Onların bu hərəkəti ABŞ qanunvericiliyi və beynəlxalq təhlükəsizlik normalarına açıq hörmətsizlik kimi qiymətləndirilir. Xaricdə ölkə əleyhinə kampaniya aparan bu cür ünsürlərin davranışı bir daha göstərir ki, məqsəd fikir ifadə etmək deyil, diqqət çəkmək və təxribat yaratmaqdır. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə koordinasiyalı şəkildə operativ müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar. Peşəkar və soyuqqanlı davranış nəticəsində təxribat cəhdinin qarşısı alınıb.
Maraqlıdır, bu təxribatə törətməyə cəhd edənlər kimlərdir? Onlar nəyə görə Azərbaycanın beynəlxalq imicini zədələməyə çalışırlar?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Vaşinqtonda baş verən insident ətrafında aparılan informasiya kampaniyası Azərbaycana qarşı qərəzli yanaşmaların hələ də davam etdiyini göstərir.
Onun sözlərinə görə, Azərbaycanla bağlı məsələlər beynəlxalq informasiya məkanında tez-tez siyasi manipulyasiya predmetinə çevrilir:
“Hadisənin mahiyyəti obyektiv şəkildə araşdırılmalı, yalnız bundan sonra hüquqi və siyasi qiymət verilməlidir. Təəssüf ki, baş verən təxribatın məqsədli şəkildə siyasiləşdirilməsi və kontekstdən çıxarılaraq təqdim olunması açıq şəkildə müşahidə olunur. Bununla yanaşı qeyd etməliyəm ki, Prezidentin təhlükəsizlik xidməti bu insident zamanı yüksək peşəkarlıq nümayiş etdirdi. Dövlət başçısının və rəsmi nümayəndə heyətinin təhlükəsizliyi çevik və koordinasiyalı şəkildə təmin olundu. Bu fəaliyyət tam beynəlxalq standartlara uyğundur və Azərbaycan təhlükəsizlik strukturlarının xarici səfərlər zamanı sistemli və peşəkar işlədiyini bir daha təsdiqləyir”.
Deputat diqqətə çatdırıb ki, ABŞ-da erməni lobisinin fəal simalarından olan Frank Pallone və ANKA təşkilatı hadisəni təxribatçı kontekstdə təqdim etməyə çalışıblar:
“Bu, yeni yanaşma deyil. Azərbaycanla bağlı hər hansı epizoddan istifadə edərək siyasi kampaniya qurmaq, daxildə müəyyən şəxsləri və xarici dairələri prosesə cəlb etmək uzun illərdir müşahidə olunur. Bugünkü hadisə ilə bağlı informasiya manipulyasiyaları reallığı təhrif edir, faktları kontekstdən çıxarır və ictimai rəyi başqa istiqamətə yönəltməyə xidmət edir. Halbuki beynəlxalq münasibətlərdə əsas prinsip faktlara söykənmək, hüquqa əsaslanmaq və dövlətlərin suverenliyinə hörmət etməkdir”.
A.Nağıyev vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetləri suverenlik, ərazi bütövlüyü, milli-mənəvi dəyərlərə sadiqlik və Azərbaycan vətəndaşının rifahıdır:
“Biz hüquqi dövlətdə yaşayırıq və hüquqa əsaslanan siyasət yürüdürük. Dövlət institutlarımızın koordinasiyalı fəaliyyəti və Azərbaycanın prinsipial mövqeyi bu kimi təxribatların qarşısında ən güclü cavabdır. Cənab Prezident İlham Əliyevin siyasəti süverenlik, ərazi bütövlüyümüz, eyni zamanda milli mənəvi dəyərlərə sökənməkdir. Biz hüquqi dövlətdə yaşayırıq və hüquqa əsaslanan siyasət yürüdürük".
Tehsil-press.az










