BDU: Coğrafiya fakültəsində altı ixtisas üzrə mütəxəssis hazırlanır

BDU: Coğrafiya fakültəsində altı ixtisas üzrə mütəxəssis hazırlanır Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində altı ixtisas üzrə mütəxəssis hazırlanır.
Fakültədə Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Geodeziya və kartoqrafiya, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası, Hidrometeorologiya, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedraları fəaliyyət göstərir. Bakalavriat səviyyəsində coğrafiya, coğrafiya müəllimliyi, turizm işinin təşkili, geomatika və geodeziya mühəndisliyi, hidrometeorologiya və davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Coğrafiya ixtisası üzrə məzunlar landşaftın təkamülü və dinamikası, təbiətin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların səmərəli istifadəsi, təbiət proseslərinin tədqiqi, sosial infrastrukturun və istehsalın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri, dünyada və ölkəmizdə baş verən demoqrafik proseslərin öyrənilməsi və bu bilikləri müxtəlif sahələrdə istifadə etmək bacarığına yiyələnirlər. Bu ixtisas üzrə məzunlar müxtəlif sahələrdə, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, institutlarda, yaşıllaşdırma idarələrində və s. qurumlarda mütəxəssis kimi işləyə bilərlər.
Coğrafiya müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər və gimnaziyalar) yüksək peşəkarlıqla tədris apara bilərlər.
Davamlı inkişafın idarə edilməsi ixtisasını bitirənlərin geosiyasət, davamlı inkişafın məqsədləri, iqtisadi, sosial və ekoloji tarazlıq haqqında biliklərə malik mütəxəssis kimi bir çox müəssisələrdə çalışması mümkündür.
Turizm işinin təşkili ixtisası üzrə məzunlar xarici və daxili turların təşkili, partnyorlarla əlaqə və işgüzar yazışmalar, müştəri sorğularının cavablandırılması, aviabilet əməliyyatları, operativ marketinq təkliflərinin hazırlanması, mehmanxana və sosial-ictimai sahədə xidmətlərin təşkili, xidmət keyfiyyətinə nəzarət sahələrində, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətləri və beynəlxalq turizm təşkilatlarında, Dövlət Turizm Agentliyi və s. qurumlarda işləyə bilərlər.
Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə məzunlara mühəndis, topoqrafik və mədən ölçmələri, coğrafi informasiya sistemləri (CİS), geodeziya şəbəkələrinin müşahidəsi, təhlili və qiymətləndirilməsi, nivelirləmə, geoməkan analizi, məsafədən zondlama, şəhər planlaşdırılması və ətraf mühitin monitorinqi sahələrində ehtiyac olur.
Hidrometeorologiya ixtisası üzrə məzunların hidrometeoroloji məlumat, hava proqnozu, meteorologiya, aerologiya, qurunun və okeanların hidrometeoroloji rejiminin öyrənilməsi və s. sahələrdə işləməsi mümkündür.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər