İmtahan şoku: Suallar niyə bu qədər çətin idi?

İmtahan şoku: Suallar niyə bu qədər çətin idi? Ötən gün keçirilən buraxılış imtahanından sonra müəllimlər və abituriyentlər arasında geniş müzakirələr başlayıb. İmtahanda iştirak edənlərin ilkin rəylərinə görə, sualların bir qismi əvvəlki illərlə müqayisədə daha çətin və vaxt aparan olub. Xüsusilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə təqdim olunan tapşırıqların abituriyentlər üçün əlavə çətinlik yaratdığı bildirilir.

Abituriyentlərin sözlərinə görə, Azərbaycan dili fənni üzrə qrammatika suallarının səviyyəsi adi buraxılış imtahanlarından daha yüksək olub və bəzi tapşırıqların 3-cü ixtisas qrupu səviyyəsinə yaxın olduğu qeyd edilir. Bundan əlavə, imtahanda verilən mətnlərin həcmcə böyük olması səbəbindən bir çox iştirakçı vaxt çatışmazlığı ilə üzləşib. Onların fikrincə, son iki ilin imtahanları ilə müqayisədə bu dəfə suallar daha çətin təqdim olunub.

Riyaziyyat fənni üzrə tapşırıqların ümumi səviyyəsi orta qiymətləndirilsə də, imtahanın son hissəsində yerləşdirilən sualların daha mürəkkəb və vaxt aparan olduğu vurğulanır. İmtahanda iştirak edənlərin sözlərinə görə, xüsusilə son 5-6 sualın həlli üçün daha çox vaxt tələb olunub və bir çox abituriyent həmin tapşırıqları tamamlaya bilməyib.

İngilis dili fənni üzrə sualların isə əvvəlki imtahanlarla müqayisədə bir qədər çətin olduğu qeyd olunur. Rus bölməsində isə fərqli vəziyyət müşahidə olunub: rus dili və ingilis dili sualları nisbətən asan qiymətləndirilsə də, riyaziyyat fənni abituriyentlər üçün daha çətin hesab edilib. Ümumilikdə müəllimlərin və abituriyentlərin ilkin rəylərinə görə, bu ilki buraxılış imtahanı keçən ilki imtahanla müqayisədə daha çətin olub.

Məsələ ilə bağlı təhsil eksperti Fuad Hacıyev açıqlamasında Dövlət İmtahan Mərkəzinin sualları bu şəkildə təqdim etməsini tənqid edib. Onun sözlərinə görə, buraxılış imtahanının məqsədi şagirdlərin məktəbdə əldə etdiyi baza biliklərini yoxlamaqdır və sualların səviyyəsinin süni şəkildə ağırlaşdırılması doğru yanaşma hesab edilə bilməz.

Ekspert bildirib ki, xüsusilə Azərbaycan dili fənnində qrammatika suallarının ixtisas qrupları səviyyəsinə yaxınlaşdırılması və uzun mətnlərin təqdim edilməsi buraxılış imtahanının mahiyyəti ilə tam uyğun gəlmir:

“Buraxılış imtahanı qəbul imtahanı deyil. Onun əsas məqsədi şagirdlərin məktəb proqramını hansı səviyyədə mənimsədiyini müəyyənləşdirməkdir. Əgər suallar ixtisas qrupları səviyyəsinə yaxınlaşdırılırsa və mətnlər həddindən artıq uzun verilirsə, bu zaman imtahan şagirdlərin biliklərini yoxlamaqdan çox onları vaxtla yarışa məcbur edir”.

Fuad Hacıyev hesab edir ki, sualların çətinlik səviyyəsi ilə imtahan üçün ayrılan vaxt arasında balansın pozulması abituriyentlər üçün ciddi problemlər yaradır. Onun fikrincə, belə vəziyyət imtahanın obyektivliyinə də müəyyən suallar doğura bilər:

“İmtahan modelləri hazırlanarkən həm məktəb proqramı, həm də abituriyentlərin real hazırlıq səviyyəsi nəzərə alınmalıdır. Sualların həddindən artıq çətin təqdim edilməsi imtahanın əsas məqsədinə uyğun gəlmir və bu məsələyə yenidən baxılması vacibdir”.

Tehsil-press.az

Oxşar xəbərlər