Nazir Ramil Usubov vakant vəzifələrə xidmətə qəbulla bağlı Qəbələdə sıra baxışı keçirəcək

Nazir Ramil Usubov vakant vəzifələrə xidmətə qəbulla bağlı Qəbələdə sıra baxışı keçirəcək Mayın 17-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Qəbələ, Şəki, Balakən, Qax, Oğuz və Zaqatala polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Qəbələ Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.
Bununla yanaşı, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.
Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər.
Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir.
Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 20 kiçik rəis heyəti və 140 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcəkdir. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Tehsil-press.az

Oxşar xəbərlər