Təhsil eksperti Ramin Nurəliyev ali məktəblərə qəbul imtahanı qaydalarının yenilənməsi ilə bağlı təklif irəli sürüb.Ekspert hazırkı sistemin abituriyentlər üçün bəzi məhdudiyyətlər yaratdığını bildirib və daha çevik modelə ehtiyac olduğunu vurğulayıb.
Hazırda qəbul imtahanları iki mərhələdə keçirilir və abituriyentlər hər iki mərhələdə yalnız eyni qrup üzrə imtahana girə bilirlər. Tarix, coğrafiya və ədəbiyyat fənləri isə dünya və Azərbaycan mövzularını birgə əhatə edir. Qəbul maksimal 400 balla hesablanır və məktəb göstəricilərinin ümumi bala təsiri yoxdur.
Ramin Nurəliyevin təklif etdiyi yeni modelə görə isə imtahanlar may və iyun aylarında iki ayrı cəhd kimi təşkil olunmalı, abituriyentlər hər cəhd üçün istədikləri fərqli qrupu seçə bilməlidirlər. Ekspert hesab edir ki, bu, seçim imkanlarını genişləndirəcək və tələbə yönümünü daha dəqiq müəyyənləşdirməyə şərait yaradacaq.
Yeni modeldə tarix, coğrafiya və ədəbiyyat fənlərinin sualları yalnız Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və Azərbaycan ədəbiyyatı üzərindən qurulmalıdır. Hər qrupda fənlərin sayı 4 olacaq və Azərbaycan dili ilə xarici dil bütün qruplarda baza fənni kimi daxil ediləcək. Qəbul sistemi 500 ballıq şkala ilə hesablanacaq: 4 fənn üzrə 400 bal və məktəb göstəricilərinə görə əlavə 100 bal. Kolleclərə qəbul isə ayrıca 200 ballıq iki fənn imtahanı ilə həyata keçirilməlidir.
Ekspert bildirir ki, təklif edilən dəyişikliklər həm milli məzmunu gücləndirəcək, həm də abituriyentlərin bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə imkan yaradacaq.
Tehsil-press.az












