Putin Bəşər Əsədi təhvil verəcək, Suriyada isə... - YENİ SSENARİ

Putin Bəşər Əsədi təhvil verəcək, Suriyada isə... - YENİ SSENARİ Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra onun saxlanılması və məsuliyyətə cəlb olunması məsələsi beynəlxalq müzakirə predmetinə çevrilib. Maraqlıdır, Bəşər Əsədin Suriyaya təhvil verilməsi real ssenari ola bilərmi?

Məsələ ilə bağlı siyasi şərhçi İlyas Hüseynov açıqlamasında bildirib ki, Bəşər Əsədin ölkədən çıxışı birbaşa Rusiya tərəfindən təmin olunub və bu amil Moskvanın mövqeyini açıq şəkildə ortaya qoyur.

“Hazırda Bəşər Əsəd kifayət qədər rahat və təhlükəsiz həyat yaşayır. Son yayılan görüntülərdən də məlum olur ki, o, ailəsi ilə birlikdə Moskva ətrafında, Rusiyanın ən varlı şəxslərinin yaşadığı Rublyovkada məskunlaşıb.”

İlyas Hüseynov qeyd edib ki, Suriyada formalaşan keçid hökumətinin rəhbərinin Moskvaya səfəri zamanı Əsədin gələcək taleyi müzakirə oluna bilər:

“Hesab edirəm ki, Suriyanın keçid hökumətinin rəhbərinin Moskvaya səfəri çərçivəsində Bəşər Əsədin Suriyaya təhvil verilməsi məsələsi müzakirə mövzusu olub. Lakin onun Rusiyadan Suriyaya verilməsi Moskvanın beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər.”

Siyasi şərhçi vurğulayıb ki, Rusiya adətən himayə etdiyi rejimlərin birinci şəxslərinin təhlükəsizliyinə zəmanət verir:

“Rusiya dövləti ənənəvi olaraq himayə etdiyi rejimlərdə əsas fiqurların təhlükəsizliyini bu və ya digər formada təmin edir. Bu baxımdan Bəşər Əsədin Suriyaya təhvil verilməsi Rusiyanın siyasi imicinə uyğun deyil.”

Bununla belə, İlyas Hüseynov digər variantı da istisna etməyib. Onun fikrincə, proses yalnız Rusiyanın strateji maraqlarına uyğun olacağı təqdirdə reallaşar:

“Əsədin Suriyaya verilməsi tamamilə danışıqlar mövzusudur. Əgər bu addım Rusiyanın maraqlarına xidmət edərsə, belə bir proses nəzəri olaraq baş verə bilər.”

Ekspertin fikrincə, hazırkı siyasi konfiqurasiyada Bəşər Əsədin Suriyaya ekstradisiyası ehtimalı aşağı qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər