Fransa Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud geosiyasi reallıqları qəbul etməyə başlayıb - ŞƏRH

Fransa Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud geosiyasi reallıqları qəbul etməyə başlayıb - ŞƏRH Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etməyin onun üçün böyük şərəf olduğunu bildirib. “Tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir”,- deyə diplomat qeyd edib.

Səfirin bəyanatını şərh edən politoloq Zeynal Əmrəliyev bildirdi ki, bu bəyanat Azərbaycan-Fransa arasındakı gərgin olan münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər:

"Əgər səfirin bu açıqlaması Fransa dövlətinin yeni siyasi xəttini göstərirsə, bu, təbii ki, sevindirici bir haldır. Bu onu göstərir ki, artıq rəsmi Paris Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud geosiyasi reallıqları qəbul edir. Bu, ən çox Fransanın xeyrinə yarayacaq bir məsələdir. Çünki artıq Azərbaycan-Ermənistan arasında münaqişə vəziyyəti aradan qalxıb və Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Prezident Donald Trampın vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında sülh müqaviləsinin paraflanmasına dair razılaşma əldə edilib".

Onun sözlərinə görə, Fransanın bu günə qədər uğrunda mübarizə apardığı məsələ məhz ATƏT-in Minsk qrupunun fəaliyyətinin qalması idi:

"Artıq Azərbaycan və Ermənistanın ortaq müraciəti nəticəsində ATƏT-in Minsk qrupu da öz fəaliyyətini sonlandırdı. Fransanın faktiki olaraq Cənubi Qafqazdakı siyasəti iflas etdi. Fransa səfirinin bu açıqlamasında müsbət məqamlar var. Artıq Fransa Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərpa olunmasını qəbul etməyə çalışır. Bu, gələcəkdə ikitərəfli münasibətlərə müsbət təsir edəcək amildir. Amma yenidən Fransanın erməni diasporuna boyun əyərək Ermənistanı hansısa bir formada silahlandırmasının, yeni təxribatların yol açmasına şahid olsaq, təbii ki, bu münasibətlərin irəliləməsi barəsində söhbət gedə bilməz. Azərbaycan hər zaman sülh və sabitlik istəyən dövlət olub, sülhə çağırışlar edib. Fransanın bunu gec-tez görməsi bizi sadəcə məmnun edə bilər".

Tehsil-press.az

Oxşar xəbərlər