Ötən ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra iki ölkə arasında siyasi münasibətlərdə yaranan gərginlik ticari-iqtisadi əlaqələrin genişlənməsinə mane ola bilməyib. Belə ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Rusiya arasılnda qarşılıqlı ticarət dövriyyəsi 4,5 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artım deməkdir.
On bir ayda Azərbaycandan Rusiyaya ixrac 3,5 milyon dollar artmaqla 1 milyard 87,8 milyon dollar təşkil edib. Rusiyadan Azərbaycana ixrac isə 100 milyon dollar artararq 3 milyard 420 milyon dollar çatıb. Ötən ilin yanvar-noyabrında Azərbaycanın ixracı 1 milyard 84 milyon dollar, idxalı isə 3 milyard 300 milyon dollar olmuşdu.
Rəqəmlər göstərir ki, Rusiyanın bu ilin əvvəlindən ölkə ərazisindəki azərbaycanlılara qarşı məqsədyönlü təzyiq siyasətinə baxmayaraq, ölkələr arasında ticarət münasibətləri səngiməyib. Doğrudur, 2024-cü ildəki iqtisadi aktivlik olmasa da, 2025-ci ildə beynəlxalq və regional layihələr çərçivəsində əməkdaşlıq davam edib. Bura xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi aiddir. Sentyabr ayından etibarən bu layihə çərçivəsində Azərbaycan-İran-Rusiya formatında bir neçə görüş və iclaslar keçirilib, icra və planlar müzakirə olunub. İlin sonuna doğru Rusiya regionlarından nümayəndə heyətlərinin ölkəmizə səfərləri bərpa olunub, dekabrda Həştərxan vilayətinin rəhbərliyi Qubadlı rayonuna gedib.
Rəsmi məlumata əsasən, Rusiyanın 80-ə yaxın subyekti Azərbaycanla əlaqələr saxlayır, onlardan 20-dən çoxu Azərbaycan hökuməti ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında sazişlər bağlayıb.
2024-cü ilin sonunda Rusiya İtaliya və Türkiyədən (10 faiz) sonra Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. Rusiyanın idxalda payı daha yüksəkdir (17,2 faiz) və o, Azərbaycanın Çindən (17,7 faiz) sonra ikinci tərəfdaşıdır. Statistik məlumatlara əsasən, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ildə 4,36 milyard ABŞ dolları, 2024-cü ildə 4,8 milyard ABŞ dolları (+ 10 faiz) təşkil edib.
Azərbaycanın Rusiyadan idxalında əsas yeri xam neft (25 faiz), qara metallar və onlardan hazırlanmış məmulatlar (11 faiz), taxıl, əsasən buğda (7,3 faiz) və elektrik avadanlıqları (3,7 faiz) tutur. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazardır. Azərbaycanın Rusiyaya ixracında meyvə (34 faiz), tərəvəz (17 faiz), süd məhsulları 7 faiz üstünlük təşkil edir.
Rusiyanın Azərbaycana yatırdığı birbaşa investisiyalar əsasən neft-qaz sektoruna (9,8 milyard ABŞ dolları) istiqamətlənib. Azərbaycanın Rusiyaya sərmayəsi 1,2 milyard ABŞ dolları təşkil edir, əsasən qeyri-neft və qaz sektoruna. Ölkəmizdə Rusiya kapitalı ilə 1380 (300-ə yaxını 100 faiz Rusiya kapitalı ilə) şirkət fəaliyyət göstərir.
Azərbaycanın Rusiyadakı əsas investisiyaları VTB-nin, "Qazprombank"ın nizamnamə kapitalında iştirak, Yessentuki, Jeleznovodsk və Kislovodskda sanatoriyaların, konserv və çay istehsalı zavodlarının, habelə Krasnodar diyarında və Rostov vilayətində quru qarışıqların tikintisidir.
Rusiyanın Azərbaycanın qeyri-neft sektoruna investisiyaları KAMAZ, URAL, QAZ, AvtoVAZ yük avtomobillərinin yığılmasıdır. Bundan əlavə, qazlı şərab istehsalı üzrə aparıcı şirkət Abrau-Dyurso 2022-ci ilin dekabrında Şəki və Füzuli rayonunda fəaliyyətə başlayıb, Azərbaycanda Ozon onlayn ticarət platforması fəaliyyətə başlayıb, Sumqayıtda Khimqrad SC ilə birgə sənaye zonası yaradılıb. 2023-cü ilin oktyabrında izolyasiya məmulatlarının istehsalı zavodu açıldı və əczaçılıq zavodunda rusiyalı investor tərəfindən dərman preparatlarının istehsalı layihəsi həyata keçirilir.
Rusiyanın "Lukoyl" şirkəti Cənubi Qafqaz boru kəməri və Şahdəniz-2 qaz hasilatı layihəsində 19,99 faiz paya və Azərbaycanda yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir (60-dan çox neft bazası).
2024-cü ilin yanvarında Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Nazirlər Kabinetindən açıqlanan məlumata əsasən, Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Maraqlıdır ki, bu il ərzində ölkələr arasında qarşılıqlı investisiya qoyuluşunda kəskin artım müşahidə olunmaqdadır. Belə ki, Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiya iqtisadiyyatına 38 milyon 923 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 faizdən 1,9 faizə düşüb.
9 ay ərzində Rusiya isə Azərbaycan iqtisadiyyatına 181 milyon 208 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvəllə müqayisədə 85,1 faiz çoxdur. Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 faizdən 3,8 faizə qalxıb.
İnvestisiyalardakı bu artım göstərir ki, biznes Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin iqtisadi müstəviyə keçəcəyini gözləmir. Belə bir gözləntinin olmaması qarşılıqlı ticarətin davam etməsinə gətirib çıxarıb.
Aydın məsələdir ki, iqtisadi əlaqələrin pozulmasında heç bir tərəf maraqlı deyil. Rusiya ona görə maraqlı deyil ki, demək olar ki, bütün məhsullar üzrə Avropa bazarını itirib, ticarətin yönünü Asiyaya çevirmək həddindən artıq baha başa gəlir. Belə bir şəraitdə Rusiya yaxın ətrafdakı ən kiçik bazarı belə itirmək istəmir. Azərbaycan isə heç də kiçik bazar deyil.
Azərbaycanda da Rusiya ilə iqtisadi əlaqələrin qırılmasını istəməyənlər çoxdur. Xüsusilə qeyri-neft ixracında bu ölkədən olan böyük asılılıq fonunda Azərbaycanın kənd təsərrüfatı ixracatçılarının Rusiya bazarını itirməsi böyük itkilərə səbəb ola bilər.
Rəsmi məlumata əsasən, bu ilin yanvar-oktyabrında Azərbaycanın qeyri-neft ixracı 2.99 milyard dollar təşkil edib. Bunun 1,03 milyard dolları aqrar və aqrar-sənaye məhsullarıdır. Bu dövrdə Rusiya 968,9 milyon dollarla qeyri-neft ixracımızda lider bazar olub. Belə bir şəraitdə Rusiyaya ixracın dayanması aqrar məhsulların 600-700 milyon dollarlıq bazarının itirilməsi demək olar.
Tehsil-press.az










