Mingəçevir Dövlət Universitetində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü tədbiri keçirilib 2025-ci ilin 3 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Universitetin ikinci tədris binasının həyətində təşkil olunan tədbirdə MDU-nun akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyev və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov universitetin müəllimlərini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb. Gənc nəslin formalaşmasında müəllimlərin misilsiz rolundan söz açan rektor müəllimliyin insanın ömürlük missiyası olduğunu bildirib.

Müəllimin yalnız bilik ötürən deyil, həm də həyat dərsi verən şəxs olduğunu diqqətə çatdıran A. Eminov onların əziyyətlərinin ən böyük bəhrəsinin yetişdirdikləri savadlı, vicdanlı və vətənpərvər gənclər olduğunu qeyd edib.

Sonra universitetin ən qocaman müəllimi, MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılov çıxış edib. O, müəllimlik peşəsini öz həyatının mənası kimi dəyərləndirdiyini bildirib, ömrünü gənc nəslin savadlı, vətənpərvər və vicdanlı yetişməsinə həsr etməkdən qürur duyduğunu vurğulayıb.

“Bizim ən böyük mükafatımız yetişdirdiyimiz tələbələrin uğurlarıdır” – deyən M. İsmayılov müəllim adının hər zaman uca tutulmasının vacibliyini diqqətə çatdırıb. O, həmkarlarını və gənc pedaqoqları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Daha sonra uzun illər MDU-da fəaliyyət göstərmiş və hazırda təqaüddə olan iki müəllim – Kərim Əliyev və Afayət Tanrıverdiyeva universitetin rektoru A. Eminov tərəfindən Fəxri Fərmanla təltif ediliblər. Onların pedaqoji fəaliyyətinə və universitetin inkişafına verdikləri töhfələrə görə xüsusi minnətdarlıq bildirilib.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə universitetin tələbələrinin ifasında bayram əhval-ruhiyyəli musiqilər səsləndirilib, universitet kollektivi ilə birlikdə rəqslər edilib.

Tehsil-press.az

Oxşar xəbərlər