Məruzəçi, kafedranın doktorantı Xanımbacı Məmmədova mövzu ilə bağlı çıxış edib. O bildirib ki, müasir dövrdə bioetanolun yanacağa çevrilməsi prosesində seolitlər yüksək turşuluq və selektiv məsamə quruluşuna malik katalizatorlar kimi mühüm rol oynayır. Bu katalizatorlar dehidratlaşma, krekinq və aromatikləşmə reaksiyalarını sürətləndirərək bioetanolun karbohidrogenlərə, o cümlədən benzin fraksiyalı məhsullara çevrilməsini təmin edir. Bərpa olunan xammal bazasına əsaslanan yanacaq texnologiyalarının inkişafı müasir enerji keçidi şəraitində xüsusi aktuallıq kəsb edir.
Seminarda seolit əsaslı katalitik dehidratlaşma üsulları, eləcə də ZSM-5 tipli seolitlər üzərində həyata keçirilən birbaşa ethanol-to-hydrocarbons (ETH) prosesi haqqında məlumat verilib. Bildirilib ki, prosesin effektivliyi katalizatorun turşuluq dərəcəsi, məsamə quruluşu və metal modifikasiyası ilə müəyyən olunur.
Vurğulanıb ki, seolit katalizatorları bioetanolun yalnız alternativ yanacaq kimi deyil, həm də neft-kimya sənayesi üçün davamlı xammala çevrilməsində mühüm əhəmiyyət daşıyır. Bu yanaşma bərpa olunan xammalın mövcud yanacaq sisteminə inteqrasiyasına imkan yaradaraq davamlı enerji modelinə keçid baxımından strateji əhəmiyyət kəsb edir.
Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Tehsil-press.az










