
Bu sözləri açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, Məhəmmdə Peyğəmbər öz dövrünə uyğun yaşayıb, geyinib və o dövrün tələblərinə uyğun olaraq da saqqal saxlayıb: “Müsəlmanlara da buyurub ki, öz dövrünüzə, adətinizə, ürfünüzə uyğun yaşayın. Bu meyarla da indiki dövrdə saqqal saxlamaq uyğun görülmür. Ələlxüsus da ki, uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur. Din təmizliyi, paklığı əmr edir. Təbiblərin rəyinə görə, saqqal tükündə çoxsaylı mikrob və bakteriyalar cəmləşir, ətrafa yayılır. Bir hədisdə təmizliyin dinin yarısı olduğu buyurulur. Bu nəzərdən baxsaq, nəinki saqqal saxlamaq, əksinə, saqqalı qırxmaq zəruri sayıla bilər. Son zamanlar bəzi gənclər də saqqala meyl edir. Çoxu da dəb üçün saxlayır. Bu qətiyyən doğru deyil. Dinlə saqqalın heç bir əlaqəsi yoxdur. Din saqqal kimi bəsit mövzular üzərində bərqərar deyil. Dinin mahiyyətini saqqal səviyyəsinə endirənlər dinə ən böyük hörmətsizlik edənlərdir. Saqqal hər bir halda insanın səliqəsinə, imicinə geridəqalmışlıq qatır, orta əsrləri xatırladır. Əsl insan, əsl mömin, nümunəvi bəndə olmaq üçün əsla saqqala ehtiyac yoxdur. Marksın da saqqalı olub, amma ateist idi. Din tüklə, qılla yox, elmlə, ağılla ölçülür. Bəzi dindarlar özlərini əməlləri ilə, savadları ilə, ictimaiyyətə verməli olduqları mənəvi töhfə ilə, gözəl nümunələrlə sübut edə bilmədikləri üçün zahiri görünüşləri, ərəb qiyafəli geyimləri ilə özləri haqda mömin, inanclı görüntüsü yaratmaq istəyirlər və saqqal uzadırlar. Amma din bunu rədd edir. İnsan dində əməllə, mənəviyyatla, elmlə fərqlənməlidir, zahiri görünüşü ilə deyil”.
Tehsil-press.az