“Bu şəhərdə (Səudiyyə Ərəbistanı) neft emalı zavodu tikilib. Tikintidən əvvəl şəhərin əhalisi 65 000 nəfər idi, lakin sonradan 330 000 nəfərə çatıb”.
Bunu ev dustaqlığında olan rusiyalı oliqarx Samvel Karapetyanın yaratdığı müxalif “Bizim yolumuz” hərəkatının koordinatoru Narek Karapetyan öz Facebook səhifəsində yazıb.
O, həmçinin qeyd edib:
“Şəhərdə işsizlik yoxdur. Bir çox iş yeri yaradılıb ki, bu da əmək haqqının artmasına səbəb olub. Hakimiyyətə gələriksə, uğurlu bir nümunə olaraq və Vanadzora ikinci nəfəs vermək üçün dövlət və özəl investisiyalar hesabına Vanadzorda Neft Emalı Zavodunu tikəcəyik. Nəticədə Ermənistan İrəvandan əlavə, daha bir sürətlə inkişaf edən, iqtisadi cəhətdən güclü şəhər qazanacaq”.
Xatırladaq ki, Ermənistanda neftayırma zavodu heç vaxt olmayıb. Ona görə benzin və dizeli xaricdən idxal edir.
Bəs belə bir zavodun inşası mümkünmü və qonşu ölkəyə nə verəcək? Niyə indi yadlarına düşüb? Yoxsa bu, revenşaistlərin sırf hakimiyyətin təbliğat rıçaqlarını zəiflətmək üçün düşündükləri seçki təbliğatıdır?
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a bildirib ki, Paşinyan hakimiyyəti bu normal bir dövlətin formalaşdırılması istiqamətində addımlar atdıqca müxalifətin hakimiyyətə gəlmək şansları aradan qalxır:
“Erməni insanı indi anlamağa başlayır ki, kiminsə proksisi olmaqla gerçək müstəqil dövlət olmağın fərqi nədir. Paşinyanın rəhbərlik etdiyi partiyanın son seçkilərdəki ardıcıl qələbələri də sübut edir ki, bu ölkədə böyük əksəriyyət onun tərəfindədir və onun apardığı siyasəti dəstəkləyir. Bəs Ermənistanda müxalifət kimdir, onlar hansı amala qulluq edirlər?
Bu adamlar əsasən Ermənistana vaxtılə rəhbərlik etmiş Qarabağ caniləri sərkisyanların və köçəryanların dəstəkçiləri, Rusiyanın “5-ci kolonu”nun tör-töküntüləridilər. Bu adamlar illərdir Rusiyanın dəstəyi ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar və hər cəhddən sonra daha ciddi məğlubiyyətlə üzləşirlər. Çünki Paşinyan həm də beyni yuyulmuş bu yaramaz camiyənin siyasətini ard-arda ifşa edərək onların yanlış baxışlarını və indiyə qədər xalqı necə aldatdıqlarını açıb ortaya qoyur”.
Sabiq nazir deyib ki, indi Ermənistanda müxalifət adlanan həmin qüvvələr hakimiyyətə gəlməyin yeni yollarının axtarışındadılar:
“Lakin bu dəstə unudur ki, Paşinyan öz hakimiyyətinin ömrünün uzadılması yolunda daha proqmatik addımlar atır və bir-birinin ardınca yeni uğurlar qazanmağa müvəffəq olur. Məsələn, 44 günlük savaşdan öncə kim fikirləşə bilərdi ki, bir neçə ildən sonra Ermənistan Azərbaycandan yanacaq ala biləcək və bu yanacaq Ermənistan bazarında qiymətin əsaslı şəkildə düşəcəyinə səbəb olacaq? Lakin indi bu baş verir. Ermənistan hökumətinin bu addımlarına qıcıqlananlar isə Ermənistandakı həmin o tör-töküntülər və bir də Kremldir!”
Ekspertə görə, müxalifətin Ermənistanın hansısa bir şəhərində neftayırma zavodunun tikilməsi və bununla da ölkədə iqtisadi uğurların qazanılması barəsindəki sərsəmləmələri isə insanları çaşdırmağa hesablanıb: “Bir də gördün Paşinyan Ermənistanda neftayırma zavodunun tikiləcəyinə və onun Azərbaycan nefti əsasında işləyəcəyinə dair bəyanatla çıxış etdi və bununla da müxalifətin xalqın nüfuzunu qazanmaq yolunda ortaya atdığı ideyanı öz hakimiyyətinin nüfuzunun artması üçün istifadə etdi”.
Tehsil-press.az









