Rektor Elçin Babayev QMTTU ilə əməkdaşlığın hər iki ölkənin elmi gələcəyinə böyük töhfə verdiyini vurğulayıb, "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramının uğurla icra olunduğunu bildirib. BDU rektoru daha çox nəticələrə nail olmaq üçün birgə elmi tədqiqatlar aparmağı, akademik mobilliyin artırılmasını, hər iki universitetin müştərək konfranslar, seminarlar təşkil etməsini, bilik və təcrübə mübadiləsini gücləndirməsini, ortaq elmi-tədqiqat laboratoriyası, müasir texniki ixtisaslar üzrə birgə yeni ikili diplom proqramlarının yaradılmasını təklif edib.
QMTTU rektoru Meyram Beqentayev BDU ilə əməkdaşlığın təhsil sahəsində innovativ layihələrin reallaşmasına, elmi mühitin daha da zənginləşməsinə yol açacağını bildirib, BDU rektorunun təkliflərinin hamısını qəbul etdiyini deyib.
Görüşün sonunda BDU və Qazax Milli Tədqiqat Texniki Universitetinin "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramını uğurla başa vuran Zülfiyə Hüseynliyə hər iki ali məktəbin diplomları təqdim olunub.
Tehsil-press.az