Qəbula gələn vətəndaşların müraciətləri əsasən baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, buğda, arpa və qarğıdalı sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi, meyvə bağları üzrə subsidiyaların ödənilməsi və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Aqrar Sığorta Fondunun sədri fermerlərə payızlıq əkin sahələrinin sığortası mövsümünün başladığı bildirilib və əkin sahələrini sığortalamağı tövsiyə edib.
Qəbuldan sonra Fuad Sadıqov Oğuz rayonunda yerləşən intensiv alma, gavalı və gilas və qoz bağlarına baş çəkib, fermer və təsərrüfat nümayəndələri ilə görüşüb.
Tehsil-press.az












