Fənlərin dövrü çoxdan bitib, müasir təhsil bunu tələb edir, süni intellekt də gətirə bilərik.Bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır:
“Bu, nə qədər ki belə qalacaq, məzmunu dəyişmək çətin olacaq. Məzmunu dəyişmək müəllimin maaşını dəyişmək deməkdir. Şərti olaraq, əgər biologiyanı bir saat azaldaq deyiriksə, bu həmin fənnin müəlliminin maaşının 10 % azalmasıdır. Məzmunda olunan dəyişiklik müəllimlərin maaşına təsir edəcək, müəllim maaşı ilə bağlı verilən qərar məzmuna təsir edəcək”.
E. Əmrullayev qeyd edib ki, müəllimlərin maaşı mütəmadi artırılsa da, məzmunu dəyişmək olmur. Onun fikrincə, Azərbaycanda 4 nəsil eyni məzmunla təhsil alıb, eyni fənləri oxuyub:
“Sistem eynidir və bunu dəyişmək çox çətindir. 1990-cı illərdə informatika fənni tədris olunmağa başladı. Bu məntiqlə təhsilə süni intellekt də gətirə bilərik. Amma müəllimlərimiz fənlərarası əməkdaşlığı başa düşməlidir. Məqsədlər dəyişməlidir. Müəllimin məqsədi ona ayrılan saatları keçib dərhal məktəbdən getməkdirsə, başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onu maraqlandırmırsa, şagird hərtərəfli inkişaf etməyəcək”.
Nazir vurğulayıb ki, daha çox müəllimlərdən danışılsa da, təhsilin bütün mahiyyəti uşaqdır: “Biz müəllimə niyə maaş veririk? Çünki şagird daha yaxşı öyrənməlidir. Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik”.
O əlavə edib ki, son 10 ildə müəllimlərin keyfiyyəti artıb: “Müəllim sözünü düz yazmayan adamlarla sağollaşmışıq. Hazırda müəllimlər arasında rəqabət artıb. Bir gecəyə 150 min müəllimi əvəzləmək qeyri-mümkündür. Amma gənc müəllimlərin sertifikatlaşdırma prosesi mükəmməldir. Minlərlə müəllimin hər biri 51 baldan çox toplayıb. Bilikli müəllimlərin də metodik təkmilləşdirilməsi önəmlidir”.
Tehsil-press.az















