Bəlkə hamımız etiraflardan başlayaq?..

Bəlkə hamımız etiraflardan başlayaq?.. Əvvəlcə hamınızdan bir ricam olacaq: internetdə rəhmətlik şairimiz Tofiq Bayramın “Valokardin” şerini tapıb oxuyun: həqiqətən də zaman sərhədləri bilməyən şeirlər, poemalar, romanlar olur...

Belədəsə, etiraf edim ki, tamam dəqiq bilmirəm, elmi, akademik sosiologiyada belə şey var, ya yox? Amma bir ara rusiyalı sosioloqlar ciddi şəkildə bir ictimai–siyasi fenomeni araşdırırdılar və adına da “belə istəyirdilər, başqa cür alındı” deyirdilər. Bunu niyə söyləyirdilər?

Siyasətdə heç də həmişə niyyətlərlə nəticələr adekvat olmur, bəzən siyasətçinin səyləri az qala, istədiyinin əksi olur. Bunu hərdən bir az da kəskin ifadə edir və deyirlər ki, təəssüf, cəhənnəmə aparan yol bəzən xoş niyyətlərdən keçir.

Məsələnin daha konkret, sırf günümüzlə və ya özümüzə bağlı məqamlarına gəldikdə, AXC-nin bir illik (92 – 93) hakimiyyəti haqqında az yazılmayıb və danışılmayıb, amma baxırsan, biri total şəkildə söyür, digəri tərifləyir, həqiqətsə həmişə olduğu kimi, tamam başqa tərəfdədir.

Maraqlısı budur ki, azərbaycanlıların hamısı, az qala, musiqiçilər də “qeyri-səlis məntiq” üzrə böyük mütəxəssis olublar. Görünür, bu haqda da nə vaxtsa yazmaq lazım gələcək, amma indi dediyim sadəcə, budur ki, həqiqətən belədirsə, bəs niyə bu, sizin həyata, proseslərə və insanlara baxışınızda özünü göstərmir? Axı həmvətənlilərimizin az qala, 90 faizi ikicə “rəng” bilir: ağ və qara...

Yox, buradakıları qətiyyən hansısa cari siyasi konyunktura motivlərindən yazmayacam, azacıq insafı olanlar bilir ki, belə adam deyiləm və bir də heç vaxt özümü Azərbaycandakı o dövrki milli azadlıq hərəkatından ayırmamışam və indi də ayırmıram, hərçənd, lap əvvəldən çox məsələlərə münasibətdə təftişçi (dostlar zarafatla deyirdilər ki, camaat bir siyasi cəbhədə, sənsə iki siyasi cəbhədə “vuruşursan”) mövqe tutmuşam, daim özüm üçün hansısa suallara cavablar axtarmışaım.

Bəzisi indi də rahatlıq vermir, hey təqib edir, çünki çox şeylər başa çatdırılmadı (əslində heç tamam çatdırıla da bilərdimi?) və yaxud bəlkə burada da “belə istənilirdi, başqa cür alındı” fenomeni göstərdi özünü?

Ölkədə yenə müəyyən (hətta sıravi siyasi təhlilçi-müşahidəçi kimi deyərdik ki, bir az da qarmaqarışıq) proseslər gedir və bütün bunların yalnız yekunundan sonra konkret nəsə demək mümkün olacaqdır.

Əsas problem bilirsiniz, nədir? Ölkədəki hazırki siyasi model, siyasi münasibətlər də bəzi yüksək çinli keçmiş məmurlarla bağlıdır və yaxşı olmazmı bunlar da çözülsün, onlardan da imtina edilsin, siyasi partiyaların, xüsusən də azad medianın normal fəaliyyəti bərpa olunsun, bəzi məmurların hələ də hər yerə uzanan əlləri “kəsilsin”, ən müxtəlif sferalara hələ də davam edən qanunsuz müdaxilələrə, nəhayət ki, son verilsin, yoxsa bu da növbəti “Vəli getdi, Əli gəldi” məsələsi olacaq və yenə heç nə kardinal şəkildə dəyişməyəcək.

İnanın, ölkədəki indiki siyasi münasibətlər bütöv bir “ideologiya”dır və bunu bir cümlə ilə belə ifadə etmək olar: çox təəssüf, bəzi böyük məmurlar deyir ki, siyasətçi də özüməm, məmur da, biznesmen də, alim də, hətta jurnalist də!..

Təkrar soruşuruq: bunlara da heç olmasa, tədricən son deməyin vaxtı çatmayıbdırmı? Axı bu münasibətlər də Göydən əta olmayıb, onları da vaxtilə müəyyən məmurlar yaradıblar.

Buna görə deyirik ki, hamılıqla etirafların vaxtıdır. Hamımızın səhvləri olub. Əvvəl özümüzdən başlayaq.

AXC-nin hakimiyyəti əslində demokratların hakimiyyəti olmalıydı, buna da iddialı idi. Amma onda da bəzi qaragüruhçu “funksioner”lər onu faktiki polis rejiminə çevirdi və paradoksal olsa da, demokratiya əvəzinə gənc ölkədə ilk polis dövləti - rejimi yarandı.

Təsəvvür edin, hətta kağız üzərində belə mövcud olmayan bəzi icra strukturların öz polisi yaranmışdı, indinin özündə ekzotika kimi görünən “ekoloji polis” yaratmaq planları da vardı.

Bu xüsusda nə qədər istəsəniz “nöqsanlar” sadalayaram: bəzi “nazir”lərin qəzet redaksiyalarına silahlı reydlərindən tutmuş, senzuranın təkrar tətbiqinə qədər!

Amma lüzum yoxdur, mənsiz də bilirsiz. Tək onu deyim ki, o vaxt da demokratik medianın ömrü çox çəkmədi, onda da AXC-dəki bəzi qaragüruhçular hətta deyirdilər ki, qəzetləri gətirsinlər, biz baxaq, görək, nəyi buraxmaq olar, nəyi olmaz?..

Polislər az qala, hər həftə yeni yaranmış ticarət mərkəzlərində - “tolkuçka”larda “oblava”lar keçirirdi. İradarı da bilirsiniz, nəydi? “Ölkə müharibə aparır, bunlarsa alverlə məşğuldur!”..

Belə götürəndə, yazıq adamlar neyləməlidilər? Yoxsa acından ölməlidilər? Artıq sovet quruluşu yox idi, ölkə addım-addım kapitalizmə gedirdi. Bundan sonra insanların bəzisi hətta küçədə göyərti də satacaqdı, digərləri özləri üçün dükan da tikəcəkdi, nisbətən imkanlıları və savadlıları zavod, fabrik, daha böyük biznes strukturları yaradacaqdı. Başqa necə ola bilərdi axı, məgər özümüz bunu istəmirdikmi?

Başa düşmək, qəbul etmək istəmirdilər ki, daha “alver” və “alverçi” sözləri keçmişdə qaldı, buna artıq kiçik biznes -ticarət deyilməli və bazar iqtisadiyyatının ilk rüşeymləri kimi də qəbul olunmadır.

İnsan ticarətlə məşğul olursa, o demək deyil ki, ölkənin dərdlərinin ona dəxli yoxdur və yaxud o, Qarabağın qaytarılmasını istəmir!

Məgər kapitalist ölkələrində insanlar vətənlərini və torpaqlarını qorumurlar? “Povestka” alanda bu adamlar da cəbhəyə gedəcəklər, odur, “oblava” keçirməkdənsə, hərbi çağırışları qaydaya salın...

İnanmazsız, o vaxt bəzi hərbi komissarlıqlar hətta “povestka”ları da gətirib AXC - nin rayon şöbələrinin üstünə atırdılar ki, gedin, paylayın, məgər Cəbhə deyilsiniz?

İnanmazsınız, ölkənin az qala, yarısı polis idi, amma polis şöbələri şikayətə gəlmiş insanların bəzisini AXC-yə yollayırdı ki, gedin, Cəbhə həll etsin sizin problemlərinizi!..

İndi adama gülməli gəlir, şəxsən özüm iki dəfə qonşular arasındakı münaqişəni həll etməyə getmişdim! Bir dəfə də bir rusun mənzilinə girmişdilər və adamı öz evinə buraxmırdılar! Məni yolladılar ki, get, məsələni həll et! Gülməlidir, deyilmi?..

Onda deyirdik ki, qardaşlar, AXC siyasi təşkilatdır, bunlarla məşğul olmaq üçün dövlət qurumları yoxdurmu? Var idi, amma onların çoxu dövlətin işini “SABOTAJ” etməklə (daha çox köhnə məmurlar!) məşğul idi, qalanlarsa hökumət işində təzə idilər və çox şeyi bacarmırdılar, nəsə “bacaran”larınsa ağlına gələn “tolkuçka”da “oblava” keçirmək idi: necə deyərlər, qaş düzəltmək əvəzinə gözü də çıxarırdılar...

Niyə deyirəm bunu? Kiminsə xoşuna gəlməkçün? 61 yaşım var, bundan sonra sözlərim kiminsə xoşuna gəlsə belə nə olacaq?

Həm də demirəm ki, guya mən hər şeyi bilir və bacarırdım! Tövbə və yenə də tövbə!

Mənə də o vaxtki statusuma uyğun bir-iki təklif olmuşdu, hətta keçmişdəki dostların da çoxu müxtəlif vəzifələrə getmişdilər. Prinsipcə, düz də etmişdilər, kimsə vəzifəyə getməlidi, ya yox? Baxın, qonşu Gürcüstanı neçə illərdir, pis-yaxşı, gənc adamlar idarə edirlər. Sadəcə, mən dedim ki, məmurluq mənlik deyil, bacarmaram və indi də o fikirdə qalıram. İnanın, böyük vəzifələri icra etmək daha asandır, nəinki kiçik-bunu sosial psixologiya üzrə mütəxəssislər deyir.

Həm də bunlar ürəkağrıdan xatirələrdir, ona görə dedim ki, Tofiq Bayramın şerini oxuyun. Demirəm, indi hər şey çox yaxşıdır, yox, əsla belə deyil, problemlərimiz xirtdəyəcəndir. Amma bəzi şeylər müəyyən çərçivəyə salınıb, ölkə idarəolunan durumdadır. Bu da böyük işdir, çünki ingilisin məşhur sözü var: istənilən qayda qaydasızlıqdan yaxşıdır...

Amma qaydasızlıqlar da çoxdur və belə vəziyyət yalnız nəyinsə ərəfəsi ola bilər və bu “nəsə” məsələsi də bizdən asılıdı: proses yaxşı istiqamətə də, pis istiqamətə də yönələr! Odur, onları aradan qaldırmağa başlamalıyıq. Jurnalistdən də çox, vətəndaş kimi deyirik ki, indiki siyasi reallıqlar, münasibətlər ölkəni normal səmtə aparmır.

İnanın, hər şeyi başa düşürük. Bəzisi deyir ki, guya Qarabağ da nə vaxtsa qayatarılacaqdı! Qətiyyən belə deyil, prezident İlham Əliyev həqiqətən çox böyük iş gördü, Qarabağı erməni separatçılarından tamam təmizlədi, onu azad etdi! Bu işin hətta böyük regional nəticələri də var və hələ bundan da sonra da çox olacaq. Birmənalı şəkildə demək olar ki, Cənubi Qafqazda siyasi iqlimi Bakı müəyyən edir.

Düzdür, demək olar ki, əvvəllər də belə idi. Rusiyalı politoloqların məşhur deyimi vardı: “Heydər Əliyev asqırdı, Qafqazda hərarət qalxdı!” İndi əvvəlki dövrə nisbətən Bakı daha aktiv siyasi vektora çevrilib və bunu görməmək, sezməmək mümkün deyil, istər müxalif düşüncəli ol, istərsə də hakimiyyətyönümlü: o şeylər ki, həqiqətən Azərbaycan üçün edilir, onları görməyi bacarmaq lazımdır.

İndi ölkəni tədricən normal siyasi relslərə qaytarmaq lazımdır və ən böyük problem də ondadır ki, bəzi böyük siyasi məmurlar vəzifələrindən getsələr də onların “siyasi irsi”, qurduqları siyasi model qalır.

Bir ara həmin məmurlar hər şeyə qarışır və hər şeyi özlərinə sərf edəcək şəkildə reqlamentləşdirməyə çalışırdılar.

Məsələn, deyirdilər Azərbaycan jurnalistləri peşəkar deyil! Onda da soruşurduq ki, qardaşlar, haradan bilirsiniz, peşəkar jurnalistika nədir? Dünyanın hansı yerində məmurlar jurnalistə nədən yazmaq bir tərəfə, hətta necə yazmağı öyrədirlər? Dövriyyəyə söz buraxmışdılar; “sarı mətbuat”! Bununla bağlı da deyilirdi ki, bir baxın Dünyaya, görün, “sarı mətbuat” nəyə deyilir? O vaxt Azərbaycanda nüfuzlu mediada belə şey vardımı?..

Ürəkağrıdan bilirsiniz, nədir? Normal media “budandı”, məhdudlaşdırıldı və nəticədə sosial şəbəkələrdə həqiqətən “sarı media” yarandı. Bunu istəyirdinizmi?..

Məmurların əlindən bəlalar yaşayan tək jurnalistlərdimi? Biznes adamları onlardan razıdırmı? Hətta alimlər onlara “sağ ol!” deyirmi? Hər şey yana, ali məktəblərdə kafedralara da məmurlar rəhbərlik edir! Nə qədər yazılıb bu haqda! Qardaş, axı sutkada cəmi 24 saat var və adam bu qədər işi necə çatdıra bilər?

Ən əsası: insanın tamahı nə qədər olar? Çoxunun “elmlər doktoru” dərəcəsi olsa da heç vaxt əsl alim və elm görməyiblər. Pul saymağa ara verib hərdən Dünyaya da baxın: heç belə şey varmı ki, haralardasa məmur həm siyasətçi, həm biznesmen, həm alim, hətta “media eksperti” olsun? Nə vaxt “vergi” verildi, hansı “bulaq”dan su içdilər bunlar? Çox yox, bircə il elmdən uzaqlaşan əsl alim anlayır ki, həmkarlarından geri qalıbdır, çünki əsl elmdə elə böyük bir sürət var ki...

Məmur–biznes söhbətinin incəliklərinə gəldikdə, böyük dərddir və çarəsi də hələki internetdə Tofiq Bayramın “Valokardin” şerini tapıb oxumaqdır.

Bircə söz deyəcəm. Məsələn, çoxu düşünür ki, guya korrupsiya söhbətilə, Kiyevə təzyiq etmək istəyirlər. Belə meyllər də var, amma problem həqiqətən böyükdür axı: müharibədən udan hələ bir Moskvadır, bir də ukraynalı məmurlar, oliqarxlar!..

Daim yazırıq ki, korrupsiya milli təhlükəsizlik problemidir: Vallah, bir gün milyardlar çox yerlərdə oliqarx məmurları qudurdacaq...

Bilirsinizmi, niyə? Bizdə ən çox tanınan əcnəbi politoloq hələki Bjezinskidir. Amma həmin Bjezinski onu da deyirdi ki, korrupsiya bəzi ölkələri idarə etmək üçün ən yaxşı vasitədir! Nəticəsi sizlikdir...

Tehsil-press.az

Oxşar xəbərlər