Prezident İlham Əliyevin Fələstin açıqlamasındakı xətlər: Bakı Fələstin məsələsində müsəlman həmrəyliyinə sadiqdir, lakin…

Prezident İlham Əliyevin Fələstin açıqlamasındakı xətlər: Bakı Fələstin məsələsində müsəlman həmrəyliyinə sadiqdir, lakin… Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibədə Fələstin mövzusunda səsləndirdiyi fikirlər sadəcə bir mövqenin ifadəsi deyil, Azərbaycanın bu məsələ ilə bağlı uzun illər ərzində formalaşdırdığı prinsipial, ölçülüb-biçilmiş və tarixi yaddaşa söykənən dövlət xəttinin bir daha sistemli şəkildə ortaya qoyulmasıdır.

Dövlət başçısının cavabında iki əsas xətt aydın şəkildə sezilir: bir tərəfdən Azərbaycanın Fələstin məsələsində müsəlman həmrəyliyinə sadiqliyi və beynəlxalq hüquqa əsaslanan mövqeyi, digər tərəfdən isə bu mövzuda Bakıya qarşı aparılan məqsədli anti-təbliğat kampaniyalarına verilən soyuqqanlı, lakin qəti cavab.

Prezidentin çıxışında birinci mühüm məqam son aylarda beynəlxalq gündəmdə yer alan Qəzza zolağına sülhməramlı qüvvələrin göndərilməsi məsələsi ilə bağlıdır. İlham Əliyev açıq şəkildə bəyan etdi ki, ABŞ hökuməti bu məsələ ilə bağlı Azərbaycana rəsmi müraciət edib, lakin Bakı məsələni dərindən araşdıraraq Vaşinqtona konkret suallar ünvanlayıb və nəticə etibarilə Qəzzada sülhyaratma missiyasında iştirak etməmək qərarına gəlib. Bu qərar emosional deyil, tamamilə rasional və milli maraqlara söykənən yanaşmanın nəticəsidir. Prezidentin vurğuladığı kimi, Azərbaycan öz əsgərinin həyatını və sağlamlığını ölkə hüdudlarından kənarda risk altına atmaq niyyətində deyil və “sülhməramlı missiya” adı altında hər hansı döyüş əməliyyatlarında iştirak variantı qətiyyən nəzərdən keçirilmir. Bununla da son aylarda xarici mediada Azərbaycan, Türkiyə, Pakistan və İndoneziyanın Qəzzaya mümkün missiyası ilə bağlı dolaşan spekulyasiyalara faktiki olaraq nöqtə qoyulmuş oldu.

Lakin Prezident İlham Əliyevin cavabının ikinci hissəsi daha dərin siyasi və tarixi kontekstə malikdir. Burada söhbət artıq təkcə Qəzza məsələsindən deyil, ümumilikdə Azərbaycanın Fələstin mövzusuna baxışından, bu baxışın tarixi köklərindən və son dövrlər Bakıya qarşı səsləndirilən ittihamların mahiyyətindən gedir. Dövlət başçısının tarixə ekskursiya etməsi təsadüfi deyil. Prezident açıq şəkildə xatırlatdı ki, Azərbaycan ən ağır və taleyüklü dövrlərini yaşayarkən, beynəlxalq aləmdə gözlədiyi və umduğu dəstəyi ala bilməyib. O cümlədən Fələstin məsələsinə hörmətlə yanaşmasına, dərdlərinə şərik olmasına baxmayaraq, real siyasi müstəvidə Bakının mövqeyi ardıcıl və prinsipial şəkildə müdafiə edilməyib. İlham Əliyevin bu fikirləri emosional ittiham yox, tarixi faktların xatırladılmasıdır.

Bu kontekstdə xüsusilə vacib bir məqamı xatırlatmaq lazımdır: istər mərhum Yasir Arafatın Fələstinə rəhbərlik etdiyi dövrdə, istərsə də bu gün Mahmud Abbasın rəhbərliyi zamanında Azərbaycan dövlətinin Fələstin məsələsinə münasibəti dəyişməyib. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə də, Prezident İlham Əliyevin hakimiyyəti illərində də Fələstin məsələsində həssaslıq qorunub, beynəlxalq platformalarda Fələstin dövlətinin yaradılması ideyası ardıcıl şəkildə dəstəklənib. Mahmud Abbasın Azərbaycana səfərləri zamanı onun bir qardaş kimi qarşılanması, rəsmi Bakının Fələstinə siyasi, diplomatik və maliyyə dəstəyi bu xəttin praktiki təzahürüdür.

Eyni zamanda, reallığın digər tərəfi də var və Prezidentin açıqlamasında üstüörtülü şəkildə bu məqama da işarə edilir. Fələstin deyəndə yalnız işğal və humanitar faciə deyil, həm də uzun illər Ermənistanı açıq və ya dolayısı ilə dəstəkləmiş bir siyasi xətt də yada düşür. Ermənistanla münasibətlərdə balanslı mövqe tutmayan, hətta erməni terror təşkilatlarına qucaq açmış, terrorçulara sığınacaq vermiş yanaşmalar regionda yaxşı xatırlanır. Bu gün Fələstinin xarici işlər naziri postunun etnik mənsubiyyət baxımından erməni olması da siyasi reallığın bir hissəsidir.

Bu faktlar da göstərir ki, Fələstin mövzusu təkcə İsrail–Fələstin qarşıdurması kontekstində deyil, həm də regional və tarixi mövqelər baxımından ziddiyyətli məqamlarla müşayiət olunur. Belə ki, Fələstin dövləti və Fələstin muxtariyyəti uzun illərdir qondarma “erməni soyqırımı” iddialarına simpatiya ilə yanaşır, dəstəkləyir və bu mövqeyini rəsmi simvolik addımlarla da nümayiş etdirib. Bunun bariz nümunəsi Fələstin tərəfindən 1915–2015-ci illəri əhatə edən, qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş poçt markasının buraxılmasıdır. Sözügedən poçt markasında bu iddia açıq şəkildə təbliğ olunur və Ermənistan narrativinə ideoloji dəstək verilir. Musavat.com məhz bu reallığı diqqətə çatdıraraq, Fələstinin “erməni soyqırımı”na həsr etdiyi poçt markasının fotosunu da fakt kimi oxuculara təqdim edir.

Məsələnin tarixi-siyasi köklərinə nəzər saldıqda isə daha diqqətçəkən məqamlar ortaya çıxır. Arxiv və mətbuat mənbələrinin araşdırılması göstərir ki, bir zamanlar beynəlxalq mediada geniş rezonans doğurmuş Yasir Ərəfatın məşhur “biz ermənilərlə eyni millətik” ifadəsi təsadüfi deyildi. Fələstin mətbuatında yer alan məlumatlara görə, İsrail mənbələrinin Yasir Ərəfatın Qüdsün erməni məhəlləsinin İsrailin nəzarətində qalmasına razılaşması ilə bağlı iddialarını təkzib edən Fələstin lideri açıq şəkildə bildirmişdi: “Erməni məhəlləsi bizə məxsusdur, biz və ermənilər bir xalqıq”. Bu açıqlama Fələstin rəhbərliyinin erməni tərəfi ilə ideoloji və siyasi yaxınlığının təkcə bugünkü mövqe deyil, uzun illərə söykənən xətt olduğunu göstərən mühüm sitatlardan biri kimi tarixə düşüb.

Buna baxmayaraq, Azərbaycan bütün bu faktları kənara qoyaraq, İslam həmrəyliyi kontekstində Fələstinə dəstəyini dayandırmayıb və heç vaxt bu mövqedən geri çəkilməyib.

Prezident İlham Əliyevin əsas mesajlarından biri də məhz budur: Azərbaycan beynəlxalq hüquqa, ədalət prinsipinə və müsəlman həmrəyliyinə sadiqdir, lakin bu, birtərəfli məsuliyyət və ya ölçüsüz fədakarlıq anlamına gəlmir. Azərbaycan Respublikası BMT üzvü və müsəlman dövləti kimi Fələstin məsələsində iki dövlətli həll planını dəstəkləyib, BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində açıq mövqe ortaya qoyub, eyni zamanda Fələstinə davamlı maliyyə yardımları göstərib, Bakıda fəaliyyət göstərən Fələstin səfirliyinin xərclərini öz üzərinə götürüb.

Bununla yanaşı, xüsusilə İran və qardaş Türkiyə kimi qonşu ölkələrdə müəyyən dairələrin Azərbaycanın İsraillə münasibətlərini manipulyasiya edərək Bakını müsəlman həmrəyliyinə qarşı çıxmaqda ittiham etməsi məqsədli və ədalətsiz kampaniyanın tərkib hissəsidir. Prezident İlham Əliyevin 2024-cü ildə Misirə səfəri zamanı Qahirənin Fələstin məsələsindəki mövqeyini açıq şəkildə dəstəkləməsi isə Azərbaycanın bu mövzuda sabit və dəyişməz xəttə malik olduğunu bir daha nümayiş etdirdi.

Nəticə etibarilə, Prezident İlham Əliyevin verdiyi açıqlama həm cavabdır, həm də mesajdır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycanın Fələstin məsələsində mövqeyi sabit, prinsipial və beynəlxalq hüquqa əsaslanır. Lakin bu münaqişənin həllində əsas məsuliyyət Fələstinlə coğrafi, tarixi və qohumluq bağlarına malik ərəb dövlətlərinin üzərindədir. Azərbaycandan Misir, İordaniya və ya regionun digər aparıcı ölkələrindən daha artıq fədakarlıq tələb etmək nə siyasi baxımdan, nə də mənəvi baxımdan ədalətli deyil. Prezidentin açıqlaması məhz bu həqiqəti incə diplomatik dillə, lakin qətiyyətlə ortaya qoyur.

Tehsil-press.az

Oxşar xəbərlər