Region universitetləri ilə bağlı qərar – Diplom verməkdən başqa nə iş görürlər?

Region universitetləri ilə bağlı qərar – Diplom verməkdən başqa nə iş görürlər? Mingəçevir Dövlət Universitetinə yeni rektor təyinatı diqqətləri yenidən region universitetlərinə yönəlib. Bakıdakı ali təhsil müəssisələrinin təhsil səviyyəsi cəmiyyətin böyük bir hissəsini qane etmir.

Bəs daha məhdud resurslara malik olan region universitetləri bu çətin şərtlər altında hansı funksiyanı yerinə yetirir? Əyalət universitetlərinin kadr hazırlığı və təhsil sistemindəki rolu nədən ibarətdir?

Təhsil eksperti Sona Əliyeva bildirib ki, region universitetlərinin əsas vəzifəsi yerli kadr ehtiyacını qarşılamağa yönəlməlidir:

“Yəni universitetlər fəaliyyət göstərdikləri regionun spesifik əmək bazarı tələblərinə uyğun mütəxəssislər hazırlamalıdır. Bu cür yanaşma, regionun inkişafına töhfə verməklə yanaşı, paytaxt və xarici ölkələrə ‘beyin axınının’ qarşısını almağa kömək edəcək. Adətən, daha savadlı gənclər yaxşı təhsil almaq üçün yaşadıqları bölgəni tərk edir və çox vaxt geri qayıtmırlar.
Regionda universitetlərin fəaliyyətinin ən müsbət cəhətlərindən biri, daha aztəminatlı ailələrdən olan gənclərin ali təhsilə çıxış imkanının olmasıdır. Məlumdur ki, paytaxt Bakı kifayət qədər bahalı şəhərdir. Hər ailənin büdcəsi övladının həm təhsil, həm də yaşayış xərclərini qarşılamağa imkan vermir.

Əslində regionlarda universitetlərin mövcudluğu çox mühüm sosial amildir. Bu, yerli icmanın intellektual və mədəni inkişafı, regional problemlərin elmi tədqiqi, tədqiqatların aparılması, yeni innovasiyaların tətbiqi, yerli biznes və kənd təsərrüfatının inkişafına dəstək və əməkdaşlıq baxımından çox vacibdir.

Eyni zamanda, regionun tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı daha dərin tədqiqatların aparılması və bu sahədə yerli mütəxəssislərin yetişdirilməsi də region universitetlərinin əsas funksiyalarından biri olmalıdır”.

Ekspertin sözlərinə görə, region universitetlərinin üzləşdiyi problemlər paytaxt universitetləri ilə müqayisədə daha çoxdur:

“Çünki burada daha az büdcə, zəif texnoloji təminat və akademik kadr çatışmazlığı əsas problemlərdəndir. Məsələn, yüksək ixtisaslı, müasir tələblərə cavab verən professor-müəllim heyətini regionlara cəlb etmək və orada saxlamaq çətindir. Motivasiya – əməkhaqqı və elmi fəaliyyət üçün şərait – çox vaxt yetərli olmur. Üstəlik, paytaxtda həm elmi mühit, həm əlavə qazanc imkanları, həm də sosial həyat daha cəlbedicidir.

Resurs və kadr çatışmazlığı səbəbindən fundamental və genişmiqyaslı elmi tədqiqatların aparılması məhdudlaşır. Bu, həm müəllimlərin inkişafını ləngidir, həm də universitetləri sadəcə “diplom verən” quruma çevirmək riski yaradır.

Həmçinin regionlarda iş yerlərinin azlığı məzunların işlə təminatında və tələbələrin istehsalat təcrübəsi keçməsində ciddi çətinliklər yaradır. Universitetlərin yerli əmək bazarının tələblərinə operativ reaksiya verməsi və əlaqələr qurması çox vaxt zəif olur.

Bəzən region universitetləri paytaxt universitetlərinin və ümumiyyətlə təhsil sistemimizin neqativ təcrübələrini də təkrarlayır. Tədris prosesi və qiymətləndirmədə formalizm, köhnəlmiş proqramlar kimi problemlər regionlarda da geniş yayılıb.

Bununla yanaşı, cəmiyyətimizdə və işəgötürənlər arasında bu universitetlərin diplomlarına qarşı qeyri-obyektiv yanaşma da mövcuddur”.

Sona Əliyevanın fikrincə, region universitetləri Azərbaycan təhsil sisteminin ayrılmaz və vacib hissəsidir:

“Onların əsas rolu təhsilə çıxış imkanlarını artırmaq və yerli kadr ehtiyacını qarşılamaqdır. Lakin bu universitetlər paytaxtdakı həmkarları ilə müqayisədə yalnız oxşar problemlərlə üzləşmirlər, əlavə olaraq maliyyə, kadr, infrastruktur və əmək bazarı ilə əlaqələr baxımından da ciddi çətinliklər yaşayırlar.

Mingəçevir kimi sənaye potensialı olan bir şəhərdə yerləşən universitetin yeni rəhbərliyinin qarşısında duran əsas vəzifə – mövcud çətinlikləri nəzərə alaraq – universiteti regionun ehtiyaclarına cavab verən, müasir tələblərə uyğunlaşan, yerli sənaye və bizneslə sıx əlaqə qura bilən bir təhsil və potensial tədqiqat mərkəzinə çevirmək olmalıdır.

Bu yalnız Mingəçevir Dövlət Universiteti üçün deyil, bütün region universitetləri üçün aktual bir çağırışdır. Bu hədəfə çatmaq üçün isə təkcə lokal səylər deyil, həm də sistemli dövlət dəstəyi və təhsil siyasətində islahatlar vacibdir.

Region universitetlərinin potensialını reallaşdırmaq üçün onlara diferensial yanaşma, məqsədli investisiyalar və spesifik inkişaf proqramları tətbiq edilməlidir. Bu universitetlərin fəaliyyətini qiymətləndirərkən onları yalnız paytaxt universitetləri ilə müqayisə etmək düzgün deyil. Onların yerinə yetirdiyi unikal regional funksiyalar və işlədiyi çətin şərait də nəzərə alınmalıdır.
Bu ali təhsil müəssisələri sadəcə “əyalət” universitetləri deyil – düzgün dəstək verildikdə, regionların sosial-iqtisadi və intellektual həyatının lokomotivinə çevrilə bilərlər”.

Tehsil-press.az

Oxşar xəbərlər