Bakalavriat səviyyəsində 4 ixtisas – “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Torpaqşünaslıq və aqrokimya”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.
“Ekologiya” ixtisası üzrə məzunlar elm-təhsil-istehsalatı əhatə edən bütün dövlət idarə və müəssisələrində, həmçinin özəl təşkilatlarda çalışa bilərlər. Bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, BP və digər təşkilatlar aiddir. Ekologiya ixtisasını bitirən məzunlar beynəlxalq ekoloji təşkilatlarda (UNEP, WWF, IUCN, FAO və s.) layihə meneceri, ekspert, beynəlxalq ekoloji standartlar və layihələr üzrə məsləhətçi ola bilərlər.
“Ekologiya mühəndisliyi” ixtisası üzrə məzunlar ekologiya və ətraf mühitin mühafizəsi, nəqliyyatın idarə olunması, energetika və bərpa olunan enerji sistemlərinin qurulması və istismarı, neft-qaz və kimya sənayesi, tullantıların idarə olunması və istehsalı, kənd təsərrüfatı, əkinçilik, torpaqların mühafizəsi, eləcə də fövqəladə halların proqnozlaşdırılması və idarə olunması, aerokosmik tədqiqatlar, kosmik təsvirlərin emalı ilə məşğul olan qurumlarda, xalq təsərrüfatının müxtəlif təyinatlı muəssisələrində, bir sıra nazirlik, komitə, cəmiyyət və şirkətlərdə yuksək reytinqli mühəndislik vəzifə və peşələrində çalışmaq imkanı əldə edəcəklər. Bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərcosmos” ASC, Müdafiə Sənayesi Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, neft və kimya sənayesi şirkətləri (SOCAR, BP və s.), dağ-mədən fəaliyyəti göstərən şirkətlər (“AzərGold” QSC və s.), tullantıların təmizlənməsi və idarəolunması ilə məşğul olan qurumlar (“Təmiz Şəhər” ASC və s.) aiddir. “Ekologiya mühəndisliyi” ixtisasını bitirən məzunlar həmçinin ekoloji konsaltinq və mühəndislik şirkətlərində ekoloji ekspert, layihə tərtibatçısı, konsaltinq mütəxəssisi ola bilərlər.
“Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə məzunlar Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərcosmos” ASC və digər dövlət müəssisələri, həmçinin özəl sektorda fermer təsərrüfatlarında və torpaq analizi laboratoriyalarında çalışa bilərlər.
“Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə məzunlar Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, “Azərcosmos” ASC, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və onların tabeliyindəki müəssisələrdə, həmçinin bir çox özəl şirkətlərdə çalışa bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
Tehsil-press.az