Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"

Anar İsgəndərli: "Ötən il də Azərbaycanın zəfərini Qərbin bəzi bədxah dövlətləri həzm edə bilmədilər. Qəddarlığı və amansızlığı ilə heç bir xalqa bənzəməyən ermənilər isə intiqam düşüncəsi ilə geri qayıtmaq istədilər".

Bu sözləri açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli deyib.

O qeyd edib ki, ermənilərin cəhdləri əbəsdir, çünki Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü sülh prosesini poza bilər. Dövlət başçısı əlavə edib ki, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq.

"Bununla belə, Fransa, Hindistan, ABŞ kimi dövlətlər Ermənistana ölümsaçan silahlar bağışlayır ki, Azərbaycana qarşı istifadə etsin. Lakin Prezident İlham Əliyev 2024-cü ildə Azərbaycanın qarşısında duran əsas məsələləri həll etmək üçün mümkün olanları etdi. Dəfələrlə Azərbaycanın dövlət başçısı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və ailə üzvləri Qarabağda işğaldan azad olan torpaqlarda oldular. Qarabağ və Şərqi Zəngəzurda sənaye müəssisələrinin, fabrik və zavodların təməlqoyma mərasimi bayram kimi qeyd olunur. Həmin ərazilərə köçən əhaliyə evlərin verilməsi, açarların təqdim olunması ciddi hadisələr kimi diqqət çəkir", - MM üzvü vurğulayıb.

Deputatın sözlərinə görə, 2024-cü ilin ən önəmli hadisələrindən biri də COP29 kimi vacib və böyük tədbirin Bakıda keçirilməsi idi:

"Burada dünyanın 80-dən çox ölkəsinin dövlət və hökumət başçıları, ümumilikdə 70 mindən çox insan Azərbaycana səfər etdi, uğurlarımızın şahidi oldular və dünyanın ağrılı problemi olan ekoloji fəlakətlə bağlı müzakirələrin yekununda qərarlar çıxarıldı.

Eyni zamanda, 2024-cü ilin ən böyük uğurlarından biri Azərbaycan xalqının iqtidar və xalq birliyinin bu dönəmdə də möhkəm saxlanmasıdır".

A.İsgəndərli ötən ili kədərli hadisə ilə yekunlaşdırdığımızı da xatırladıb. Aktau səmasında Azərbaycan təyyarəsinin qəzaya uğramasından danışan deputat bunun çox ağrılı hadisə olduğunu söyləyib:

"Bu faciə onu göstərdi ki, Azərbaycan hər zaman öz prinsipiallığını qoruyur. Dövlət başçısı müstəqil Azərbaycanın haqqını və hüququnu qorumaq üçün mümkün olanları bəyan etdi. Qarşı tərəf isə Azərbaycanla hesablaşmalı oldu.

2025-ci ili işıqlı bir səhərə açılan Azərbaycan uğurlu addımlarla davam edir. Əminəm ki, 2025-ci ildə Qarabağla, məcburi köçkünlərin evlərinin bərpası, iqtisadiyyatın inkişafı, hərbi sahədəki uğurlarla bağlı ciddi irəliləyişlərin şahidi olacağıq. İnkişaf etmiş dövlətimiz türk dünyasının, qonşu dövlətlərin və dünyanın diqqət mərkəzində olacaq".

Tehsil-press.az

Oxşar xəbərlər