib. Gələcək perspektiv münasibətləri rəsmiləşdirmək və ilkin təşəbbüs məqsədilə ali təhsil müəssisələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Əməkdaşlıq Memorandumunda iki universitet arasında akademik heyət və tələbə mübadiləsi, ortaq tədqiqatların aparılması, birgə konfransların keçirilməsi, akademik informasiya və materialların mübadiləsi, ortaq dil kurslarının təşkili və digər mühüm məsələlər yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər