Sülhün Vaşinqton ssenarisi: Moskva və Tehran üçün mesaj – MÜSAHİBƏ

Sülhün Vaşinqton ssenarisi: Moskva və Tehran üçün mesaj – MÜSAHİBƏ Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanması regionun geosiyasi mənzərəsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu addım Rusiyanın Cənubi Qafqaz üzərində təsir imkanlarını azalda bilər. Lakin Ermənistanın iqtisadi və hərbi baxımdan hələ də Rusiyadan asılılığı, eləcə də Rusiya–Ukrayna müharibəsinin nəticələri prosesin gələcək istiqamətini müəyyən edəcək. Avqustun 15-də Alyaskada baş tutacaq Tramp–Putin görüşü isə regional proseslərə yeni impuls verə bilər.

Məsələnin detalları ilə bağlı siyasətçi, jurnalist Cavanşir Abbaslı müsahibə verib.

— Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionun geosiyasi balansını necə dəyişə bilər?

— Regionun geosiyasi balansı son zamanlarda sürətli şəkildə dəyişməyə başlayıb. Xüsusilə də son bir ildə. Çünki Rusiya və İranın Azərbaycana münasibəti istər-istəməz Amerika başda olmaqla Avropa güclərinin Azərbaycanın yerləşdiyi regionda təsir dairələrini artırmaq üçün hərəkətə keçmələrinə səbəb oldu. Təbii ki, burada da əsas günahkar səbəb Şimal və Cənub qonşularımızdır. Düşünürəm ki, onların Azərbaycana yönəlik siyasətləri davam edərsə, bu regionda digər güclərin təsir dairələri durmadan artacaq. Azərbaycan hər iki ölkə ilə hər zaman yaxın münasibətlər qurmaqda maraqlı görünüb. Bu gün də həmin siyasətini davam etdirir. Sadəcə olaraq bizim göstərdiyimiz münasibətə adekvat cavab sərgiləmir. Onun da nəticəsidir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas məkan olaraq Vaşinqton seçildi. Bu sülh müqaviləsi tam olaraq əldə olunmayıb amma mətnləri tam razılaşdırılıb. Paraflanma sənədi isə beynəlxalq hüquqda sənədin imzalanmasından öncəki bir yekun mətn sayılır. Bu isə o deməkdir ki, artıq sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb. Tərəflər buraya heç bir əlavələr edə bilməzlər və onun bəndlərini poza bilməzlər.

— Bu razılaşma Zəngəzur dəhlizi məsələsində üçtərəfli sazişin 9-cu maddəsinin aktuallığını tamamilə aradan qaldıra bilərmi?

— Zəngəzur dəhlizinə gəldikdə 9-cu maddənin tamamilə aradan qaldırılması mümkün görünmür. Sosial şəbəkələrdə və digər platformalarda bununla bağlı narahatçılıqlar ifadə olunur. Bəzi hakimiyyətə müxalif olanlar, sazişdən istifadə etməyə çalışan qüvvələr müqaviləni gözdən salmaq üçün Zəngəzur məsələsini ortaya atıblar. Rişxəndlə mövqelər sərgiləyirlər. Hesab edirəm ki, Zəngəzur dəhlizi məsələsi də heç zaman aktuallığını itirə bilməz. Naxçıvana gediş-gəlişin tam şəkildə bərpa edilməsi, eləcə də dəhlizdən istifadənin 99 il müddətinə ABŞ şirkətlərinə verilməsi hər iki tərəfə sərfəlidir. Və burada heç bir narahatçılığa əsas yoxdur.

— Ermənistanın iqtisadi və hərbi baxımdan Rusiyadan asılılığı sülh prosesinə necə təsir göstərə bilər?

— Ermənistan iqtisadi-hərbi hətta siyasi baxımdan Rusiyadan asılıdır. Reallıq ortadadır, bu gün Ermənistan bu gün siyasi baxımdan da Kremldən çox asılıdır. Xüsusilə də ərazisində 102-ci Rusiya hərbi bazasının hələ də fəaliyyət göstərməsi bu ölkənin hərbi, paralel olaraq da siyasi tərəfdən Moskvadan asılı olduğunu göstərir. Dünya düzəni dəyişir, Ermənistan liderinin də Vaşinqtonda sənədə imza atması onu göstərir ki, proseslər əvvəlki kimi cərəyan etmir. Yəni, əvvəlki Rusiya təsiri Ermənistanda yoxdur. Amma istər-istəməz Ermənistanın Rusiyadan asılılığı davam edəcək. Ancaq onun sülh prosesinə hərhansı bir maneəçilik törədəcəyini düşünmürəm. Maneələr törətsəydi biz Paşinyanı Vaşinqtonda görməzdik.

— Rusiyanın Azərbaycandakı və Ermənistandakı təsir rıçaqlarını zəiflətmək üçün hansı beynəlxalq və regional addımlar atılmalıdır?

— Rusiyanın Azərbaycanda və Ermənistanda təsir riçaqlarını zəiflətmək üçün hansı addımların atılmasına gəldikdə düşünürəm ki, istənilən halda Rusiya ilə regionda ehtiyyatlı davranmaq lazımdır. Rusiya dünyanın əsas super güclərindən biridir. Ona görə də Rusiya ilə münasibətləri ən yaxşı halda müsbətə doğru dəyişməsi yönündə addımlar atılmalıdır. Azərbaycan tərəfi də bu yöndə bir sıra addımlar atıb. Sadəcə olaraq bizə qonşu olan ölkənin imperialist maraqlarının davam etməsi, Azərbaycanı öz vassalına çevirmək cəhdləri, eləcə də keçmişdə Azərbaycanın onun əsarətində olması düşüncəsi ilə yenidən Azərbaycana yuxarıdan aşağı baxması bu proseslərin qarşısını əngəlləyir. Azərbaycan isə əvvəlki Azərbaycan deyil. Heç kəs Azərbaycana diqtə və təhdid dili ilə danışa bilməz. Bütün bu proseslərin nəticəsidir ki, münasitlər gərgin olaraq qalır. Amma bu gərginlik uzun illərə söykənən bir gərginlik olmayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər