Azərbaycanın təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycanın təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb Tbilisidə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Bildirilib ki, Gürcüstanın Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq sazişinin imzalanması akademik, ali təhsil və texniki-peşə məktəbləri, eləcə də tədris müəssisələri arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
Vurğulanıb ki, Gürcüstan tərəfi ümumtəhsil müəssisələrində, o cümlədən Gürcüstanın azərbaycandilli məktəblərinin və Azərbaycanın gürcüdilli məktəblərinin dərsliklərində müəllimlərin ixtisasının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Gürcüstan hökuməti keyfiyyətli təhsilə çıxış imkanlarının artırılmasına və azərbaycanlı tələbələrin dövlət dilinə yiyələnməsi istiqamətində səylərin artırılmasına sadiq qalır ki, bu da onların demokratik inkişaf prosesinə tam inteqrasiyasını təmin etmək üçün xüsusi önəm daşıyır.
Görüşdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər.

Tehsil-press.az






Oxşar xəbərlər