Suraxanıda “peyğəmbər” olduğunu iddia edən şəxs ÜZƏ ÇIXDI

Suraxanıda “peyğəmbər” olduğunu iddia edən şəxs ÜZƏ ÇIXDI Suraxanı rayonunun Əmircan qəsəbəsində Ələsgər Musayev adlı birisi özünü “peyğəmbər”elan edib. Ə.Musayev özüylə bağlı müxtəlif videomateriallar paylaşır. Guya ki, o Allahın yer üzündəki növbəti “elçisi”dir.

Məsələ ilə bağlı danışan ilahiyyatçı Tural İrfan deyir ki, İslam dininə görə sonuncu peyğəmbər Həzrət Məhəmməddir:

“Yəni, demək olar ki, 680 məzhəb və təriqətin böyük əksəriyyəti birmənalı şəkildə etiqad edir ki, peyğəmbərlik Həzrət Muhəmməd ilə xətm olunub, bitib. Bunun Quranda kəskin və konkret dəlilləri var. Qeyd olunur ki, Həzrət Muhəmməd Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur.

Ancaq tarix boyu müəyyən dələduzlar olub ki, özünü peyğəmbər elan edərək mənsəb, maddiyyat əldə ediblər.

Elə ilk yalançılar sonuncu Peyğəmbərin sağlığında peyda olmuşdu. Hətta ona məktub da yazmışdı ki, gəl yer üzünü iki yerə bölək, yarısı sənin, yarısı mənim olsun. Peyğəmbərdən sonra birinci xəlifə Əbu Bəkrin zamanında o yalançı peyğəmbər məhv edildi.

Çünki cəmiyyəti, ümməti parçalayırdı və dələduzluq edirdi. Sovet dövrü təzə başa çatan kimi insanların dini bilgisinin zəif olmasından istifadə edən bəzi dələduzlar keçmiş Sovet respublikalarında da oxşar iddialarla çıxış ediblər. Bunlardan biri də Bakının Əmircan qəsəbəsində peyda olan Ələsgər Musayevdir. O, ərəb dilindən bilgisi olduğuna görə daha çox adamı aldadıb təsir altına sala bilib. Qondarma din yaradaraq özünü Allahın Rəsulu elan edib.

Təəssüf ki, hələ də müsəlman cəmiyyətini, dini, ümməti parçalamaq fəaliyyətini sərbəst şəkildə həyata keçirir. Baxmayaraq ki, rəsmi dini icma olaraq qeydiyyatdan keçməyib. Çoxarvadlılığı nəinki təbliğ edir, hətta böyük masştabda bunu icra etdirir. Xurafat, mövhumatı təmtəraqlı şəkildə dirçəldən bu qruplaşma saxta Quran yazaraq, əsl Quranı təhrif edib, tamamilə cəfəng bir tərcümə meydana gətirib.

Şübhəsiz ki, İslama və xalqımıza düşmən kəsilən xarici güclər də qaranlıq yollarla bu kimi fitnə-fəsadçıları müxtəlif yollarla dəstəkləyirlər. Çünki dolayı da olsa düşmənə xidmət edir belə cərəyanlar”.

Müsahibimiz qeyd edib ki, Ələsgər Musayev özünü peyğəmbər elan etməklə kifayətlənmir:

“Ona "iman gətirən"ləri də peyğəmbər elan edir. Bəzən onları başına yığıb danlayır, əmr verir. Öz evini Kəbə kimi ziyarət etdirib başına dolandırır. Qurandan istənilən mənanı, öz nəfsi istəklərinə uyğun mənanı çıxarır.

Əvvəllər ölkəmizdə yeni yaranan Vəhhabilik (özlərini Sələfi adlandırırlar) cərəyanının üzvü olan Ələsgər Musayev sonra onlardan ayrılaraq öz dinini elan edib.

Vəhhabilikdən əvvəl isə Suraxanıda Şeyx Nizaməddin Əmirihac məscidinin icma sədri, axundu olub. Belə axundlar indi də çoxdur. Fürsət tapsalar, onlar da özlərini ilah, imam, peyğəmbər elan edərlər.

Araşdırmalar və müşahidələr göstərir ki, bu şəxslərdə eyni zamanda ruhu, psixoloji problemlər də var. Çünki şizofreniya, paranormal problemləri olan adamlarda özündən müştəbehlik, böyük iddialar, özünü hamıdan üstün görmək halları olur. Kənardan ziyansız və heç kəslə işi olmayan qrup kimi görənsə də, əslində bu, cəmiyyət üçün çox qorxulu və təhlükəli haldır. Quranı istədiyi kimi yozub, təfsir edib hətta çap edən bu saxtakar dələduz qruplaşma zəmin yaranan kimi Qurana daha radikal və qorxulu təfsirlər, şərhlər verərək istiqaməti dəyişə, radikallaşa, qəddarlaşa bilər”.

Çoxarvadlılıq, uşaqbazlıq və əxlaqsızlıq təbliğ edilir.

Tural İrfan sonda onu da vurğulayıb ki, Ələsgər Musayevin fəaliyyətinin hədəfi İslam ümmətini, dinini mümkün olduğu qədər təhrif etmək, cəmiyyəti parçalamaq, xarici qüvvələrə xidmət etmək, pozğunçuluq yaymaq, çoxarvadlılıq, uşaqbazlıq, əxlaqsızlıq yaymaqdır:

“Bu şəxs sosial media hesablarında və bəzi video yayımlarında qadınlara qarşı həddən artıq təhqiramiz ifadələrə yol verir, söyüş söyür və xalqımızın milli, mənəvi, mədəni dəyərlərini aşkar şəkildə təhqir edir. Adını “din” qoysalar da, əslində ideoloji dağıdıcı mütəşəkkil dəstə olaraq fəaliyyət göstərirlər.

Hesab edirəm ki, belə qanunsuz qruplaşmaların, qeyri rəsmi icmaların qanunsuz fəaliyyəti cəmiyyət üçün çox təhlükəlidir. Digərləri də bundan ruhlanıb oxşar iddialar edir, qanunsuz fəaliyyətə can atırlar”.

Tehsil-press.az

Oxşar xəbərlər