İlber Ortaylı: “Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq”

İlber Ortaylı: “Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq” “Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq”- bu sözləri Türk Tarix Qurumunun fəxri üzvü, tanınmış tarixçi alim, yazıçı İlber Ortaylı Naxçıvan Dövlət Universitetinin Kembric Məktəbində mətbuata xüsusi müsahibə verərkən qeyd edib. Professor Naxçıvan haqqında təəssüratlarını media əməkdaşları ilə bölüşüb.

- İlk dəfə Naxçıvandasız, bir çox yerlərdə olmusunuz, bura sizdə necə təəssürat yaratdı?

Mən Naxçıvanın bu qədər özünəməxsus olduğunu düşünməmişdim. Bu yerlər orta əslərin izlərini daşıyır. Tikilən bağçalı evlər möhtəşəmdir. Ordubada getdim, ora daha çox ənənəvi, gözəl bir bölgədir, çox nizam-intizam var. Ən çox da mənə təsir edən uzaq kənddə musiqi məktəblərinin olmasıdır. Universitetdə də iki dənə akedemik səviyyədə musiqi məktəbi var. Musiqi ölkəsi olduğu bəllidir. Hər halda burada vaxt yaxşı və maraqlı keçir.

Azərbaycan tarixi, Naxçıvan tarixi ilə bağlı kitab yazmağı düşünürsünüzmü?

– Mən burada qalsam, yazaram. Amma burada tarixçilərin özləri yazırlar. Mənə də bir neçə kitab gəldi, baxdım. Burda məhşur ailələr var, məsələn, kəngərlilər, o barədə yazılıb. Biri binalar, körpülər haqqında yazıb ki, bu çox önəmlidir. Çünki bura karvan yoludur. Hətta Osmanlının ilk dövrü bura ilə sıx əlaqələr olub, memarlar Osmanlıya gedib. Həmin dövrün araşdırıldığı əsərlərdə bu bağlantı qeyd edilməlidir.

-Türkiyədə məktəblərdə ortaq türk tariximiz şagirdlərə öyrədilirmi?

– Bununla bağlı çatışmazlıqlar var. Məlumatsızlıqdan irəli gələn bir çatışmazlıq var. Məsələn, ədəbiyyat dərsində Şah İsmayıl Xətai yoxdur, belə olmaz. Sonra 19-cu əsr təcəddüt (yeniləşmə) ədəbiyyatında Azərbaycan şairləri, “Füyuzat” axını yoxdur. Bunlardan bir parça olmalıdır. Tarixdə də əksikliklər var. Məsələn, İran inqilabı deyirlər, amma onu iranlılar yox, Azərbaycan edib. Bunu bilən yoxdur, nə olduğunu bilmək və söyləmək üçün də buranı öyrənmək lazımdır

–Sizcə, gələcəkdə süni intellekt təhsil sisteminə təsir edəcəkmi?

– Təhsil sisteminə təsir edər, misal üçün kitabxanaçalıq xidməti edər. Süni intellekt ordan burdan sənədləri, məlumatları bir yerə toplayır. Ancaq özün hazırlamadıqdan sonra nə faydası var ki, onu oxuya bilmirlər. Yoxsa məzmunu sən həll etməsən, o nə edəcək ki?

– Azərbaycan ədəbiyyatından hansı kitab və ya şeir Türkiyədə bilinir?

– Biz məmləkətimizdə xalq ədəbiyyatı deyə heç “Hophopnamə”ni oxumadıq. Bu çox önəmlidir və o təcəddüt (yeniləşmə) ədəbiyatında da olmalıdır. Məsələn 19-cu əsrdə kimlər var, demək olar ki, çoxunu bilmirik. Mirzə Fətəli Axundzadə bir parça əsərini səhnədə görmədik. Teatr tarixində müasir teatrın başlanğıcı kimi Şinasinin “Şairin evlənməsi” pyesi ilə kifayətlənmək olmaz. Burda böyük ədəbiyyat var, onların hamısını incələyib öyrənmək lazımdır. Onlar məktəblərdə dərsliklərə salınacaq ki, millət maraqlansın, oxusun. Axundzadəni, Nəcəfzadəni, Vəzirovu heç kim tanımır, haqqında bilmir, ancaq bilməlidirlər.

– Naxçıvan uzun müddət blokada şəraitində qalmasına baxmayaraq, təhsil sistemi inkişaf edib, hər kəs oxuyub, bunu necə dəyərləndirərdiniz?

– Bəli, belə strateji bölgələrdə insanlar daha çox oxuyur və əzmkar olurlar. Tarix boyu bu belə olub. Burdan insanlar ya savaşçı, ya da alim olaraq çıxır. Çünki belə yerlərdə insanlar çox çalışqan olurlar. Qadınlar da çox yaxşı oxuyar, təhsil alır. Fərqli nümunələr var.

– NDU ilə bağlı necə təəssüratlarınız yarandı?

– Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq. Görünür, çox gözəl və hərtərəfli universitetdir.

– Son olaraq oxuculara, xüsusən də tələbələrə nələr tövsiyyə edərsiniz?

– Mən gəzməyi tövsiyyə edirəm. Çünki həyatı öyrənmək üçün bu lazımdır. Bir daha bu təcrübəni yaşaya bilməzlər. Səyahət bəzi ölkələrdə çətindir deyə gənc ikən bunu etmək lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər