MÜASİR MÜƏLLİMƏ NECƏ OLMALIDIR?

MÜASİR MÜƏLLİMƏ NECƏ OLMALIDIR? “ Əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaq. Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir.”
L.Tolstoy


Ulu öndərimiz Heydər Əliyev də müəllim peşəsinə yüksək qiymət verərək demişdir: “ Müəllimin vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətəndaşlar hazırlayır. Gələcək, bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır ”.
Müəllim peşəsi şərəfli olduğu qədər də mürəkkəb və məsuliyyətlidir. Təhsil prosesinin əsas siması isə müəllimdir. Müəllim peşəsinin mahiyyəti və müqəddəsliyinə görə hər zaman cəmiyyətdə xüsusi yer tutub, cəmiyyətin seçilmiş insanları hesab olunub.
Böyük hörmət və nüfuz sahibi olan müəllimə bütün zamanlarda ehtiram olmuşdur. Adı həmişə yüksəkdə olmuş, tanınmış, hörmət-izzət sahibi olmuş ziyalılarımıza müəllim – deyə müraciət etmişik. Hər birimiz istər orta məktəbdə, istərsə də ali təhsil ocaqlarında oxuyarkən müəllimlərimizi diqqətlə dinləmiş, xoş sözlərini və məsləhətlərini yadda saxlamağa çalışmış, onları özümüzə örnək bilmişik.
Bəs bu gün müəllimin nüfuzu necədir? Ümumiyyətlə, müasir zamanın müəllimi necə olmalıdır? Suallarımıza cavab almaq üçün peşəkar müəllimlərimizə, təhsil ekspertlərinə müraciət etdik.

Havar Məmmədov, Azərbaycan Dövlət Texniki Universitetin rektoru, professor, əməkdar elm xadimi.

Bilirsiz, o vaxtlar müəllimdən qorxu var idi. Çalışırdıq ki, müəllimlərimizin gözünə görünməyək. Hesab edirdik ki, müəllim yemir, içmir, yatmır və s. Bunu xatırlatmaqda məqsədim heç də müəllimdən qorxmaq hissini aşılamaq deyil, bu o zamanın tələbi idi. İndi dövr başqadır. Hər şey dəyişir inkişaf edir, müasirləşir. Hansı dövr olsa da, müəllim – müəllimdir. Müəllim səmimi, öz üzərində çalışan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi diqqət verməli, hər zaman səliqəli olmalıdır.
Müasir dövrün öz tələbi var. Çağdaş insan dövrünün tələbi ilə uyğunlaşmalıdır. Müəllim zəkası, ağılı, mədəniyyəti, mənəviyyatı, əxlaqı ilə həmişə fərqlənməlidir. Belə desək, tərbiyəçi ilk növbədə özü tərbiyəli olmalıdır.
Müəllim sözü yüksək addır. Ulu öndərimizin belə bir sözü var: “ Müəllimdən yüksək ad tanımıram ”. Müəllim ilk növbədə bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, sənətinə ürəkdən bağlı olmalıdır. Məhz bu keyfiyyətlərə malik olan müəllim cəmiyyətimizə, xalqımıza layiq vətəndaş yetişdirə bilər.
Görkəmli pedaqoq F. Köçərli bildirirdi ki, əsl müəllim elm, bilik və zəhmətkeşlikdən əlavə, şagirdlərinə münasibətdə məhəbbət və qayğı dolu qəlbə malik olmalıdır.
Müəllim bütün hallarda, xüsusən müəllim – şagird, müəllim – tələbə münasibətlərinin qurulmasında, pedoqoji nəzakəti, psixoloji xüsusiyyətləri dərindən bilməlidir. Əgər müəllim – tələbə münasibətləri düzgün qurularsa tələbə də təhsilə marağını artırmağı bacararsa, onda tədris olunan fənlərin sevdirilməsində mühüm nailiyyətlər əldə edilə bilər.
Müəllim ümumiyyətlə, şagirdi, tələbəni bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, artıq hərəkətlərə yol verilməməlidir.
Müəllim lazım gələrsə tələbənin maddi və mənəvi sıxıntıları ilə də yaxından maraqlanmalıdır. Əgər tələbə ailə - məişət problemləri ilə üzləşərsə, bu sahədə hər hansı bir problem yaranarsa, belə halların aradan qaldırılması üçün müəllim mütəmadi olaraq valideynlərlə əlaqə saxlamalı və qarşılıqlı şəkildə məsələ barədə müzakirə aparmalıdır.
Öz peşəkarlığı ilə seçilən müəllim dəyişən və inkişaf edən cəmiyyətin tələbləri ilə ayaqlaşmağı bacarmalıdır. Bütün fəaliyyətini, öyrətdiyi şagird və tələbələrinin bir vətənpərvər insan kimi yetişməsinə təsir etməlidir. Düşünürəm ki, bütün bu keyfiyyətləri özündə birləşdirən müəllim zamanın tələbinə cavab vermiş olur.

Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru:

-Bəşəriyyətin kəşf etdiklərindən ən qədimi, ən zərurisi və sosial cəhətdən ən faydalısı və ən yaxşısı şəxsiyyəti tərbiyə etmə sistemidir. Sivilizasiyalaşmış cəmiyyətlərdə bu sistem məktəb statusu qazanmışdır. Məktəb həyatı haqda qayğı bütün dövrlərdə məktəb haqda fikirlərlə zəngin olub. İnsan və cəmiyyət özlərinin ən böyük arzu və ümidlərini məktəblə bağlayır. İnsanlar məktəbin həyatı ilə yaşayır, ən saf idealların burada həyata keçəcəyinə ümid bəsləyirlər. Məktəbdə bizə keçmişimiz bəlli olur, bu günümüz yaradılır və gələcəyimizə yol çəkilir.
Məktəbin daşıdığı sosial vəzifə bu adi həqiqətlərdə özünün aydın ifadəsini tapır, hər bir dövr bu adi həqiqətləri özünəməxsus bir tərzdə araşdıraraq özünün məktəbə münasibətini müəyyənləşdirir, yəni məktəb ideyasının həyata keçirilməsi yollarını planlaşdırır. Hər bir dövrün öz məktəb idealı vardır, çünki gələcəyin bu və ya digər tərzdə görünməsi həmin idealla sıx bağlıdır. Valideyn məktəb üzərində övladının gələcəyini ‘’ proyeksiyalaşdırır ’’, bağlı məqsədləri var. Bütün bu fikirlər əlifbadan tutmuş bütün elmlərin və tərbiyənin əsasını bizə öyrətmiş məktəb üçün hələ azdır. Məktəb son dərəcədə həssas təsisatdır. Quruluşların dəyişməsi məktəb həyatında özünü dərhal büruzə verir.
Azərbaycanda orta məktəbin və müəllim hazırlığının inkişafının növbəti mərhələsi sovetlər dövrünə təsadüf edir. Bu qururluşun təhsilinin əsas məqsədlərindən biri savadsızlığın aradan qaldırılması olmuşdu. Bu işdə Azərbaycan müəllimləri sözün əsl mənasında böyük fədakarlıq nümayiş etdirmişdilər. Onların hesabına savadsızlığın aradan qaldırılması istiqamətində böyük işlər görülməsi ilə yanaşı, həm də böyük alimlər, ictimai siyasi xadimlər yetişdirilmişdir. Varislik prinsipi özünü təsdiqləmişdi. Sovet çağında Aərbaycan məktəbinin müəllimləri Firudun bəy Köçərlinin, Mehdixan Vəkilovun, Osaman Sarıvəllinin, İsmayıl Şıxlının və başqa görkəmli maarif fədailərinin varisləri idilər. Sovet orta təhsil müəssisələrində müəllimlərimiz bizə zəruri biliklər öyrətməklə yanaşı həm də tərbiyə prosesində aktiv iştirak edirdilər. Bu quruluşun orta məktəblərində əmək təlimi, idman, nəğmə dərsləri keçirdik, laboratoriyalarda iştirak edirdik. Bütün bunları uşaq və yeniyetmə həyatının gözəlliyi saymaq olar. Sadaladığım bütün məziyyətləri bizə müəllimlərimiz bəxş etmişdi.
Həmin dövrdə orta məktəblərin inkişafında əvəzsiz rolu olan ümummilli liderimiz Heydər Əliyevin müəllim haqqında dahiyanə fikri yada düşür. “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram ”.
Azərbaycanda orta təhsilin inkişafında , böyük müəllim ordusunun yetişməsində, pedaqogika elminin, pedaqoq alimlərin formalaşmasında akademik Mehdi Mehdizadenin rolu mütləq xatırlanmalıdır. Onun əsərlərinin böyük qismi bilavasitə təlimin təşkili, dərsin qurulması, ayrı-ayrı fənlərin öyrənilməsi mexanizminin açılmasına, təlim-tərbiyə prosesinin pedaqoji ustalıqla, yaradıcılıqla qurulmasından irəli gələn digər məsələlərin şərhinə aiddir.
Nazirin genişmiqyaslı pozitiv fəaliyyəti və istedadı müəllimlərin üzərinə keçdiyi fənləri yaradıcı tədris etmək kimi mühüm məsuliyyət qoyurdu.
21-ci əsrin məktəbinin vəzifələri geridə qalan dövlərlə müqayisədə daha mürəkkəbdir. Mətəb bir tərəfdən, uşaqlarda gizlənən istedad nişanələrini üzə çıxarılmalı, o biri tərəfdən, tənqidi təfəkkürə malik vətəndaş yetişdirməli, üçüncü tərəfdən isə insan kapitalının inkişafına yardımçı olmalıdır. Bütün bunların öhdəsindən yüksək biliklərə malik olan, daim mütaliə edən, informasiya – kommunikasiya texnologiyalarını bilən müəllimlərimiz gələ bilərlər.
Bu məqsədlə “ Ən yaxşı ümumtəhsil məktəbi ” müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərinin və “ Ən yaxşı müəllim ” müsabiqəsinin keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman məktəblər və müəllimlər arasında sağlam rəqabət formalaşdırdı. İlin yaxşı müəllimi seçilmək istəyən orta ümumtəhsil məktəblərində çalışan müəllimlər artıq sadəcə dərs deməklə kifayətlənməməli, həm də elmi-pedaqoji yaradıcılıqla məşğul olmalıdırlar.
Müəllimə və məktəbə göstərilən bu diqqət və qayğı ilə yanaşı ötən tədris ilindən başlayaraq müəllimlik peşəsini seçən və 500 baldan yuxarı nəticə göstərən tələblərə ayda 100 manat məbləğində təqaüd müəyyənləşdirildi.
Azərbaycan Pespublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ”nın 2-ci strateji təhsil sahəsində insan resuslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsil verənin formalaşdırılmasına xidmət edir və özündə təhsil verənlərin peşəkarlığının yüksəldilməsi, təhsil alanların istedadını aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Əgər müəllim özünün peşə kompetensiyalarını artırmağın zəruri olduğunu dərk etməsə, yuxarıda sadalanan məqsədlərin heç birinə çtmaq mümkün olmayacaq. Müəllimin pedoqoji səriştəsinin artırılması üçün motivasiyalar və əlverişli şərait artıq formalaşdırılıb. Bütün bunların müqabilində müəllim öncə özü təkmilləşməyə və biliyinin qiymətləndirilməsinə meyilli olmalıdır. Bu müasir cəmiyyətin təlabatıdır və müəllim nüfuzunun qorunmasına xidmət edir.

Nəzakət Əsgərova, Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru:

-Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli bir işdir. Təhsil-tərbiyənin bütün pillələrində olduğu kimi məktəbdə də pedaqoji fəaliyyətin mərkəzində müəllim durur.
Müəllim cəmiyyətin güzgüsüdür. Müəllim mənəvi zənginlik , əxlaqi saflıq, vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olmalı, sözün əsl mənasında şəxsi nümunə göstərməlidir. Müəllimin vəzifəsi yenilikləri mənimsəmək, mürəkkəb olan tərbiyə işində ondan uğurla istifadə etməkdir.
Müəllim öz işini və yetirmələrini sevməli, kreativliyi, möhkəm iradə və əqidəsi, vətəndaşlıq ideyası ilə seçilməli, fənninin tədrisi metodikasını , pedaqogika və psixologiyanı dərindən bilməli, pedoqoji qabiliyyətlərini daim inkişaf etdirməlidir.
Hər bir müasir müəllim öz ixtisasını, tədris etdiyi fənni mükəmməl bilməklə
yanaşı yüksək intelektə sahib olmalı, İKT bilik və bacarıqlarına yiyələnməli, müasir metod və üsullardan istifadə etməyi bacarmalıdır.
İlk dəfə məktəbə qədəm qoyan şagirdin təlim-tərbiyəsi, vətənpərvərlik ruhunda yetişməsi və nəhayət, bir şəxsiyyət kimi formalaşması məhz müəllimin öhdəsinə düşür. Müasir müəllim qarşısındakı şagirdin gələcəyini görməyi də bacarmalıdır.
Müəllim şagirddə tədqiqatçılığa maraq oyatmalı, onlarda yaradıcılıq qabiliyyətlərini inkişaf etməyi bacarmalıdır. O, sinifdə şagirdlərlə münasibətdə nikbin, gümrah, yaradıcılıq əhvali-ruhiyyəsi yaratmağı bilməlidir. Klassik pedaqogikanın görkəmli nümayəndələrindən olan Fridrix Vilhelm Adolf Disterverq 19 əsrdə yazırdı ki, şagirdləri seyrçiliyə, passivliyə alışdıran hər hansı metod pisdir, özfəaliyyət, müstəqil çalışmaq vərdişi aşılayan hər hansı metod isə yaxşıdır. Böyük pedaqoq şagirdlərin əqli qabiliyyətlərini fəallaşdırmağı müəllimin ən vacib vəzifəsi hesab edərək, deyirdi ki, pis müəllim həqiqəti elan edir, yaxşı müəllim isə onu tapmaq yollarını öyrədir. Deməli, müəllim şagirdlərə müəyyən bilikləri öyrətməklə yanaşı, onları öz üzərində işləməyə, biliyi axtarıb tapmağa da alışdırmalı, onlarda daxili motivasiya formalaşmasına çalışmalıdır. Hər bir şagird məktəbə bir fərd kimi gəlir. Elə zəruri şərtlərdən biri də şagird şəxsiyyəti və onun nəzərə alınmasıdır. Müasir şagirdlərin diqqətini daha çox maraq effekti cəlb edir. Belə olan təqdirdə müəllim şagirdin fərdi-intelektual maraq və ehtiyaclarını əsas götürülməlidir. Təlim materiallarının seçilməsində, dərs məşğələlərinin qurulmasında şagird amilini ön planda saxlamalıdır. Müəllim şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bilik və bacarıqlarını sərf etməlidir. Şagirdin cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasını təmin etmək hər bir müəllimin borcudur.

Gülşən Orucova, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim:

-İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Dünyanın fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “ Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.”
Müasir dövrdə Azərbaycan Respublikasının təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyası üçün bu sahədə dəyişikliklər gedir. Cəmiyyətin inkişafı üçün mütərəqqi dünyagörüşlü, müstəqil düşünməyi bacaran, açıq fikirli və tolerant şəxsiyyətlər yetişdirməlidir. Qarşıya qoyulmuş bu məqsədə nail olmaq üçün ilk növbədə Azərbaycan müəllimi özü keyfiyyətcə dəyişməli, qoyulan tələblərə cavab verən şəxsiyyət kimi formalaşmalıdır.
İnsanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də müəllim yetişdirib. Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Alim də , sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqeyindən asılı olmayaraq hər kəs müəllimin qarşısında baş əyir, onu xoş duyğularla yada salır.
Müəllimlər yeganə peşə sahibidirlər ki, zamanın , cəmiyyətin inkişafı ilə paralel olaraq dəyişir və mühitə uyğunlaşırlar. Bir sözlə, zamanın nəbzini tuturlar. Gələcəyə atılan addımlar müəllimin yetişdirdiyi nəslin inkişafında asılıdır. Sağlam cəmiyyətin formalaşması ailədən çox müəllimin çiyinlərinə düşür. Müəllim sanki onlar üçün bir mayak rolu oynayır.
Qloballaşan bir cəmiyyətdə müəllimin yetişdirdiyi hər bir fərd cəmiyyətin inkişafı ilə paralel getməlidir. Bu baxımdan indiki nəslin qarşısına çıxan hər bir müəllim hərtərəfli hazırlıqlı olmalıdır. O, peşəkarlığını yüksəltmək , müasir tələblərə cavab verən müəllim olmaq üçün daim öz üzərində işləməli, inkişaf etməli və qabaqcıl müəllimlərlə təcrübə mübadiləsi aparmalıdır. Müəllim öz geyimi, davranışı, şagirdlərə münasibəti ilə seçilməlidir. Hər bir şagird onun simasında özünə nümunə götürülməlidir. Yetişdirdiyi uşaqlara həm bir valideyn, həm də bir psixoloq kimi yanaşmalıdır. Valideynlərlə yaxın əməkdaşlıq qurmalıdır. Şagirdlərə özünüdərki, özünəinamı formalaşdırılmalıdır. Ən əsası isə daim axtarışda olmalıdır, öz üzərində ciddi çalışmalıdırlar. Müasir təhsil müəllimindən həssas və humanist olmağı tələb edir. Bu günün müəllimi, eyni zamanda, dərslərini müasir üslubda qurmağı bacarmalıdır. Bunu ondan elmin və texnikanın inkişafı tələb edir.
Hazırda ölkəmizdə təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli addımlar atılır. Elektron məktəblər yaranır, elektron tədris resusları hazırlanır və müəllimlərin istifadəsinə verilir.
Dövlətimiz bu gün müəllimin əməyini yüksək qiymətləndirir, onu daim diqqət mərkəzində saxlayır. Yeniləşən, yeni texnologiyalarla təmin olunan mətəblər buna biraz nümunədir. Azərbaycan təhsilinin inkişafına yüksək səviyyədə göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi hesab olunan gənc nəslin savadlı, dünya görüşlü bir şəxsiyyət kimi formalaşmasında böyük imkanlar yaradır. Bu gün hər bir müəllim üzərinə düşən vəzifəni dərk edir, öz işlərinə daha məsuliyyətlə yanaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm, təhsillə bağlı dediyi gözəl sözləri yada salmaq yerinə düşər:
“ Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm, əbədi, hər bir ölkənin gücləndirilməsinə töhvə verən amildir ”.

tehsil-press.az

Oxşar xəbərlər