
Bu barədə “Yeni Şafak” yazır.
Türkiyə nəşri bildirir ki, artıq Ankara bununla bağlı tərəflərə öz təkliflərini verib. Xarici işlər naziri Hakan Fidan iki ay ərzində rusiyalı həmkarı Sergey Lavrovla dörd telefon danışığı aparıb. Fidan bir neçə gün əvvəl Münxendə ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə də görüşüb. Görüş zamanı Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələlər müzakirə edilib və iki ölkə arasında sülhün bərqərar olmasının mümkünlüyü ilə bağlı gəlişmələrə toxunulub.
Münxendə Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerovla da görüşən Hakan Fidan Türkiyənin də prosesin bir hissəsi olması lazım olduğunu vurğulayıb. Ankara atəşkəs və ya sülh danışıqlarına ev sahibliyi edə biləcəyi məsələsini də gündəmə gətirib. Ankara bəyan edir ki, Türkiyənin hər iki ölkə ilə sıx əlaqələri var və bir çox digər aktorlardan daha çox bu prosesə töhfə verə bilər.
Digər yandan, Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfərindən sonra Türkiyəyə gəlib. Zelenski bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Müharibənin əvvəlində Türkiyə Rusiya və Ukraynanı masaya oturtmuşdu və tərəflər anlaşmağa hazırlaşarkən, son anda Qərbin müdaxiləsi ilə proses pozulmuşdu.
Tehsil-press.az