İtkin düşən balıqçıların yaxınları DANIŞDILAR: "Belə havada batmazlar"

İtkin düşən balıqçıların yaxınları DANIŞDILAR: Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçıların yaxınları Baku TV-yə danışıblar.

Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı Mahmud İbayevin qayınatası Hüseynağa Şahbazovun sözlərinə görə, 30 saatdan çoxdur ki, kürəkənindən xəbər yoxdur:

"Dünən saat 8-in yarısında dənizə gediblər, geri qayıtmayıblar. Onların olduğu tərəfdən gəmi gəlib, bəlkə də vurub onu, batıb dənizə. Bunu ancaq müvafiq qurumlar aydınlaşdıra bilər". "Dünən dəniz çox sakit idi, külək yox idi. Uşaqlar da orada idi, onları görüblər, danışıblar. Aşağı düşəndə duman olub, sonra yoxa çıxıblar. Ehtimal olunur ki, İrana tərəf gedən yolda azıblar. Batma ehtimalları azdır, belə sakit havada bu, mümkün deyil",- deyə balıqçı İsmayıl Abbasov bildirib.

Qeyd edək ki, Lənkəranda yanvarın 13-də itkin düşən balıqçılar - 41 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasovun axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Ətraflı süjetdə:



17:44

Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb olunub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN)Mətbuat Xidməti məlumat yayıb.

"Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam etdirilir.

Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.



12:18

Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir.

Bu barədə cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

"13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.

14 yanvar, 01:24

Lənkəranda balıqçılar itkin düşüb.

Bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.

Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.

Hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər