Sertifikasiyada yüksək balı buna görə toplayırmışlar - AÇIQLAMA

Sertifikasiyada yüksək balı buna görə toplayırmışlar - AÇIQLAMA Bəzi ekspertlər bildirirlər ki, orta məktəb müəllimlərinin sertifikatlaşdırma imtahanlarında yüksək bal toplayanlar məhz repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərdir.

Bu fikir nə qədər həqiqətə uyğundur?

Təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, repetitorluq rəqabət yönümlü bir sahədir:

"Repetitorluq fəaliyyəti ilə məşğul olanlar mütləq mənada özlərini inkişaf etdirməlidirlər. Çünki onlar fərqindədirlər ki, əgər yaxşı nəticə göstərməsələr, fənlərini yaxşı tədris edə bilməsələr, onların yanına şagird gəlməyəcək. Buna görə repetitor fəaliyyəti ilə məşğul olanın özünü inkişaf etdirmək motivasiyası repetitorluq fəaliyyəti ilə məşğul olmayanlardan daha çoxdur. Repetitor fərqindədir ki, bu gün səhv etsə, sabah onun iş yoldaşı bundan xəbər tutacaq. Çünki şagird deyəcək ki, filan müəllimdə bu səhvi tutdum. Repetitorlar öz üzərlərində daha çox işləyirlər, həm də repetitorluq elə bir şeydir ki, uzun illər eyni fənni dəqiqliklə izah etməklə məşğul olurlar".

Ekspert vurğuladı ki, repetitorlar müntəzəm olaraq illərlə eyni mövzuları izah edirlər.

"Buna görə də repetitorların nəticəsi daha yaxşıdır. Necə ki, idmançılar formada olur, musiqi ilə məşğul olanlar hər gün məşğul olsalar daha peşəkar olurlar, eynilə repetitorluq fəaliyyəti də müəllimləri daha hazır hala gətirir. Öz fənlərini repetitorluqla məşğul olanlar daha yaxşı bilirlər. Çünki onlar daha çox praktika edirlər. Dövlət məktəblərində isə fənni tədris zamanı bəzən motivasiya aşağı olur. Dövlət işi elə işdir ki, orada çox nəzarət olmur, ödəniş sabitdir. Bunlar isə motivasiyanı aşağı salır. Dövlət məktəbində işləyən müəllimlərin bir çoxu sadəcə repetitor fəaliyyəti üçün şagird yığmaq səbəbilə bu işlə məşğul olur. Demirəm ki, dövlət məktəbində işləyənlər işlərini yaxşı görmürlər, sadəcə şagirdlə ona görə münasibətdədirlər ki, özlərinə şagird yığsınlar. Amma özünə şagird yığmaq üçün dərs keçənlər də var".

Müsahibimizin sözlərinə görə, repetitor vəziyyətlə daha çox üz-üzədir.

"Reallığı bilir ki, fənni bilməsə, şagird və pul itirəcək. “Fənnimi yaxşı bilsəm, şagird əldə edəcəyəm və daha çox pul qazanacağam” deyə müəllim düşünür. Konkret, əllə tutulan, gözlə görülən bir mənada motivasiya olduğu üçün özlərini daha çox inkişaf etdirirlər. Buna görə də repetitorların nəticələri yüksək olur", - deyə Qoşqar Məhərrəmov fikrini yekunlaşdırdı.

Tehsil-press.az

Oxşar xəbərlər