Qarabağ Universiteti işğaldan azad olunmuş ərazilərdə formalaşan yeni təhsil mühitinin əsas simvollarından biri kimi fəaliyyətini davam etdirir. Bu ali təhsil ocağı təkcə akademik biliklərin verilməsi ilə deyil, eyni zamanda gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Universitetin tələbələri isə bu tarixi prosesin birbaşa iştirakçılarıdır.Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi Elşən Hümbətovla həmsöhbət olduq və onun təhsil mühiti, tələbə həyatı, gələcək planları, eləcə də bu universitetdə oxumağın verdiyi mənəvi dəyərlər barədə fikirlərini öyrəndik.
– Qarabağ Universitetini seçməyinizə təsir edən əsas amillər nələr olub?
– Mən əslən Laçın rayonundanam. Uşaqlığımdan Laçın və ümumilikdə Qarabağ haqqında çox eşitmişdim, lakin torpaqlarımız işğal altında olduğu üçün bura gələ bilmirdik. Torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin yaradılması mənim üçün xüsusi mənəvi əhəmiyyət daşıdı. Düşündüm ki, bu universiteti seçməklə həm vətəndaşlıq borcumu yerinə yetirərəm, həm də işğaldan azad olunmuş ərazilərin inkişafında və dirçəldilməsində birbaşa iştirak edərəm.
Eyni zamanda əmin idim ki, Qarabağ Universiteti yaxın gələcəkdə regionun ən prestijli ali təhsil ocaqlarından birinə çevriləcək. Bu inamım artıq özünü doğruldub. Universitetin qısa müddətdə qazandığı uğurlar cənab Prezidentin xüsusi diqqət və qayğısı, universitet rəhbərliyinin və akademik heyətin peşəkarlığı, eləcə də tələbələrin intellektual potensialı ilə birbaşa bağlıdır. Bütün bunlar mənə “Yaxşı ki, Qarabağ Universitetini seçmişəm” deməyə əsas verir.
– Qarabağ Universitetində tələbə həyatı və kampus mühiti sizi qane edirmi?
– Universitetin kampusu müasir və rahatdır. Kitabxana həm imtahan dövrlərində, həm də asudə vaxtlarımızda istifadəyə əlverişlidir. Laboratoriyalarda nəzəri biliklərimizi praktikada tətbiq etmək imkanımız var. Boş vaxtlarımızda universitetdə fəaliyyət göstərən müxtəlif klublarda iştirak edir, sosial və intellektual baxımdan inkişaf edirik.
Xüsusilə qeyd etmək istərdim ki, yaxın günlərdə cənab Prezident İlham Əliyevin iştirakı ilə Biznes və İqtisadiyyat fakültəsinin yeni korpusu istifadəyə verildi. Yeni korpus geniş auditoriyalar, laboratoriyalar, kitabxana, akt zalları və klublar üçün zəruri şəraitlə tam təmin olunub. Bu isə tələbələrin həm şəxsi, həm də peşəkar inkişafı üçün geniş imkanlar yaradır. Ümumilikdə, Qarabağ Universitetinin kampus həyatından tam razıyam.
– Yeni yaradılan universitetdə təhsil almağın üstünlükləri və qarşılaşdığınız çətinliklər nələrdir?
– Qarabağ Universitetinin tələbəsi olmaq özü böyük üstünlükdür. Universitet regionun inkişafında mühüm rol oynayır və bu ərazilərin insan kapitalına olan ehtiyacını qarşılamağı hədəfləyir. Xüsusilə universitetin Xankəndi şəhərində yaradılması və şəhərin elm mərkəzi kimi formalaşdırılması strateji və uzaqgörən addımdır.
Tələbələr üçün hərtərəfli şərait yaradılıb: keyfiyyətli təhsil, tələbə yönümlü idarəetmə, peşəkar akademik heyət və inkişaf üçün geniş imkanlar mövcuddur. Sakit və gözəl Qarabağ torpaqlarında təhsil almaq da əlavə üstünlükdür.
Çətinlik məsələsinə gəldikdə isə, universitetin Bakıdan uzaqda yerləşməsi bəzi hallarda qeyd oluna bilər. Lakin bu, mənim üçün problem deyil. Paytaxtda mövcud olan imkanlar Qarabağ Universiteti tələbələri üçün də əlçatandır. Məsələn, ötən il universitetimizin maliyyə ixtisası üzrə təhsil alan tələbəsi Azərbaycan üzrə F3 imtahanında birincilik əldə edib. Bu fakt göstərir ki, Qarabağ Universiteti paytaxt universitetlərindən geri qalmır.
– Universitet tələbələr üçün hansı akademik və praktiki imkanlar yaradır?
– Qarabağ Universiteti tələbələrinə geniş akademik və praktiki imkanlar təqdim edir. Tələbələr ixtisasları üzrə müxtəlif təcrübə proqramlarına cəlb olunurlar. Məsələn, ötən il 100-dən artıq İqtisadiyyat fakültəsi tələbəsi ABB Bankda təcrübə proqramında iştirak edib.
Tələbələrin layihələrdə iştirakı da xüsusi diqqət mərkəzindədir. Bu, startap layihələrini də əhatə edir. Mənim rəhbəri və müəllifi olduğum layihə birinci kursda “Caspian Agro” sərgisində cənab Prezidentə təqdim olunub. İkinci kursda isə “AccessBank”, KOBİA və VISA-nın tərəfdaşlığı ilə keçirilən layihə müsabiqəsində üçüncü yerə layiq görülərək 15 min manat qrant qazanmışıq. Bu uğurlar universitet rəhbərliyi və müəllimlərimizin dəstəyi sayəsində mümkün olub.
Bundan əlavə, universitet müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq edərək tələbələr üçün təlimlər, təcrübə proqramları və layihələr təşkil edir. Bütün bunlar gələcək karyera baxımından ciddi üstünlüklər yaradır.
– Qarabağ Universitetində təhsil almaq sizə hansı mənəvi dəyərləri qazandırır?
– Qarabağ torpaqlarında təhsil almaq mənim üçün böyük mənəvi dəyərdir. Bu torpaqların azad olunması uğrunda minlərlə şəhid vermişik. Onların sayəsində bu gün biz burada təhsil ala, yaşaya və fəaliyyət göstərə bilirik. Mən hesab edirəm ki, Qarabağ Universitetində oxuyan hər bir gənc şəhidlərimizin və qazilərimizin yolunun davamçısıdır.
Bu torpaqları qorumaq, inkişaf etdirmək və dirçəltmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
– Gələcək planlarınız nələrdir və universitet bu planlara necə töhfə verir?
– Gələcəkdə maliyyə və iqtisadiyyat sahəsində yüksək ixtisaslı mütəxəssis olmaq istəyirəm. Qarabağ Universiteti bu istiqamətdə mənə güclü akademik baza və geniş imkanlar yaradır. Universitet ACCA standartlarına uyğun təhsil verir və artıq ikinci kursda dörd imtahan üzrə akkreditasiya əldə etmişik.
Gələcək planım ABŞ və ya Çin kimi inkişaf etmiş ölkələrdə magistr təhsili almaq, beynəlxalq təcrübə qazanmaq və sonra Qarabağa qayıdaraq həm sahibkar, həm də ixtisaslaşmış mütəxəssis kimi fəaliyyət göstərməkdir. Eyni zamanda Qarabağ Universitetində müəllim kimi çalışaraq gənc nəsillərə bilik və təcrübəmi ötürmək istəyirəm.
– Qarabağ Universitetini seçmək istəyən abituriyentlərə nə tövsiyə edərdiniz?
– Abituriyentlərə heç bir tərəddüd etmədən Qarabağ Universitetini seçməyi tövsiyə edərdim. Burada yalnız keyfiyyətli təhsil deyil, eyni zamanda geniş karyera imkanları əldə edəcəklər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı regionda yeni iş imkanları yaradır və universitet məzunları bu imkanlardan birbaşa faydalana biləcəklər.
Qarabağ Universitetinin tələbələri bilik və bacarıqlarını daha tez inkişaf etdirir, əmək bazarında daha rəqabətqabiliyyətli olurlar. Sakit və gözəl təbiətdə təhsil almaq isə əlavə üstünlükdür.
– Sizcə Qarabağ Universiteti gələcəkdə hansı səviyyəyə yüksələ bilər?
– İnanıram ki, Qarabağ Universiteti yaxın gələcəkdə təkcə ölkə daxilində deyil, region səviyyəsində də nüfuzlu ali təhsil ocaqlarından birinə çevriləcək. Qısa müddətdə əldə olunan uğurlar, dövlət dəstəyi və peşəkar idarəetmə bunu deməyə əsas verir.
Gələcəkdə Qarabağ Universitetinin regionun əsas elm və təhsil mərkəzlərindən biri olacağına əminəm və bu universitetin məzunu olmaqla qürur duyuram.
Tehsil-press.az












