– Fuad müəllim, siz öz kulturoloji məruzə və məqalələrinizdə çox vaxt Azərbaycanın yeni sosial-mədəni inkişaf strategiyasından danışırsınız. Bu strategiyanın əsas mahiyyəti nədir?
– Bu gün Azərbaycan qalib ölkədir. Son 200 illik tariximizdə rast gəlinməyən böyük Zəfərə imza atmış işğalda olan torpaqlarımızı düşmənlərdən təmizləmişik. Lakin burada vacib bir məqam var. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ölkə təkcə siyasi və iqtisadi baxımdan deyil, ruhi-mənəvi baxımdan da yeni mərhələyə qədəm qoyub. Yeni sosial-mədəni inkişaf strategiyasının əsas mahiyyəti insan kapitalının keyfiyyətinin yüksəldilməsidir. Yəni biz təkcə yollar, zavodlar və binalar tikməməliyik, eyni zamanda yüksək mədəniyyətli vətəndaş yetişdirməliyik. Bu strategiya “Azərbaycanlı ruhu üstəgəl dünyəvi elmi biliklər” sintezini əsas götürür. Məqsəd kütləvi mədəniyyətlə elitar mədəniyyət arasındakı uçurumu azaltmaq, vətəndaşların intellektual və mənəvi səviyyəsini yüksəltməkdir. Bu, dövlətin həyat immunitetini gücləndirən əsas faktordur.
– Siz mədəniyyəti “bütöv sosial sistem” kimi təqdim edirsiniz. Bu yanaşma nəyi dəyişir?
– Ənənəvi baxışda mədəniyyət yalnız teatr, muzey, musiqi kimi qəbul edilir. Halbuki mədəniyyət insanın ağlı, qəlbi və əməyilə yaratdığı bütöv həyat sistemidir. Buraya elm, təhsil, hüquq, idarəetmə, iqtisadiyyat, tibb, ekologiya, informasiya, ünsiyyət mədəniyyəti daxildir. Mədəniyyət bu sahələrin hamısının keyfiyyətini müəyyən edir. Əgər biz mədəniyyəti yalnız “üstqurum” kimi görsək, onun dəyişdirici potensialından istifadə edə bilmərik. Mədəniyyət – milli təhlükəsizliyin intellektual və mənəvi platformasıdır.
– Siz həm də tarixçi alimsiniz. Şumer sivilizasiyasına çıxışlarınızda xüsusi yer verirsiniz. Onun dərsi bu gün üçün nədən ibarətdir?
– Şumerlər ilk dəfə bilik istehsalını dövlət quruculuğunun əsasına çevirdilər. Yazı, qanun, şəhər, riyaziyyat, təqvim, astronomiya – bunların hamısı Şumer mədəniyyətinin məhsuludur. Onların əsas dərsi budur: tərəqqi intellektual və mənəvi mədəniyyətin ahəngindən doğur. “Gilqamış” dastanında deyilir ki, həyatın mənası ölümsüzlükdə yox, ləyaqətlə yaşamaqdadır. Şumer təcrübəsi göstərir ki, sivilizasiya dağıla bilər, amma ruhi mədəniyyət insanın əbədi sərvətidir. Bu gün Azərbaycan üçün də əsas məsələ texnologiya ilə mənəviyyatı balanslaşdırmaqdır.
–Bəs din və elm münasibətinə necə yanaşırsınız. Sizcə bu iki sahə necə uzlaşdırılmalıdır?
– Din insanın mənəvi dünyasını formalaşdırır, elm isə reallığı anlamağa kömək edir. Bunlar bir-birinə zidd deyil, tamamlayıcıdır. Zərdüştlükdə Xeyir və Şər seçimi insanın məsuliyyəti kimi təqdim olunur. Qurani-Kərimdə “korla görən bir olarmı?” deyilir – yəni ağıl və düşüncə vacibdir. Elm məntiqə əsaslanır, din isə əxlaqi dəyərlərə. İnsan həyatının maddi tələbatları ilə mənəvi məsuliyyətini uzlaşdırmaq üçün bu iki fenomen harmoniyada inkişaf etməlidir. Humanist sivilizasiya məhz bu balans üzərində qurula bilər.
– İntellektual mədəniyyətin dəyərini necə izah edərdiniz?
– İntellektual mədəniyyət insanın düşünmək, qərar vermək və məsuliyyət daşımaq bacarığıdır. Nizami Gəncəvi deyirdi: “Qüvvət elmdədir.” Nyuton Kainatı riyazi qanunlarla izah etdi, Dekart ağlın imkanlarını ortaya qoydu. Bunlar göstərir ki, rifahın əsas mənbəyi bilikdir. İntellektual mədəniyyət olmadan nə iqtisadiyyat inkişaf edə bilər, nə də hüquq və idarəetmə sağlam olar. Yüksək intellektual mədəniyyət – dövlətin dayanıqlığının əsas şərtidir. Mən intellektual mədəniyyətin dəyərini öz məqalələrimdə və çıxışlarımda dövlətin, cəmiyyətin və fərdin inkişafının əsas açarı kimi izah edirəm Onun yanaşmasını bir neçə əsas xətt üzrə ümumiləşdirirəm.
Əvvəla intellektual mədəniyyət sadəcə savadlı olmaq demək deyil. Bu,bilik, təfəkkür, məsuliyyət, qərarvermə mədəniyyətinin vəhdətidir. Məlumat bolluğu intellektual mədəniyyət yaratmır. Əsas məsələ insanın faktları təhlil edə bilməsi, səbəb–nəticə əlaqələrini görməsi, emosiyalar yox, ağıl və dəyər sistemi ilə qərar verməsidir. Bu mənada intellektual mədəniyyət cəmiyyətin düşüncə keyfiyyətini müəyyən edən əsas göstəricidir. Mədəniyyətsiz cəmiyyət xəstə orqanizm kimidir. Zəif intellektual mədəniyyət korrupsiyanı, populizmi, aqressiv davranışı, idarəetmədə xaosu gücləndirir. Yüksək intellektual mədəniyyət isə hüquqi düşüncəni möhkəmləndirir, idarəetməni rasionallaşdırır, ən əsası isə milli təhlükəsizliyi gücləndirir. Yəni o, intellektual mədəniyyəti təkcə humanitar məsələ yox, strateji dövlət resursu kimi təqdim edir.
– Siz meritokratik mədəniyyət anlayışını xüsusi vurğulayırsınız. Bunun cəmiyyətə təsiri nədir?
– Meritokratiya ləyaqətə əsaslanan idarəetmə və tərbiyə modelidir. Yəni vəzifə, nüfuz və imkanlar tanışlığa görə yox, biliyə və qabiliyyətə görə verilməlidir. Bu, vətənpərvərliyi formal şüar yox, şüurlu məsuliyyətə çevirir. Meritokratik tərbiyə əməyin məhsuldarlığını artırır, sosial ədaləti möhkəmləndirir və sabitliyi təmin edir. Belə cəmiyyətlərdə insanlar dövlətə güvənir və onu öz layihəsi kimi görürlər.
Bilirsiniz, vəzifə biliyə əsaslanmayanda intellektual mədəniyyət zəifləyir, zəif intellektual mühit isə sosial ədalətsizlik yaradır. İntellektual mədəniyyət yalnız o zaman inkişaf edir ki, zəhmət, bilik, peşəkarlıq real dəyərə çevrilsin. Bu isə cəmiyyətdə sağlam rəqabət və uzunmüddətli inkişaf yaradır.
– Kulturoloji təhsilin icbari olması ideyasını irəli sürürsünüz. Bu nə verə bilər?
– Kulturoloji təhsil insanlara yalnız faktları yox, düşünməyi öyrədir. Bu təhsil uşaq bağçasından başlamalıdır. Milli və dünya mədəniyyətinin tarixi, dəyərləri, inkişaf qanunları öyrədilməlidir. Bu, əmək mədəniyyətini, hüquqi və etik davranışı gücləndirir. İnsanlar düzgün qərar verməyi öyrənir. Cəmiyyətin “həyat immuniteti” məhz belə formalaşır. Kulturoloji təhsilin icbari olması cəmiyyətin intellektual və mənəvi sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Çünki kulturologiya insana təkcə mədəni faktları öyrətmir, onu düşünməyə, müqayisə etməyə və dəyərləri dərk etməyə alışdırır. Bu təhsil insanın dünyaya münasibətini formalaşdırır. Kulturoloji biliklər erkən yaşlardan verildikdə, fərddə məsuliyyətli və şüurlu davranış yaranır. İnsan başa düşür ki, azadlıq özbaşınalıq deyil, hüquq isə yalnız tələb yox, eyni zamanda vəzifədir. Bu anlayışlar olmadan nə hüquqi dövlət, nə də sağlam vətəndaş cəmiyyəti mümkündür.
Kulturoloji təhsil milli və bəşəri dəyərlər arasında tarazlıq yaradır. İnsan həm öz kimliyini dərk edir, həm də başqa mədəniyyətlərə hörmət etməyi öyrənir. Bu isə dözümlülük, dialoq və sülh mədəniyyətinin formalaşmasına xidmət edir.
– Siz yüksək mədəniyyətli insanı sülhün və təhlükəsiz inkişafın əsası sayırsınız. Bu barədə fikirləriniz...
– Çünki münaqişələrin əsas səbəbi cəhalət və fövqəl-eqoizmdir. Yüksək mədəniyyətli insan başqasını düşmən yox, tərəfdaş kimi görür. Onun düşüncəsi humanistdir, qərarları məsuliyyətlidir. Belə insanlar milli sərvətdir. Onlar xalqları yaxınlaşdırır, qarşılıqlı anlaşma yaradır. Mən inanıram ki, bəşəriyyət “Homo sapiens”dən “Homo culturalis”ə keçməlidir. Dünyanın xilası yüksək ruhi mədəniyyətdədir.
Tehsil-press.az












