Tədbirdə dövlət və biznes sektorunun nümayəndələri iştirak edirlər.
Foruma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri və xarici ticarət üzrə tərəfdaşlar qatılıblar.
Tədbirdə gömrük sistemində tətbiq olunan rəqəmsal alətlər, xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi, eləcə də dövlət orqanları ilə biznes subyektləri arasında əməkdaşlığı gücləndirən layihələr təqdim olunur.
Forum çərçivəsində biznes nümayəndələrinin iştirakı ilə gömrük prosedurları, elektron xidmətlər, əməliyyatların şəffaflaşdırılması və sərhədkeçmə proseslərinin optimallaşdırılması üzrə geniş müzakirələr aparılır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi hər il “Gömrük-Biznes Forumu”nu keçirməklə gömrük sahəsində yeniliklərin sahibkarlıq subyektlərinə operativ çatdırılmasını və dövlət-özəl sektor əməkdaşlığının daha da dərinləşdirilməsini hədəfləyir. Builki forum xüsusilə rəqəmsal transformasiya və modern gömrük idarəçiliyi baxımından maraq doğurur.
Tehsil-press.az










