Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova “Elm günü”nün əhəmiyyəti, ölkəmizdə elm sahəsi ilə bağlı dövlət siyasəti haqqında məlumat verib.
Daha sonra Mənbəşünaslıq, tarixşünasliq və metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Aydın Məmmədov mövzu üzrə məruzə edib. O bildirib ki, müasir tarix elmi bir tərəfdən toplanmış təcrübənin ümumiləşdirilməsi, digər tərəfdən nəzəri və konseptual xarakter daşıyan fundamental problemlərin dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsi ilə xarakterizə olunur. Bir sıra tarixi hadisələrin elmi obyektiv təhlili onları ideoloji doqmalardan və subyektivlikdən təmizləməyi, o cümlədən problemə dəqiq elmlərin elmi metodologiyası baxımından yanaşılmasının tələb edir. Məhz bu mənada riyaziyyat tarixçilərə əhəmiyyətli dərəcədə kömək edə bilər. Elmlərin şahı adlandırılan riyaziyyatın digər elmlərin öyrənilməsində də böyük rolu var. Müasir tarix elmində riyaziyyat mürəkkəb problemləri həll etmək üçün ən optimal vasitələrdən biridir. Qədim dövrlərdən bəri insanlar kainatın yaradılışının sirrini riyazi təfəkkürə söykənərək açmağa, izah etməyə cəhd ediblər. Riyazi təfəkkür tərzi nəinki mürəkkəb hesablamalar aparmaqda, sosial-iqtisadi və siyasi-ictimai problemlərə də çevik və rasional yanaşmada misilsiz rol oynayır. Tarix elminin demək olar ki, bütün sahələrində, ayrı-ayrı tarixi obyektlərin tədqiqi zamanı riyazi metodlardan istifadə son dərəcə böyük əhəmiyyət kəsb edir.
Tehsil-press.az







