Komitə sədrindən təklif: "Üç və daha çox uşaqlı ailələrə…"

Komitə sədrindən təklif: Deputat, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 2026-cı il Dövlət büdcəsi haqqında parlamentdə keçirilən müzakirələrdə çıxış edib.

Komitə sədrinin sözlərinə görə, son 5 ildə əldə olunan nəticələr onu göstərir ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi, eyni zamanda, güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaratdı:

“Biz hansı sahəyə baxsaq, orada inkişaf görürük. “Böyük Qayıdış” Planı uğurla həyata keçirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı islahatlar davam edir. İqtisadiyyatımız şaxələnir və getdikcə daha da güclənəcək. Çıxışlarda da bir neçə dəfə qeyd olundu ki, iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur və bu sahənin inkişafına xüsusi diqqət var. Əlbəttə, görülən bu işlər Prezident İlham Əliyevin siyasi qətiyyətini, xalqımızın iradəsini və iqtisadi potensialımızın gücünü göstərir.

Hazırkı geosiyasi proseslər fonunda təhlükəsizlik, xüsusi ilə kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də süni intellekt məsələləri daha da aktuallaşır. Digər tərəfdən, qlobal və regional iqtisadi reallıqlar milli iqtisadiyyatımıza da təsir etməkdədir. Buna görə də biz deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi həm də gələcək illər üzrə sosial və iqtisadi inkişaf Konsepsiyasını əhatə edir”.

H.Hüseynova ardınca ümidlə bildirdi ki, səsləndirdikləri təkliflər gələn ilin dövlət büdcəsində və sonrakı illərin dövlət büdcəsində nəzərə alınacaq: “Eyni zamanda, ətraflı təqdimata görə hökumət nümayəndələrinə, Hesablama Palatasına və Mərkəzi Banka təşəkkür edirəm.

Bütün şəhər və kəndlərimiz kimi, Sumqayıt da inkişaf edir. Sənaye Parkının fəaliyyəti, investisiya və infrastruktur layihələri nəticəsində həm şəhərin siması dəyişir, həm də yeni iş yerləri açılır. Xüsusi ilə seçildiyim dairə üzrə seçicilərim adından təşəkkür etmək istəyirəm. Bu günlərdə Bakı və Sumqayıt şəhərləri arasında yeni avtobus marşrutu istifadəyə verildi. Bu, insanların sürətli və rahat gedişlərinə böyük dəstəkdir. İnanırıq ki, vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşması üçün aparılan işlər davamlı olacaq. Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür. Uşaq yalnız ailənin deyil, eyni zamanda, mənsub olduğu xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir. Ona görə də, büdcəyə uşaqlarla bağlı təkliflərimi bir daha səsləndirmək istəyirəm. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, Uşaq bağçalarında və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac vardır. Bütövlükdə, mən 2026-cı il üçün dövlət büdcəsi layihəsini əhatəli hazırlanmış sənəd hesab edirəm. Və ona səs verəcəyəm”.

Tehsil-press.az

Oxşar xəbərlər