Rusiyanın ən iri tikinti şirkətlərindən olan “Samolyot” qrupu ciddi borc böhranı ilə üzləşərək hökumətdən 48–50 milyard rubl məbləğində güzəştli kredit istəməyə məcbur qalıb.Bu məlumat investorlar arasında narahatlıq yaradıb və şirkətin səhmləri bir neçə gün ərzində təxminən 7 faiz ucuzlaşıb.
Şirkətin maliyyə çətinlikləri güzəştli ipoteka proqramının dayandırılması və kreditlərin bahalaşması fonunda dərinləşib. Yüksək faizlər borc yükünü artırıb, mənzil satışları isə azalıb. Nəticədə “Samolyot” əvvəlki sürətli böyümə modelini davam etdirə bilməyərək hökumətə müraciət edib.
Xatırladaq ki, 2021-ci ildə azərbaycanlı milyarderlər İlham Rəhimov, Qod Nisanov və Zarax İliyev şirkətin 10 faiz səhmini almışdı. Lakin onlar 2024-cü ildə paylarını tam sataraq layihədən çıxıblar. Mövcud vəziyyət fonunda bu addım risklərdən vaxtında yayınma kimi qiymətləndirilir.
Ekspertlər hesab edir ki, “Samolyot”un aqressiv kreditləşmə və sürətli genişlənməyə əsaslanan strategiyası bahalı maliyyə resursları və zəifləyən tələbat şəraitində dayanıqsız olub. Şirkətin hekayəsi Rusiyada tikinti sektorunun dövlət dəstəyindən getdikcə daha çox asılı hala gəldiyini göstərir.
Tehsil-press.az







