“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi davam edir

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi davam edir Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsi davam edir.
İyunun 7-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində Etno-Ekoloji Mərkəzdə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin Bakı zona mərhələsi keçirilib. Bu mərhələdə Bakı şəhəri ilə yanaşı, ətraf rayonlardan da məktəblilər iştirak ediblər.
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən müsabiqə aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, bilik və bacarıqlarını genişləndirmək məqsədilə təşkil edilib.
Müsabiqə iki mərhələ və 9 nominasiya üzrə keçirilir. Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər. 1270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər.
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət münsiflər heyətinin ekspert qrupu tərəfindən müsabiqənin Bakı zona mərhələsinə təqdim olunan işlər 100 bal sistemi üzrə qiymətləndirib. 50-dən artıq bal toplayan məktəblilər 2016-cı ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək müsabiqənin Respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.


“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi davam edir


“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi davam edir

Oxşar xəbərlər