Prezident İlham Əliyev bir müddət əvvəl Xocavəndin Xanoba kəndinə səfər edib. Burada sakinlərlə söhbətləşən dövlət başçısı qeyd edib ki, o, artıq 6 ildir bayramları Qarabağda keçirir.“Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir”, - dövlət başçısı vurğulayıb.
İşğaldan azad edilən rayonların deputatları da bayramları Qarabağda keçirirlərmi?
Bununla əlaqədar işğaldan azad olunan rayonların deputatları arasında sorğu keçirib.
Xocalının deputatı Elman Məmmədov saytımıza açıqlamasında artıq Xocalıdakı evinə köçdüyünü və 34 ildən sonra ilk Novruz tonqalını qalayacağını deyib:
"Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm".
Ağdamın deputatı Aqil Abbas bayram günü Bakıdakı evində olacağını söyləyib:
"İğaldan azad olunandan sonra Novruz bayramını Ağdamda keçirmişəm. Öz həyətimizdə tonqal da qalamışıq, üstündən də hoppanmışıq. Yəqin ki, bu il də Ağdama gedəcəm. Amma bayram günü - 20 martda Bakıdakı evimdə olacam. Ailəm böyükdür, balalarımı, nəvələrimi başıma yığacam. Bayramın ertəsi günü isə Ağdama gedəcəm".
Cəbrayılın deputatı Ceyhun Məmmədov söyləyib ki, bayramları doğma yurdlarında keçirmək hər kəsin arzusudur:
“Hər il zamanında arzulayırdıq ki, o gün olsun, bayramlarımızı öz doğma yurdlarımızda keçirək. Həmin gün artıq gəlib. Qürurverici haldır ki, biz artıq 6 ildir Novruzu Qarbağda keçiririk. Mən indi öz rayonumuzdan gəlirəm, orada bayram şənliyində iştirak etdim. Cəbrayılda bayram çox yüksək şəkildə qeyd edilir. Bayramı doğma yurdda, doğulub boya-başa çatdığın rayonunda qeyd etmək çox gözəl hissdir”.
Füzulinin deputatı Vüqar Bayramov da mütəmadi olaraq, Novruz və Ramazan bayramlarını öz rayonunda qeyd etməyə çalışdığını deyib:
“Cənab Prezidentin həm Novruz bayramı, həm də bir sıra digər xüsusi günləri işğaldan azad olunmuş ərazilərdə qeyd etməsi, birmənalı şəkildə dövlət başçımızın Qarabağ və Şərqi Zəngəzurun bərpasına, yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin intensiv məskunlaşmasına olan xüsusi diqqətidir. Ona görə də, təbii ki, bu, xüsusi olaraq qiymətləndirilməlidir. Sözsüz, mən də mütəmadi olaraq Novruz və Ramazan bayramlarında təmsil etdiyim rayona gedirəm. Xüsusilə nəzərə alaq ki, Ramazan bayramlarında həm şəhid ailələri ilə görüş olur, həm iftar süfrələri açılır. Təbii ki, həm bu görüşlərdə, həm də digər tədbirlərdə iştirak etməyə çalışırıq. Yalnız Novruz bayramı deyil, digər bayramları da işğaldan azad olunmuş ərazilərimizdə qeyd etməyə üstünlük veririk. Seçicilərimizlə birlikdə bayramın qeyd edilməsi ilə yanaşı, bu xüsusi günlərdə uzun müddət həsrətlə baxdığımız Qarabağda olmaq qürurvericidir. O baxımdan təbii ki, yalnız Novruz bayramı deyil, il ərzində bir neçə mütəmadi xüsusi bayramların, o cümlədən təbii ki, Ramazan və Qurban kimi bayramların rayonda, Qarabağda keçirilməsinə çalışırıq".
Laçının deputatı Rövşən Muradov vurğulayıb ki, Prezidentin bayram günlərini Qarabağda keçirməsi nümunədir:
“Cənab Prezidentin rəhbərlik etdiyi dövr ərzində ən birinci ümdə vəzifəsi işğalda olan torpaqların azad edilməsi olub. O, ata vəsiyyətini həyata keçirərək bu arzusuna çatıb. Bu asan iş olmadı. Məhz bu hadisə hamımızın həyatında ən böyük dönüş nöqtəsi oldu. Azərbaycan xalqı bu gün ən böyük və xoşbəxt xalqlardan biridir ki, öz torpaqlarını otuz ildən sonra işğaldan azad edib. Ölkə başçısının və eyni zamanda Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Ona görə də ölkə başçısı əlinə imkan düşən kimi bayram günlərində işğaldan azad olunmuş ərazilərimizə baş çəkir, vətəndaşlarımızla görüşür, orada gedən böyük quruculuq və yenidənqurma işlərinə bilavasitə özü rəhbərlik edir. Bütün yeni körpülərin, tunellərin açılışında bilavasitə özü iştirak edir. Bu, azərbaycanlılar üçün böyük bir qürurverici haldır. Fəxr edirik ki, bizim belə bir ölkə başçımız var. Bu sıradan bir hal deyil. Prezident olmağına baxmayaraq, cənab İlham Əliyevin sadə bir azərbaycanlı kmi hətta işğaldan əvvəl də ad günlərini və bayramları xalqın içində keçirməsi hamımız üçün nümunəvi addımdır”.
R.Muradov bayram və qeyri-iş günlərində Laçına üz tutacağını söyləyib:
“Ona görə də, Laçının Bakıdan xeyli aralı olmasına baxmayaraq, bayram və qeyri-iş günlərimizdə çalışıram ki, mən də rayonlarımıza səfər edim. Rayonda tədbirlərimizi, görüşlərimizi keçirməyi və seçicilərimlə bayramlaşmağı ən əsas vəzifə kimi qarşıma qoymuşam. Bu bayram günlərində də digər deputat həmkarlarım kimi, işğaldan azad olunmuş regionlarımıza baş çəkəcəyik. Bakıdakı bəzi işlərimi həll etdikdən sonra, öz doğma ata yurduma gedəcəyəm. Ümumiyyətlə, işğaldan azad olunmuş rayonların özünəməxsus bayram ənənələri var. Məsələn, bizdə ənənəvi oyunlar təşkil olunur, güləşçilər güləşirlər, qədim adət-ənənəyə görə xoruz döyüşdürülür, yumurta sındırırlar. Yəni çox maraqlı ənənələrimiz var”.
Tehsil-press.az










