Qaradağ Rayon İcra Hakimiyyətində başçının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasova keçib.
Xatırladaq ki, icra başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılov 16 il idi ki, Qaradağ rayonuna rəhbərlik edirdi.
Milli Məclisin Qaradağ rayonundan seçilmiş deputatı Aydın Hüseynovla bu mövzu ətrafında həmsöhbət olub.
Saytımıza açıqlamasında parlamentari vurğulayıb ki, ötən ilin noyabrında Qaradağın icra başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin korrupsiya ilə əlaqədar həbs olunması rayonun imici üçün yaxş hal deyildi:
“Qaradağ ümumi götürdükdə Azərbaycanın ən böyük sənaye rayonlarından biridir. Burada Bakı Dəniz Ticarəti Limanı, Gəmiqayırma zavodu, Ələt Azad İqtisadi Zonası, eləcə də özəl sektoru əhatə edən böyük müəssisələr fəaliyyət göstərir. Rayonumuz ərazi baxımdan da kifayət qədər böyükdür. Bakının 51%-ni təkcə Qaradağ rayonu təşkil edir. Bu baxımdan rayonumuzun kifayət qədər böyük iqtisadi potensialı var. Qaradağ rayonu əhalisinin ən böyük səciyyəvi cəhəti odur ki, zəhməkeş, dövlətə və dövlətçiliyə bağlı insanlardır.
Rayon İcra Hakimiyyəti başçısının fəaliyyəti məsələsinə gəldikdə, Qaradağın ərazisi böyük olduğundan, digər yerlər kimi, burada da müəyyən problemlər mütləq olmalıdır. İnsanlar getdikcə, daha yaxşı yaşamaq istəyirlər. Bu hər yerdə belədir. Getdikcə daha da yaxşı yaşamaq istəyi Azərbaycan xalqının mənəvi haqqıdır. İcra başçısı 16 il fəaliyyət göstərib və bu çox uzun müddətdir. Bu illər ərzində əlbəttə uğurlar da, uğursuzluqlar da var. Bunu birmənalı qiymətləndirmək olmaz. Keçən ilin noyabr ayında icra başçısının müavininin korrupsiya əməllərinə görə həbs olunması, bununla bağlı davam edən istintaq rayonumuzun imici üçün o qədər də yaxşı hal deyil. Düşünürəm ki, rayonumuzun adı həmişə yüksəklikdə olub. Bu hal Qaradağın imici ilə bağlı heç də xoş bir ovqat yaratmır”.
A.Hüseynov icra başçısının vətəndaş müraciətlərinə münasibətindən də danışıb:
“Əlbəttə, vətəndaşlar bu və ya digər məsələlərlə bağlı bizə müraciətlər edirlər. Bəzi məsələlər müxtəlif qurumlardan, bəziləri isə İcra Hakimiyyətindən asılı olur. Biz də aidiyyəti üzrə müraciətlər edirik. Həmin məsələlərdən həll olunanları da, olunmayanları da mövcuddur. Hesab edirəm ki, vətəndaşlara, insanlara daha çox qayğı göstərmək lazımdır. Cənab Prezidentimizin də hər bir məmur, icra başçısı qarşısında qoyduğu şərt insanlara xidmətdir. Elə deputatların da vəzifəsi ondan ibarətdir ki, dövlətə, dövlətçiliyə və insanlara xidmət etsin.
Cənab Prezident icra başçılarını təyin edərkən, ilk növbədə onların qarşılarına qoyulan prioritetlər deyilir. Cənab Prezidentin tövsiyə və tapşırıqları bütün icra başçılarına aiddir. Onlara verilən əsas tapşırıqlar arasında əsas olan insanlara, sakinlərə daha diqqətli yanaşmadır”.
Qaradağın deputatı rayonda görüləsi işlərdən də bəhs edib:
“Bu gün rayonumuzun elə də qlobal problemi yoxdur. Hər bir rayonda olduğu kimi görüləsi işlər var. Rayonumuz qəsəbə tiplidir. Qəsəbədaxili yolların abadlaşdırılması məsələsi vacibdir. Hər yerdə olan cari problemlər də mövcuddur. Bu gün ölkə Prezidentinin qarşıya qoyduğu prinsipial mövqedə dayanmaq, vətəndaşların yanında olmaq, sakinlərlə səmimi davranmaq hər bir icra başçısının iş prinsipi olmalıdır. Hər bir şəxsin müraciətlərinə həssas yanaşılmalıdır. Əgər hər bir şəxsə onun müraciətinin həll olunması və ya olunmamasının səbəbləri izah edilsə, əlbəttə, insanlar cavabla qane olarlar.
Görüləsi işlərin başında qəsəbədaxili yolların çəkilməsi, məhəllələrin abadlaşdırılması dayanır. Eləcə də rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfat Birliyi öz işini gücləndirməlidir. Yəni İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan işlər keyfiyyətli həyata keçirilməlidir. Bəzi məsələlərə isə xüsusi diqqət yetirilməlidir. Bura, yenə deyirəm qəsəbədaxili yolların, məhəllələrin abadlaşdırılması daxildir”.
Tehsil-press.az













