Bakı Slavyan Universitetində qazilərin və şəhid valideynlərinin iştirakı ilə Zəfər Günü

Bakı Slavyan Universitetində qazilərin və şəhid valideynlərinin iştirakı ilə Zəfər Günü Bakı Slavyan Universitetində (BSU ) Milli Məclisin deputatları, professor-müəllim heyəti, Vətən müharibəsi qaziləri və şəhid valideynlərinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən şanlı Azərbaycan Ordusu xalqımıza möhtəşəm Zəfər Günü bəxş edib. Prezident İlham Əliyevin bu müjdəsi xalqımıza tarixi qələbə sevincini yaşatdı, gələcək üçün yol xəritəsini müəyyən etdi.
Rektor Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamının tarixi əhəmiyyətindən danışıb. Anar Nağıyev XX əsrin sonları, XXI əsrin əvvəllərində Azərbaycan xalqı və dövlətinin bütöv bir əsrə bərabər dinamikliyi ilə zəngin olan hadisələrə şahid olduğunu vurğulayaraq, Vətən müharibəsi ilə işğala son qoyulduğunu və ölkəmizin yeni, daha sürətli inkişaf səhifəsinə başladığını deyib. Rektor ötən əsrin 70-ci illərindən etibarən tarixi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olan BSU-nun gənclərin vətənpərvər ruhda formalaşmasında rolunu vurğulayıb, xalqımızın 30 illik işğala son qoyması ilə Azərbaycanın yeni tarixi dönəmə - daha da inkişaf edən, daha da çiçəklənən dövrə qədəm qoyduğunu deyib.
Milli Məclisin deputatı Arzu Nağıyev “Azərbaycanın təcavüzkar üzərində qələbəsinə səbəb olan siyasi addımlar və əsas istiqamətlər” adlı məruzəsində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyinin hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdiyini vurğulayıb. Müzəffər Ali Baş Komandanın düşünülmüş uğurlu siyasi addımları nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələrinin də məhz Azərbaycanın şərtləri ilə icra edildiyini diqqətə çatdırıb.
Diplomatiya və xarici siyasət kafedrasının müdiri dosent Əsgər Əhməd “Azərbaycanın tarixi qələbəsinin nəticələri (tarixi xronika)” adlı məruzəsində 44 gün davam edən bu əməliyyatlar nəticəsində işğal olunmuş torpaqların geri qaytarılması ilə Azərbaycanın suveren haqlarının bərpa olunduğunu deyib. Bu tarixi qələbə nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun lider ölkəsi olduğunu bütün beynəlxalq ictimaiyyətə sübut etdiyini bildirib.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Qarabağ nisgilinə son qoyan qəhrəman oğullarımızdan danışıb.
Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Zəfərimiz dünya mətbuatında” mövzusunda məruzəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin informasiya məkanında da uğurlarımızı təmin etdiyini deyib. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrin informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurduğunu bildirib.
Deputat Vüqar Bayramov isə “Vətən müharibəsindən sonrakı dövrdə Qarabağın və Şərqi Zəngəzurun siyasi-iqtisadi inkişafına bağlı strategiyası” adlı məruzəsində Vətən müharibəsinin başa çatdığı ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə əsas kommunikasiyaların bərpası və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlanılmasından danışıb. O, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının dünya səviyyəsində də Azərbaycanın strateji rolunu artıraraq, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsini, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişafını təmin edəcəyini bildirib.
Sonra BSU-nun şəhid məzunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin anası Süsən xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Leytenant Pərvin Əzimov keçdiyi döyüş yolu barəsində təəssüratlarını bölüşüb. Xalq artisti Nurəddin Mehdixanlı Vətən müharibəsinin qəhrəmanı olan gənclərimizin dastana dönən şücaətindən bəhs edib. Bu tarixi zəfərin yalnız bir ünvanının Müzəffər Ali Baş Komandan və Azərbaycanın rəşadətli Ordusu olduğunu deyib.
Sonda BSU-nun məktəb-lisey kompleksinin şagirdlərindən ibarət xor kollektivi “Yaşa Azərbaycan!” mahnısını ifa edib.

Tehsil-press.az



Oxşar xəbərlər