Gürcüstanın və Azərbaycanın təhsil nazirlikləri birgə bir sıra məsələlər üzrə fəal işə başlayacaq

Gürcüstanın və Azərbaycanın təhsil nazirlikləri birgə bir sıra məsələlər üzrə fəal işə başlayacaq Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi bu qurumun rəhbəri Givi Mikanadzenin Bakıya səfəri çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə işgüzar görüşü barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, nazirlər iki ölkənin təhsil sistemlərinin bütün səviyyələrində həyata keçirilən islahatları, əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.

Givi Mikanadzenin sözlərinə görə, Gürcüstan tərəfi azərbaycanlı şagird, tələbə və müəllimləri dəstəkləmək üçün bir sıra mühüm təşəbbüslər, o cümlədən məktəblərdə dil tədrisinin gücləndirilməsi və universitetlərdə tələbələrin maliyyələşdirilməsinin artırılması proqramları həyata keçirir.

Görüş iştirakçıları STEAM istiqamətində tərəfdaşlığın genişləndirilməsini vurğulayıb, Azərbaycan tərəfinin Gürcüstanda STEAM mərkəzi yaratmaq arzusunu dəstəkləyib.

Qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında təhsil və elm sahəsində çoxillik əməkdaşlıq mövcuddur və bu tərəfdaşlıq təhsilin müxtəlif səviyyələrində irimiqyaslı birgə layihələrin həyata keçirilməsi yolu ilə daha da genişləndiriləcək.

Söhbət zamanı Gürcüstan və Azərbaycan nazirliklərinin nümayəndələrini birləşdirəcək işçi qrupunun bərpası məsələsinə də toxunulub. Bildirilib ki, qrup cari ilin avqust ayından bir sıra məsələlər üzrə fəal işə başlayacaq.

Qeyd edək ki, görüşün sonunda Givi Mikanadze azərbaycanlı həmkarını Gürcüstana dəvət edib.

Tehsil-press.az

Oxşar xəbərlər