“Arvadıma 100, sevgilimə 50 manat” – Gül mağazasında kişidən ŞOK ETİRAF

“Arvadıma 100, sevgilimə 50 manat” – Gül mağazasında kişidən ŞOK ETİRAF Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da 14 fevralı gənclər Sevgililər Günü kimi qeyd edir. Həmin gün cütlüklər bir-birinə hədiyyə alır, şam işığında yemək planlaşdırır, sosial şəbəkələrdə romantik paylaşımlar edir. Amma bütün bu jestlərin içində ən klassik və dəyişməz olanı yenə də güldür. Çünki gül az sözlə çox məna ifadə edən, qadının qəlbinə ünvanlanan ən səssiz etirafdır.

14 fevrala üç gün qalmış paytaxtın bir neçə gül mağazasına baş çəkdik. İçəri daxil olan kimi ətir adamı qarşılayır – sanki bütün sevgi etirafları bu dar məkanda cəmlənib. Rəflərdə yerli, İran, Ekvador və Hollandiyadan gətirilmiş qızılgüllər düzülüb. Satıcı deyir ki, xarici qızılgüllər daha davamlıdır, güldanda uzun müddət təravətini itirmir.

İran və yerli istehsal olan qızılgüllərin bir ədədi 5 manatdır. Ekvador və Hollandiyadan gətirilənlər isə 6 manata satılır. Orta statistik buket üçün ən azı 5-7 qızılgül tələb olunur. Lalənin bir ədədi 3, papatyanın isə 3-4 manatdır. Ən sadə buket 25 manatdan başlayır. Daha zəngin kompozisiyalar isə artıq alıcının cibindən asılıdır.

Satıcıların sözlərinə görə, zövqlər müxtəlifdir, amma əksər alıcılar buketdə mütləq qızılgül görmək istəyir. Qızılgül sevgini simvolizə edir, lalə zərifliyi, papatya isə səmimiyyəti. Ən bahalı gül isə ağ zanbaqdır – bir ədədi 15 manat. Onu hər kəs ala bilmir: “Zanbağı adətən bu gülə xüsusi sevgisi olan qadınlara alırlar. Amma hər kişi 15 manatı bir ədəd gülə verməyə hazır olmur”, – deyə satıcı bildirir.

Qiymətlər isə necə deyərlər pulun başındadır. 30-50 manatlıq buketlər ən çox satılanlardır. 80 manat və ondan yuxarı qiymətə sifarişlər də olur, amma azlıq təşkil edir. Bəzən isə məbləğ yüzlərlə manatı keçir:

“Sevgililər günündə 500-600, hətta 800 manatlıq buket bağlatdıranlar var. Bu artıq həm nümayiş, həm də imkan məsələsidir”, – deyə satıcı əlavə edir.

Amma gül dükanında eşitdiyimiz bir cümlə bu bayramın təkcə romantik deyil, həm də ironik tərəfini üzə çıxarır: “Kişi dedi, arvadıma 100 manatlıq, sevgilimə isə 50 manatlıq buket bağlayın. Dedi, evə bahalı verin, qırağa ucuz olsun…”

Bu cümlə bir anlıq mağazadakı ətirli havanı dəyişir...

Satıcıların sözlərinə görə, əsas alıcılar 40 yaşa qədər olan kişilərdir. Daha yaşlı nəslin içində isə yalnız imkanlılar gülə ciddi məbləğ xərcləyir: “Bəzən kişi deyinə-deyinə ən ucuz buketi istəyir. Maddi durum hər şeyi müəyyənləşdirir”, -deyirlər.

Satıcıların sözlərinə görə, Azərbaycanda qadınların gülə marağı o qədər də yüksək deyil: “Rus ailələr gələndə hətta 3 yaşlı uşaqdan hansı rəngi bəyəndiyini soruşurlar. Bizdə isə uşaqların gülə marağı azdır. Çünki ailələr belə böyüdüb”, – deyə satıcı qeyd edir.
Dekabrdan martın sonunadək qiymətlərin yüksək qalmasının səbəbi də tələbatdır. Bu aylarda həm idxal güllərə, həm də Maştağa, Nardaran, Mərdəkan kimi kəndlərdən gətirilən yerli məhsullara maraq artır.

Beləcə, fevralın 14-ü yaxınlaşdıqca şəhərdə sevgi ilə yanaşı qiymətlər də yüksəlir. Kimisi sevgi etirafını bir qızılgüllə edir, kimisi yüzlərlə güllə. Amma dəyişməyən bir həqiqət var, qadın üçün ən böyük sevgi onun özünə mərhəməti və şəfqətidir.

Tehsil-press.az

Oxşar xəbərlər