“Azərbaycanda uşaq pulunun yalnız aztəminatlı ailələrə verilməsi ilə bağlı konsepsiyanın hazırlanması mümkündür. Lakin bu müavinətin təkcə aztəminatlı ailələrlə məhdudlaşdırılması dövlətin sosial siyasətinə tam uyğun deyil”Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında bildirib.
Onun sözlərinə görə, uşaq pullarının verilməsində əsas məqsəd təkcə sosial müdafiə deyil, eyni zamanda əhalinin sayının artırılmasının stimullaşdırılması və gənc ailələrə dəstəyin göstərilməsidir:
“Düşünmürəm ki, uşaq pulunun yalnız aztəminatlı ailələrə verilməsi Azərbaycanın sosial siyasətinə uyğun olsun. Adətən bu cür dəstəklər həm əhali artımını stimullaşdırmaq, həm də gənc ailələrə kömək məqsədi daşıyır. Ona görə də aztəminatlı ailələrlə yanaşı, ölkə üzrə yeni doğulan bütün uşaqlara müəyyən müavinətin – uşaq pulu formasında verilməsi məqsədəuyğundur”.
V.Oruc qeyd edib ki, bir sıra qonşu ölkələrdə də bu praktikadan istifadə olunur və xüsusilə çoxuşaqlı ailələr üçün daha yüksək məbləğlər tətbiq edilir.
Ekspert hesab edir ki, uşaq pullarının təsnifatlaşdırılması daha ədalətli mexanizmin formalaşmasına imkan verər:
“Aztəminatlı ailələrə daha yüksək məbləğdə uşaq pulu verilə bilər. Digər ailələr üçün isə stabil və ümumi məbləğ müəyyən olunmalıdır. Eyni zamanda uşaq pulu uşaqların sayına görə də təsnifatlaşdırılmalıdır”.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda doğulan uşaqların sayının azalması ciddi və mənfi tendensiyadır:
“Bu proses əhalinin artımı və ölkənin gələcək inkişafı üçün problem yaradır. Bu tendensiyanın qarşısını almaq üçün uşaq sayının artırılmasını stimullaşdıran tədbirlər görülməlidir. Uşaq pullarının uşaqların sayına görə fərqləndirilməsi bu tədbirlərin əsas istiqamətlərindən biri olar”.
V.Oruc əlavə edib ki, sosial qrupların müəyyənləşdirilməsi də mümkündür. Belə ki, sosial müavinət alan ailələr, işsizlər, ailə büdcəsində minimum əməkhaqqı səviyyəsində gəliri olanlar ayrıca qiymətləndirilə bilər:
“Bütün bu göstəricilər əsasında hər bir ailənin ehtiyacına uyğun mexanizm formalaşdırmaq olar. Bu yanaşma Azərbaycanın sosial dövlət kimi vətəndaşlarının rifahını qorumaq prinsipinə tam uyğundur”.
Ekspertin fikrincə, 2026-cı ilin iqtisadi baxımdan çətin il olmasına baxmayaraq, iqtisadi fəallığın artırılması hesabına bu cür sosial layihələrin icrası mümkündür:
“İnanıram ki, yaxın gələcəkdə bu istiqamətdə real addımlar atılacaq və Azərbaycan dövləti sosial müdafiə mexanizmlərini daha da təkmilləşdirəcək”.
Tehsil-press.az








