İmza mərasimindən əvvəl tərəflər arasında görüş olub. Görüşdə hər iki qurumun rəhbərliyi və nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, prioritetləri və stratejik hədəfləri, beynəlmiləlləşmə istiqamətində görülən işlər haqqında məlumat verib, yerli və beynəlxalq əməkdaşlıqların kadr hazırlığında mühüm rolunu vurğulayıb. Elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov universitetin elmi fəaliyyəti, beynəlxalq reytinqlərdəki mövqeyi, elmmetrik bazalardaki göstəriciləri haqqında məlumat verib. Prorektor memorandumun elmi kadr hazırlığında mühüm addım olduğunu bildirib.
İETİ İdarə Heyətinin sədri Şahin Sadıqov institutun tarixi, fəaliyyət istiqamətləri, elmi-tədqiqat işlərinin təşkili, uğurları, beynəlxalq əlaqələri, ölkənin sosial-iqtisadi inkişaf mənzərəsini əks etdirən, iqtisadiyyatın ayrı-ayrı sahələri və sahibkarlığın inkişafı üzrə nəşrləri, formalaşan iqtisad məktəbləri və hədəfləri haqqında danışıb. Şahin Sadıqov universitet ilə əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Görüş qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Universiteti ilə İETİ arasında imzalanan memoranduma görə tərəflər birgə tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların inkişaf etdirilməsi, elmi və akademik sahələrdə də təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə simpozium, seminar və konfransların təşkil edilməsi, birgə elmi nəşrlərin və analitik hesabatların hazırlanması, beynəlxalq və regional qrant və layihələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması, gənc tədqiqatçıların və doktorantların elmi fəaliyyətinin dəstəklənməsi, həmçinin elm və təhsil sahəsində qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Tehsil-press.az












