Qaz kartlarına niyə pul yükləmək olmur?

Qaz kartlarına niyə pul yükləmək olmur? Artıq iki gündür smart kart tipli qaz sayğacların fəaliyyətində yaranan problem davam edir. Abonentlər xüsusən də “Zenner” kartı ilə sayğaca yükləmə edə bilmirlər.

“Azəriqaz”dan Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, problem dövlət qurumu ilə əlaqədar deyil.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevin sözlərinə görə, hazırda “M-10” vasitəsilə sözügedən “Zenner” karta pul yükləmək olur.

“Bir az əvvəl şəxsən yoxladım, karta köçürmə icra olundu” – E.Vəliyev bildirib.

“MPay” MMC isə ötən gün açıqlamasında problemin “Azəriqaz”ın sistemindən qaynaqlandığını bildirib.

“Problemin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır. Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz” – şirkətin açıqlamasında bildirilir.

***22:40

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.

Istifadəçilər 20 saatdan artıqdır smart kartlara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.

Vurğulanır ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur. “Azəriqaz” məsələnin terminallarla bağlı olduğunu qeyd edir.

Vətəndaşlar terminallarla əlaqə saxlasalar da, onlar öz sistemlərində problem olmadığını, məsələnin “Azəriqaz”dan qaynaqlandığını bildirirlər.

Qeyd edək ki, saatlardır sosial şəbəkələrdə problem ictimailəşdirilsə də, məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 12,5 qəpik; 1200 kub metrdən 2500 kubmetrədək olan hissə üçün 22 qəpik; 2500 kubmetrdən çox olan hissə üçün 30 qəpikdir.

Tehsil-press.az

Oxşar xəbərlər