Bu barədə “IFLScience” nəşri yazıb.
ABŞ niyə süni ionosfer yaratmaq istəyirdi?
Məlumata görə, Soyuq müharibə dövründə ABŞ da SSRİ kimi uzaq məsafələrə rabitə qurmaq imkanlarında məhdudiyyətlərlə üzləşirdi. ABŞ digər ölkələrlə əsasən sualtı kabellər vasitəsilə və ya radio siqnallarını ionosferdən əks etdirməklə əlaqə saxlayırdı.
Vaşinqton bu vəziyyətdən tam razı deyildi. Sualtı kabellər zədələnə bilərdi, ionosfer vasitəsilə rabitə isə müxtəlif maneələrə qarşı həssas sayılırdı. ABŞ xüsusilə aşağı Yer orbitində mümkün nüvə partlayışlarının radioəlaqəni poza biləcəyindən narahat idi.
Bildirilir ki, ABŞ hərbçiləri və Massaçusets Texnologiya İnstitutunun alimləri bu problemin həlli kimi süni ionosfer yaratmağı təklif ediblər. Plan orbitə böyük miqdarda mis iynə buraxmaq və onların radio siqnallarını əks etdirməsindən istifadə etmək idi.
Bu ideya dərhal astronomların narahatlığına səbəb olmuşdu. Onlar belə dipolların teleskop müşahidələrinə mane ola biləcəyini, həmçinin peyklər üçün risk yaradacağını düşünürdülər.
Layihənin sınaq mərhələsində iynələrin qısa müddətdə təbii şəkildə orbitdən çıxaraq Yerə düşəcəyi nəzərdə tutulurdu.
Eksperiment necə baş tutdu?
1961-ci ildə ABŞ Hərbi Hava Qüvvələri orbitə milyonlarla xırda mis iynə buraxmağa cəhd etdi, lakin ilk sınaq uğursuz oldu və iynələr planlaşdırıldığı kimi buraxılmadı.
Sonradan xüsusi naftalin əsaslı gel-dispenser hazırlandı. Kosmosda tez buxarlanan bu maddə iynələrin yayılmasını təmin etməli idi. 1963-cü ildə “West Ford” adlı layihə çərçivəsində 120-215 milyon mis iynə uğurla orbitə çıxarıldı.
Plan üzrə iynələr kosmosda tədricən yayılmalı və Yer stansiyalarından göndərilən radio siqnallarının ötürülməsində istifadə olunmalı idi.
Massaçusets Texnologiya İnstitutunun Linkoln laboratoriyasının sabiq direktor müavini Donald Maklellanın sözlərinə görə, belə rabitə üçün yüksək gücləndirici antenlər (0,15° şüa eni), güclü ötürücülər və müəyyən kosmik həcmdə yerləşən kifayət qədər dipol hissəcikləri tələb olunurdu.
Bildirilir ki, sistem səs, mətn və məlumat ötürülməsi ilə sınaqdan uğurla keçib. Bununla belə, orbitə buraxılan mis iynələrin əhəmiyyətli hissəsi kosmosda qalmağa davam edib.
NASA-nın açıqlamasına görə, Günəş radiasiyasının təsirinə baxmayaraq bu iynə yığınları gözlənildiyi qədər tez parçalanmayıb. Hazırda Yer orbitində 46 belə klaster qalır və onlardan yalnız doqquzu 2000 kilometrdən aşağı perigeyə malik orbitdədir.
Tehsil-press.az









