Bakı Avrasiya Universitetində 8 Noyabr- Zəfər Günü qeyd edilib

Bakı Avrasiya Universitetində 8 Noyabr- Zəfər Günü qeyd edilib Bakı Avrasiya Universitetində (BAAU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, prof. Hikmət Məmmədov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, universitetin şəhidi Anar İsgəndərovun atası Vahid İsgəndərov, hərbi ekspert Ramil Məmmədli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri, universitetin qazi tələbələri, eləcə də BAAU-nun akademik və inzibati heyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dos. Səyavuş Qasımov Zəfər Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışaraq şəhidlərimizin ruhuna Allahdan rəhmət, qazilərə şəfa diləyib. Bu tarixi qələbənin prezident İlham Əliyevin qətiyyətli liderliyi və xalqın həmrəyliyi sayəsində əldə olunduğunu vurğulayan rektor, Vətən müharibəsinin milli qürurumuzun yüksəlməsində önəmli bir mərhələ olduğunu qeyd edib. O, Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinlikləri əzmkarlıqla dəf etdiyini və bu qələbənin xalqımızın sarsılmaz iradəsinin bəhrəsi olduğunu vurğulayıb. S. Qasımov Azərbaycan əsgərinin qələbəsinin torpaqlarımızın işğaldan azad olunması ilə məhdudlaşmadığını, regionda sülh və sabitliyin bərpasına yönəlmiş bir tarixi dönüş nöqtəsi yaratdığını diqqətə çatdırıb. Bu qələbənin ölkəmizin hərbi gücünü, xalqımızın milli birliyini, vətənə bağlılığını və səfərbərlik ruhunu ən yüksək səviyyədə nümayiş etdirdiyini bildirən rektor, çıxışını tədbir iştirakçılarını Zəfər Günü münasibətilə bir daha təbrik etməklə bitirib.

Milli Məclisin deputatı, prof. Hikmət Məmmədov çıxışında Zəfər Gününün hər bir azərbaycanlı üçün əhəmiyyətindən bəhs edərək bu qələbənin sadəcə hərbi deyil, mənəvi və ideoloji bir zəfər olduğunu bildirib. Bu zəfərlə ermənilərin 30 ilə yaxın davam edən işğalına son qoyduğunu qeyd edən deputat, Vətən müharibəsinin təkcə hərbi əhəmiyyət daşımadığını, həm də xalqın gücünün və milli iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. Bu qələbənin Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və Azərbaycan əsgərinin mətin iradəsinin nəticəsi olduğunu vurğulayan professor, onun məhz Azərbaycan xalqının həmrəyliyi və inamı sayəsində mümkün olduğunu qeyd edib. Azərbaycanın müasir dünyada mövqeyinin möhkəmlənməsindən və regionun güclü geosiyasi mərkəzinə çevrilməsindən söhbət açan H. Məmmədov, dövlətimizin bütün vətəndaşları ilə yanaşı və dünya azərbaycanlıları üçün də qürur mənbəyi olduğunu deyib.

Sonra tədbirin proqramına uyğun olaraq çıxışlar davam edib. Politoloq İlyas Hüseynov, universitetin elmi işlər üzrə prorektoru, prof. Gülzar İbrahimova, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, hərbi ekspert Ramil Məmmədli, AVMVİB-in Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev və universitetin qazi tələbəsi Əlizamin Talıbzadə çıxış edərək 44 günlük Vətən Müharibəsində əldə edilən zəfərin hərbi, iqtisadi və siyasi tərəfləri, Azərbaycan ordusunun qəhrəmanlığı və qələbəsinin əhəmiyyətindən danışıb, onun milli və mənəvi dəyərlərə təsirindən söhbət açıblar.

Sonda şəhid atası Vahid İsgəndərova övladı, şəhid Anar İsgəndərovun ölümündən sonra BAAU-nun Regionşünaslıq və İqtisadiyyat fakültəsinin fəxri məzunu kimi Fəxri Diplom təqdim edilib. BAAU-nun rektoru S. Qasımov şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə AVMVİB-in Sabunçu rayon şöbəsi tərəfindən Fəxri Fərmanla təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər