Rusiyadan miqrantlarla bağlı sərt qərar: Sentyabrın 1-dən etibarən…

Rusiyadan miqrantlarla bağlı sərt qərar: Sentyabrın 1-dən etibarən… Rusiya Dövlət Duması miqrantlarla bağlı tibbi müayinənin qaydalarını sərtləşdirən və bu prosedurdan yayınmaya görə ağır cərimələr nəzərdə tutan genişmiqyaslı qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə spiker Vyaçeslav Volodinin rəhbərliyi ilə deputatların böyük qrupu tərəfindən irəli sürülüb.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Sənədə əsasən, Rusiyaya daxil olan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ölkəyə girişdən sonra 30 gün ərzində tibbi müayinədən keçməli olacaqlar. Əgər onların ölkədə qalma müddəti bir aydan çox olarsa, bu müayinə hər il təkrarlanmalıdır.

Tibbi müayinənin xərcləri miqrantların özləri tərəfindən ödəniləcək. Müayinə zamanı təhlükəli yoluxucu xəstəliklərin, HİV-in və narkotik vasitələrdən istifadənin olub-olmaması yoxlanılacaq. Bu prosedurdan keçmək iş, yaşayış icazəsi və ya patent almaq üçün məcburi şərt olacaq.

Qanun layihəsinin əsas yeniliklərindən biri inzibati məsuliyyətin tətbiq edilməsidir. Tibbi müayinədən imtina edən və ya ondan yayınan miqrantlar 25 min rubldan 50 min rubladək cərimə olunacaq və onların ölkədən çıxarılması mümkünləşəcək. Cərimə vaxtında ödənilməzsə, məbləğ ikiqat artırılacaq.

Eyni zamanda, tibbi müayinənin aparılması qaydalarını pozan təşkilatlar üçün də sərt sanksiyalar nəzərdə tutulur. Belə hallarda 1 milyon rubla qədər cərimə və ya fəaliyyətin 90 gün müddətinə dayandırılması tətbiq oluna bilər.

Müayinələrin nəticələri vahid elektron sistemə daxil ediləcək. Əgər miqrantda təhlükəli xəstəlik və ya narkotik istifadəsi faktı aşkarlanarsa, tibb müəssisələri bu barədə Rusiya Daxili İşlər Nazirliyini və “Rospotrebnadzor”u məlumatlandırmalı olacaqlar. Bu isə deportasiya ilə bağlı qərarın verilməsinə əsas yarada bilər.

Qanun layihəsi qəbul edilib prezident tərəfindən imzalandığı təqdirdə, yeni qaydalar 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.

Tehsil-press.az

Oxşar xəbərlər